Məhkəmə qərarları › İş №3(050)-2201/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2201/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2201/2024 09.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Masallı rayon Polis şöbəsinin Dövlət yol polis bölməsinin baş dövlət avtomobil müfəttişi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Masallı rayonu, Mollaoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Mollaoba kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 06 dekabr 2024-cü il tarixli protokola əsasən Şəxs 05 dekabr 2024-cü il tarixdə, saat 14:45-də “Mercedes Benz C 230” minik markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, etibarnamə olmadan idarə etməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olan inzibati xətanı törətmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində göstərilən inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Masallı rayon Polis şöbəsinin Dövlət yol polis bölməsinin baş dövlət avtomobil müfəttişi X3 izahatında bildirdi ki, 05 dekabr 2024-cü il tarixdə Şəxs idarə etdiyi “Mercedes Benz C 230” minik markalı avtomobillə “Kia Optima” markalı avtomobillə toqquşması nəticəsində həmin avtomobil “Lada” markalı avtomobillə toqquşmuşdur. Zərbənin nəticəsində “Kia Optima” markalı avtomobil ağaca çırpılmış, “Lada” markalı avtomobil isə fırlanaraq “Mercedes Benz C 230” minik markalı avtomobilə dəymişdir. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəysə də, xəsarət alan olmamışdır. Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, 05 dekabr 2024-cü il tarixdə etibarnamə olmadan “Mercedes Benz C 230” minik markalı, **-FX-*** dövlət nömrə nişanlı avtomobillə Ərkivan qəsəbəsində hərəkətdə olarkən qarşıdan yolun hərəkət hissəsinə avtomobil çıxdığı üçün qarşıdakı “Kia Optima” markalı avtomobil əyləcdən istifadə etmiş, lakin o, ara məsafəsi saxlamadığından avtomobili saxlaya bilməmiş və “Kia Optima” markalı avtomobillə toqquşmuşdur. Qəsəbə daxili surət həddi 60 km/saat olsa da, o, avtomobili təxminən 90 km/saat surətlə idarə etmişdir. Zərbənin təsirindən “Kia Optima” markalı avtomobil “Lada” markalı avtomobilə dəymiş, sonra ağaca çırpılmışdır, “Lada” markalı avtomobil isə fırlanaraq onun avtomobilinə dəymişdir. Hadisə nəticəsində avtomobillərə dəymiş ziyanı ödəməmişdir. Onun ödənilməmiş cərimələri olduğu üçün nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Hazırda onun bir il ərzində 1800 manat cəriməsi var və işləmədiyi üçün cəriməni ödəyə bilməmişdir. Məhkəmədən cərimə cəzasının təyin olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görəbeş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal və İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 3(050)-177/2024 nömrəli, 02 fevral 2024-cü il tarixli qərarından görünür ki, Şəxs inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu ödədiyinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilmişdir. - Masallı rayon Məhkəməsinin 3(050)-1132/2024 nömrəli, 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, Şəxs inzibati xəta haqqında iş üzrə tətbiq edilmiş cəriməni və dəbbə pulunu ödədiyinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilmişdir. - Masallı rayon Məhkəməsinin 3(050)-1414/2024 nömrəli, 18 iyul 2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun mütəmadi olaraq yol hərəkəti qaydalarını pozduğuna görə barəsində tənbeh tədbirləri tətbiq edilməsini, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıldığını bildiyi halda nəqliyyat vasitəsini sürücülük hüquq və etibarnamə olmadan idarə edərək yolhərəkəti iştirakçıları üçün təhlükə yaratmasını, baş vermiş inzibati xəta nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməməsini, hal-hazırda yol hərəkəti qaydalarını pozduğuna görə 1800 manat ödənilməmiş cəriməsinin olduğunu, hazırda cərimə olunacağı təqdirdə işləmədiyi üçün cəriməni ödəyəcəyinin inandırıcı olmayacağını nəzərə alaraq, İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. İş materiallarından müəyyən olunur ki, Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 09 dekabr 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materiallarında olan “Avtoservis” T.X.S tərəfindən verilmiş arayışdan görünür ki, Lada 21723 markalı avtomobilə 3995 manatməbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxslər Əzizov Fərid hakim oğluna və X2 dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 09 dekabr 2024-cü il tarixdən, saat 11:30-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar