Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2203/2025 06.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti, ev 153-də yeləşən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş inzibati xəta haqqında 03 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1i ünvanında xx.xx.2025-ci il tarixində saat 15:00-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması, reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkar edilmişdir. Bu hərəkəti ilə Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə bildirdi ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunun tələblərinə uyğun olaraq ünvan 1ində yerləşən Şəxs MMC-yə məxsus aptek təşkilatında plan üzrə yoxlama keçirilmiş və keçirilən yoxlama zamanı aptek təşkilatlarına dair tələblərin pozulması, eyni zamanda reseptlə buraxılan dərman vasitəsinin reseptsiz buraxılması faktı aşkar edilmişdir. Bunlarla bağlı sübut çek, kassa qəbzi materiallara əlavə edilmişdir. Belə ki, həm yoxlama aktında həmdə satış qəbzində adları qeyd olunmuşdur ki, resept əsasında buraxılmalı olan natrioxlorid, deksametazol, korqilkon adlı dərman vasitələri reseptlə buraxıldığından onların reseptsiz satışı aşkar edilmiş və müvafiq pozuntu qeydə alınmışdır. Reseptlər əvvəllər kağız reseptləri idisə indi artıq 2023-cü ildə qanunvericiliyə dəyişiklik olunmuş artıq elektron reseptə keçid təmin olunmuşdur və artıq kağız reseptlər resept kimi tanınmır, aptek özü elektron resept sisteminə qoşulmalıdır, ümumiyyətlə qoşulma yoxdur və elektron reseptdə aptekə təqdim olunmamışdır. Digər pozuntu isə aptek təşkilatlarına dair pozuntudur. Aptek təşkilatlarına dair tələblər Səhiyyə Nazirliyi Kollegiyasının 01 nömrəli 2018-ci il tarixli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarda müxtəlif məsələlər tənzimlənir. Ümumiyyətlə aptekin qurulması, dərmanların keyfiyyətinin təmin edilməsi ilə bağlı tələblər müəyyən edir. Həmin tələblərin pozulması qismində müfəttişlər tərəfindən tərtib olunmuş yoxlama aktında konkret olaraq qeyd olunmuşdur hansı hissələrdə pozulmuşdur. Belə ki, “sevnaya maz” adlı dərman vasitələrinin saxlama şəraitinin saxlama şəraitinin pozulması aşkar olunmuşdur. Belə ki, həmin dərman vasitəsinin qablaşdırılması üzərində qeyd olunur ki, 15 dərəcəyə kimi saxlanılmalıdır. Termolabil dərman vasitələri sayılır, soyuducuda saxlanılmalıdır həmin dərman vasitələri, soyuducuda deyil satış salonunda dolabda aşkar edilmişdir. Satış eyni zamanda əlavə sübut kimidə daha etibarlı olsun deyə həmin satış salonunda tempratur göstərən göstəricinin fotoşəkili çəkilmiş materiala əlavə edilmişdir ki, həmin vaxt otağın tempraturu 22 dərəcə olmuşdur. Ümumiyyətlə ciddi pozuntudur, çünki dərman preparatının düzgün saxlanılma şəraitinə riayət olunmaması dərmanın keyfiyyətinə təsir göstərir. Aptekin məqsədi əhaliyə keyfiyyətli dərman vasitələrinin çatdırılmasıdır. Digər pozuntu isə aptekin otaqlarının quruluşu ilə bağlıdır. Belə ki, orda divarların, döşəmənin nahamar olması, nəm təmizləməyə davamlı olmaması, çatları olduğu aşkar edilmişdir. O çatlarda birbaşa nəm təmizləmə zamanı artıq rütübətli hal yaradır oda dərmanın keyfiyyətinin düşməsinə birbaşa təsir göstərən haldır. Tərtib olunmuş protokolu müdafiə edərək Şəxs MMC-nin inzibati qaydada tənbeh olunmasını xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin müfəttişi X2 tərəfindən tərtib edilmiş 03 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1i ünvanında xx.xx.2025-ci il tarixində saat 15:00-da Şəxs MMC tərəfindən aptek təşkilatlarına dair tələblərin pozulması, reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin əməkdaşları tərəfindən plan üzrə (növbəti) yoxlamanın keçirilməsi haqqında 03 oktyabr 2025-ci il tarixli, Ə-281 nömrəli aktdan görünür ki, plan üzrə növbəti yoxlama zamanı aptekdə “sevnaya maz” adlı dərman vasitəsinin saxlanma rejiminə düzgün əməl olunmadığı və aptekin otaqlarının divarları və döşəməsi hamar olmaqla özündə toz saxlamayan və dezinfeksiyaedici vasitələrin istifadəsi ilə nəm təmizləməyə davamlı olmadığı faktları aşkar edildi. Lisenziya alınma zamanı mövcud olan sanitar qovşağın yoxlama zamanı mövcud olmadığı aşkar edildi. Resept əsasında buraxılan dərman vasitəsinin (natriyoxlorid məhlul, eufullin, deksametazon, korqlukon ampul) reseptsiz buraxılması aşkar edildi. Faktla bağlı İXM-nin 452.1 və 452.3-cü maddələri üzrə protokol tərtib olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə - vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin sanksiyası həddində təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri ilə təqsirli bilinsin. Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2203/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2203/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver