Məhkəmə qərarları › İş №3(050)-2205/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2205/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2205/2024 19.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, şikayət vermiş şəxs X4, qərarından şikayət verilən Masallı Rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X1 iştirakları ilə, X4 Masallı Rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: X5 məhkəməyə şikayətlə müraciət edərək Masallı Rayon Polis Şöbəsinin DYPB-i tərəfindən qəbul edilmiş 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayət vermiş şəxs X5 izahatında göstərdi ki, xx.xx.2024cü il tarixdə özünə məxsus Vaz-21703 markalı avtomobillə Masallı şəhəri, Bakı prspektində hərəkətdə olan zaman qarşısında ** YP *** dövlət qeydiyyat nişanlı patrul maşını hərəkətdə olmuşdur. Həmin ərazi 1.5 üfüqü nişanlanma xəttinin təsiri zonasında olduğu üçün o, surət həddini aşmadan ötmə əməliyyatı etmişdir. Təxminən 2 km getdikdən sonra həmin patrul maşını H.Əliyev prspektində ona saxla işarəsi verərək saxlatdırmış, patrul maşınında olan Masallı RPŞ-in DYPB-nin rəisi ona kobud şəkildə bildirmişdir ki, “Mən rəisəm, sən kimsən mən olduğum avtomaşını keçirsən”. O da ona bildirmişdir ki, onun ötmə etdiyi ərazidə heç bir qadağanedici nişan və nişanlama xətti yoxdur. Əlavə olaraq avtomobilində nazirlər kabinetinin qərarı ilə icazəsi olan pərdələr də olduğu halda bu barədə ona irad tutmuşdur. Həmin pərdələr içi yumşaq materialdan yığılıb və qəza zamanı insan sağlamlığına heç bir zərər vura bilməz. Daha sonra Masallı RPŞ-in DYPBnin rəisi sözü gedən əraziyə başqa bir inspektor çağıraraq vəzifəsindən sui-istifadə edib inspektora məcburi halda protokol tərtib etdirmişdir. Onun ötmə əməliyyatı etdiyi əraziyə dair video görüntüləri vardır və məhkəməyə təqdim edəcəkdir. Odur ki, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı qərarından şikayət verilən Masallı Rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X2 izahatında göstərdi ki, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Belə ki, X5 07 dekabr 2024-cü ildə idarə etdiyi “VAZ 21703” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri, Bakı prspektində hərəkətdə olarkən qadağan olunmuş ərazidə ötmə əməliyyatı aparmış, həmin xəta Masallı RPŞ-nin DYPB-nin rəisi tərəfindən aşkarlanaraq M.Salayev şəhərin H.Əliyev prspektində saxlanılmış, saxlandıqdan sonra avtomobilin arxa yan şüşələrinə qanunla tətbiqinə icazə verilməyən pərdə çəkildiyi müəyyən edilmişdir. Bundan sonra o, həmin əraziyə çağırılmış və M.Salayev barəsində İXM-nin 327.2 və 342.2.4-cü maddələri ilə protokol tərtib edib hər iki maddə üzrə təqsirli bilərək onun 150 manat cərimə edilməsi barədə qərar qəbul etmişdir. Onun tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslı olduğundan məhkəmədən şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Masallı Rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2 və 342.2.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil etməklə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı şikayət vermiş şəxs X5 tərəfindən təqdim edilmiş video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Masallı şəhəri, Bakı prospektində “Sənayə” məhəlləsinə olan döngədən sonra H.Əliyev prospekti istiqamətində dairəyə çatanadək maksimal surət həddi 60 km/saat olmaqla maneəni kənardan keçməmək (ötmə əməliyyatı aparmamaq) üçün heç bir qadağanedici nişan və nişanlama xətti yoxdur. Eyni zamanda Masallı Rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərəfindən təqdim edilmiş video diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X4 idarə etdiyi Vaz-21703 markalı, ** DL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ban şüşələrinə (sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə) qanunla tətbiqinə icazə verilməyən örtüklər (pərdə) çəkilmişdir. Azərbaycan Respublikası İXM-nin: 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. 124.2, 124.3 və 124.4-cü maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 125.2.-ci maddəsinə görə inzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi (həmçinin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar hüquqi şəxs, yaxud istifadəsində olan nəqliyyat vasitələri ilə əlaqədar dövlət qurumu) inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 125.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir; 125.2.-ci maddəsinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxil olma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir; 125.2.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərilir. İnzibati Xətalar Məcəlləsinin göstərilən maddələrinin tələblərindən göründüyü kimi, yol hərəkəti pozuntusu bilavasitə YPX-in inspektoru tərəfindən aşkar olunmuş, protokol ilə razılaşmayan Murad Salayev, barəsində şikayət olunan inzibati xəta haqqında qərar qəbul edilərkən İXM-nin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmışdır. 07 dekabr 2024-cü il tarixdə protokolun qanuniliyi araşdırılmış və onun inzibati xəta törətməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Murad Salayevin İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi hissəsində qərar əsassızdır. Belə ki, təqdim edilmiş video görüntülərdə Masallı şəhəri, Bakı prospektində “Sənayə” məhəlləsinə olan döngədən sonra H.Əliyev prospekti istiqamətində dairəyə çatanadək maksimal surət həddi 60 km/saat olmaqla maneəni kənardan keçməmək (ötmə əməliyyatı aparmamaq) üçün hər hansı qadağanedici nişan və nişanlama xəttinin olması müəyyən edilməmişdir. Bu isə onu göstərir ki, M.Salayevin həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı istisna olunur. Lakin, məhkəmə M.Salayevin idarə etdiyi “VAZ 21703” markalı minik nəqliyyat vasitəsinin ban şüşələrinə (sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə) qanunla tətbiqinə icazə verilməyən örtüklər (pərdə) çəkilməsi ilə bağlı qeyd edir ki, mübahisələndirilən qərar həmin hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 yanvar 2023-cü il tarixli, 18№-li Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən bu Qaydanın məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. nəqliyyat vasitələri – minik və yük avtomobilləri, həmçinin avtobuslar, mikroavtobuslar, trolleybuslar və tramvaylar; 2.1.2. örtük – jalüz, pərdə və ya plyonka; 2.1.3. jalüz – öz oxu ətrafında hərəkət edən şaquli və ya üfüqi lövhələrdən ibarət olan və yaxud xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuar; 2.1.4. pərdə – perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər; 2.1.5. plyonka – işıqburaxma qabiliyyətinə malik, daxildən görüntünü təmin edən və bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır. Həmin Qaydanın 3.2-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Qaydadan da göründüyü kimi minik avtomobillərində yalnız plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına yol verilir, pərdələrin çəkilməsi isə yolverilməzdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 135.1, 135.1.1-135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati xəta haqqında qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı RPŞ-nin DYPB-nin əməkdaşının İXM-nin 342.2.4-cü maddəsi ilə inzibatı tənbeh vermə haqqında qərarı hadisənin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmişdir. İnzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmiş, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmamışdır. Qərarın həmin hissədə ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.1-135.1.6-cı maddələrində göstərilən əsaslar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, Masallı Rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə münasibətdə ləğv edilməli və həmin hissədə başlanmış icraata xitam verilməli, qalan hissədə isə qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133, 134, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Masallı Rayon Polis Şöbəsinin DYPB-nin yol-patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə münasibətdə ləğv edilsin və həmin hissədə başlanmış icraata xitam verilsin. 07 dekabr 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qalan hissədə qüvvəsində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar