Məhkəmə qərarları › İş №3(050)-2208/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2208/2025

29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2208/2025 29.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Masallı rayonu, Kürdəbaz kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Kürdəbaz kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı Nümayəndə tərtib etdiyi xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “VAZ 21074” minik markalı, ** GJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 04 oktyabr 2025-ci il tarixdə azyaşlı uşağının hərarəti yüksəldiyindən onu həkimə aparmaq üçün yaşadığı evdən çıxaraq arvadı və azyaşlı uşağı ilə birlikdə dostu Asimana məxsus etibarnamə ilə idarə etdiyi “VAZ 21074” minik markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilllə yola çıxmışdır. Masallı şəhəri ilə Seybətin dairəsi ilə Masallı rayonu, Səmidxan yolunun kəsişməsində idarə etdiyi avtomaşınla hərəkətdə olduğu vaxt sonradan tanıdığı Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Nümayəndə tərəfindən saxlanılmışdır. Avtomobildə xəstə uşağı və arvadı olduğundan özü maşından düşərək YPX-nin əməkdaşına yaxınlaşmışdır. YPX inspektoru Nümayəndə avtomaşını idarə etmək üçün hüququnun olmadığını bildirmiş, bu səbəbdən avtomobilin cərimə meydançasına aparılacağını demişdir. Orada ona məlum olmuşdur ki, dostu Asimanın ona avtomobili idarə etmək üçün verdiyi etibarnamənin müddəti bitmişdir. YPX əməkdaşına avtomobilin duracağa aparılmasına zərurətin olmadığını, avtomobildə xəstə uşağının olmasını və xəstəxanaya getməli olmasının vacibliyini bildirmişdir. YPX əməkdaşı Nümayəndə onun sərxoş olmasından şübhələnərək, alkoltestr müayinəsindən keçməyi təklif etmiş, YPX əməkdaşına sərxoş olmadığını bildirmişdir. Buna baxmayaraq, inspektor Nümayəndə alkoltesti ona təqdim edərək üfürməsini tələb etmiş, içkili olmadığını bildirərək alkoltestr müayinəsindən keçmiş, alkoqol sərxoşluğunun olduğu ona bildirilmiş, o isə gün ərzində spirtli içki qəbul etmədiyini, iki gün əvvəl iki bakal pivə içdiyini bildirmişdir. Bundan sonra Nümayəndə ona alkoltestr müayinəsinin nəticəsini əks etdirən kağız daşıyıcının üzərinə pivə içdiyini və rəylə razı olduğu ilə bağlı yazmasını tələb etmiş, o da həmin vaxt övladının səhhəti ilə bağlı narahat olduğundan tələsik halda həmin kağızın üzərinə iki gün əvvəl iki bakal pivə içdiyini və rəylə razı olduğu ilə bağlı qeydlər aparmışdır. Həm də YPX əməkdaşı Nümayəndə iki gün əvvəl iki pakal pivə içməsinə görə alkoqolun miqdarının aşağı göstərəcəyini, özünün qalan məsələləri həll edəcəyini demişdir. Halbuki, YPX əməkdaşı tərəfindən saxlanılarkən sərxoş olmamışdır. YPX əməkdaşı tərəfindən bu barədə videogörüntü aparılmış, hansı ki, həmin videogörüntü ilə tanış olmuşdur. Hesab edir ki, videogörüntü tam şəkildə ona təqdim edilməmiş, üç hissədən ibarət olmaqla kəsilmiş, səslər siilinmiş, montaj edilmişdir. Bu barədə Masallı RPŞ-nin rəisinin qəbulunda da olarkən bildirmişdir. Bununla bağlı müvafiq araşdırmanın aparılması üçün DİN-ə müraciət etsə də, heç bir araşdırma aparılmadan barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan başqa Masallı şəhəri ilə Seybətin dairəsi ilə Masallı rayonu, Səmidxan yolunun kəsişməsində YPX əməkdaşı tərəfindən saxlanılsa da, lakin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın Masallı şəhəri, Heydər Əliyev prospektində törədildiyi qeyd edilmişdir. Alkoltestrin cavabında müvafiq qeydiyyat apardıqdan sonra YPX inspektoru ona avtomobilə dair etibarnamənin olmamasına görə sükandan kənarlaşmasını tələb etmiş, məcburiyyət qarşısında qalaraq avtomobildə olan xəstə uşağını başqa bir yol maşını ilə xəstəxanaya aparmaq məcburiyyətində qalmışdır. Avtomobil isə YPX əməkdaşı tərəfindən duracağa aparılmışdır. Azyaşlı uşağı müayinə olunduqdan sonra həmin gün saat 15 radələrində Masallı RPŞ-nin DYPB-yə getmişdir. DYPB-nin rəsi Asəf Mustafayevin qəbulunda alkoltestr müayinəsinin cavabı ilə razılaşmadığını, onun ya yenidən yerində müayinə edilməsini, ya da müayinə olunması üçün həkimə aparılmasını xahiş etsə də, artıq saat 15 radələri olduğuna görə müayindən keçməsinin gec olması bildirilərək xahişi nəzərə alınmamış, saat 19 radələrinədək DYPB-də saxlanıldıqdan sonra evə buraxılmışdır. Sonda Şəxs qeyd olunanların nəzərə alnmasını xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Masallı şəhəri, H.Əliyev prospektində xidmətdə olduğu vaxt, hərəkətdə olan “VAZ 21074” minik markalı, ** GJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, sonradan tanıdığı Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyini görmüş, sürücüyə saxlama işarəsi vermişdir. Sürücü avtomolili saxladıqdan sonra yaxınlaşaraq özünü təqdim etmiş, bundan sonra tərəfindən kompyüter vasitəsi ilə avtomobilə dair müvafiq yoxlama aparılarkən məlum olmuşdur ki, Şəxs avtomobili etibarnamə olmadan idarə etmişdir. Səbəbini Şəxs soruşduqda o, avtomobilin tanışına məxsus olduğunu, avtomobildə xəstə uşağının olmasını və məcburi xəstəxanaya aparmalı olduğunu bildirmişdir. Həmin vaxt sürücü Şəxs spirtli içkinin qoxusunun gəldiyini hiss etmiş, içkili olub-olmaması barədə sürücüdən soruşduqda, o, iki bakal pivə içdiyini etiraf etmiş, sürücü ona təxminən 20 manat məbləğində pul təklif edərək onu buraxmasını xahiş etmişdir. Pulu geri qaytarmaqla maşında olan xəstə uşağın aparılmasını təşkil etmək üçün Xidməti Patrul maşını dəvət də biləcəyini bildirmiş, lakin onun alkoltestr müayinəsindən keçməli olmasını onun nəzərinə çatdırmışdır. Bundan sonra sürücü alkotestr müayinəsindən keçirilmiş və müayinənin nəticəsini əks etdirən kağız daşıyıcıda “iki bakal pivə içib maşın sürmüşəm və rəylə razıyam” qeydlərini aparmış və imzalamışdır. Sürücüyə müayinənin nəticəsi ilə bağlı narazılığı vardırsa, həkim müayinəsindən keçməsi də təklif edilmiş, lakin o, heç bir narazılığının olmadığını, alkotestrin nəticəsi ilə razı olduğunu bildirmişdir. Qeyd edilənlər xidməti avtomobildə quraşdırılmış kamera vasitəsi ilə də qeydə alınmışdır. Həmin videogörüntülər CD diskdə məhkəməyə təqdim edilmişdir. Bundan sonra Şəxs sükandan kənarlaşdırılmış, avtomobildə olan digər şəxslər də başqa bir maşınla xəstəxanaya yola salınmış, avtomobil isə duracağa yerləşdirilmişdir. Şəxs qarşı heç bir qanun pozuntusuna yol verilməmiş, onunla tam obyektiv şəkildə prosessual hərəkətlər aparılmışdır. Şəxs sonradan həmin gün tibbi müayinədən keçmək məqsədi ilə polis şöbəsinə gəlibgəlməməsindən məlumatı yoxdur. Məhkəmə iclasında tərəflərin iştirakı ilə protokolu tərtib etmiş şəxs Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı Nümayəndə tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı CD-diskdə olan videogörüntüdən Şəxs “VAZ 21074” minik markalı, ** GJ *** dövlət qedyiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX-nin əməkdaşları tərəfindən saxlanılması, YPX inspektoru Nümayəndə tərəfindən avtomobilin sənədləri yoxlanılarkən Şəxs avtomobili idarə etmık üçün etibarnaməsinin olmadığı, bundan sonra sürücünün sərxoşluq vəziyyəti öyərnilərkən, o, iki gün əvvəl iki bakal pivə içdiyini etiraf etməsi, daha sonra YPX inspektoru tərəfindən ona alkoltestr müayinəsindən keçiriləcəyi, etiraz etdiyi təqdirdə həkim müayinəsinə aparılacağı barədə təklif etməsi, lakin sürücünün həkim müayinəsinə aparılmasına zəriurətin olmadığını, alkoltestin nəticəsi ilə razılaşdığını qeyd etməsi, bundan sonra sürücünün YPX əməkdaşı tərəfindən alkoltestr müayinəsindən keçirilməsi, sürücünün nəticə ilə razılaşaraq müvafiq qeydlər aparılması, daha sonra sükandan kənarlaşdırılması və “VAZ 21074” minik markalı, ** GJ *** dövlət qediyyat nişanlı avtomobilin duracağa yerləşdirilməsinin təmin edilməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair “İN” markalı 642539 saylı alkotestr müayinə nəticəsindən görünür ki, Şəxs orqanizmində 4.177% promildə alkoqolun miqdarı aşkar olunmuş, Şəxs alkoltestin cavabında “ 2 bakal pivə içib maşın sürmüşəm, alkoltesterin rəyi ilə razıyam” qeydləri aparmaqla imzası ilə təsdiq etmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul aktından görünür ki, Şəxs idarə etdiyi və “VAZ 21074” minik markalı, ** GJ *** dövlət qediyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin müvəqqəti duracağına yerləşdirilmişdir. Masallı RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şəxs DİN-nin BDYPİ-nin MİS-dən alınan məlumata əsasən AE 450132 nömrəli sürücülük vəsiqəsinin olması mövcuddur. müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, seriya İXP 747875 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:00 radələrində Masallı şəhəri, Heydər Əliyev prospektində “VAZ 21074” minik markalı, ** GJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX-nin əməkdaşı tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını alkoqollu içkidən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edildiyindən Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru polis baş leytenantı Nümayəndə tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs YPX əməkdaşı tərəfindən saxlanılarkən sərxoş olmaması, məcburən alkoltest müayinəsindən keçirilməsi, alkoltest müayinəsinin cavabında olan qeydlərin düzgün yazılmaması, tutulduğu vaxtdan iki gün öncə spirtli içki qəbul etməsi və ona əsassız olaraq inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə bağlı verdiyi izahatında qeyd etdiklərini inandırıcı hesab etmir və onun qeyd etdikləri tədqiq edilmiş digər sübutlarla təkzib edilmişdir. Ona görə ki, videogörüntülərə baxış keçirilərkən polis əməkdaşları ilə sürücünün arasında dialoq zamanı müəyyən edilir ki, sürücü alkoltestr müayinəsindən keçirilmiş, heç bir etirazını bildirməyərək özü könüllü qaydada müayinə kağızının üzərinə qeydlər aparmış və açıq şəkildə tibbi müayinəyə getməyə ehtiyac olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, sürücünün həqiqətən də tibbi müayinədən keçmək fikri olsa idi, oradan uzaqlaşdıqdan sonra dərhal tibb müəsissəsində müayinədən keçərdi. Sürücü polis şöbəsinə verdiyi izahatında həmin gün saat 15 radələrində polis şöbəsində tibbi müayinədən keçməsini tələb etdiyini, lakin onun tibbi müayinədən keçirilmədiyini bildirmişdir.Qeyd edilməlidir ki, şəxs həmin gün saat 11 radələrində saxlanılmış, üzərindən bir neçə saat sonra keçdikdən sonra tibbi müayinədən keçirilməsini tələb etmişdir. Bu da onu göstərir ki, sürücü bir neçə saat keçdikdən sonra sərxoşluğunun aradan qalxacağını zənn etdiyindən tibbi müayinədən keçməsini tələb etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını özünü müdafiə xarakteri daşımaqla inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıdığını hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməsi, inzibati xəta haqqında protokolla, sərxoşluq vəziyyətinin yoxlanılmasına dair alkoltesterin nəticəsi, CD disk habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-nin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, ilk dəfə inzibati xətaya yol verdiyini nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əhmədov X1 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar