Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2211/2025 09.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Qaradağ Rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən 18 sentyabr 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: X3 məhkəməyə şikayətlə müraciət edərək barəsində Qaradağ Rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən 18 sentyabr 2025-ci il tarixdə tərtib olunmuş inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə yəni svetaforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1. 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.7-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-1, 327.1-2, 327.2 - 2“.6, 327.8, 327-1.1, 327-1.3, 328.2, 328.3, 328.4, 331, 333.1, 333-1.1, 342.7, 343.1, 343-1.1 və 346.2-346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır. O, barəsində olan sözügedən qərarla razı deyil. Çünki o, qeyd olunan inzibati xətanı törətməmiş, polis əməkdaşlarından qeyd olunan inzibati xətanın törədilməsi ilə bağlı görüntülərin təqdim edilməsini xahiş və tələb etmiş, lakin polis əməkdaşları görüntüləri ona təqdim etməmişlər. Əgər həmin inzibati xətanı törətmişdirsə o zaman bununla bağlı sübut təqdim edilsin. Qəbul edilmiş qərar əsassız və qanunsuzdur. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclası zamanı şikayət vermiş şəxs X3 şikayətdə göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. “Bibi Heybət” məsçidinin yaxınlığından sifarış gəldiyi üçün müştərini götürmək məqsədi ilə Lökbatan dairəsindən məsçid istiqamətində yola girərkən “Giriş qadağandır” yol nişanı olmamış, lakin dairədən təxminən 50 metr irəlidə şəhərin mərkəz hissəsində keçirilən “Formula-1” yarışları ilə əlaqədar Qaradağ Rayon DYPŞ-nin əməkdaşları yolu bağlamışlar. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşıb “Giriş qadağandır” yol nişanının tələbini pozduğu üçün cərimə olunacağını bildirib ondan sürücülük vəsiqəsini almış, o, bununla bağlı öz iradını bildirsə də, həmin vaxt barəsində hər hansı protokol tərtib edilməmişdir. Sonradan inzbati xətanın baş verməsinə dair videogörüntü ona göstərilmədən, heç bir sübut təqdim edilmədən və onun iştirakı olmadan barəsində elektron protokol tərtib edilmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh vermə qərarının surətini əldə etdikdən sonra şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası DİN-in Qaradağ Rayon DYPŞ-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Qaradağ Rayon DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Qaradağ Rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət verən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə qarşılıqlı təhlil etməklə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında “Changan Qiyuan A05 Plugin Hibrid” minik markalı, ** QK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X3 tərəfindən Qaradağ rayonu, Lökbatan dairəsindən mərkəz istiqamətində hərəkətdə olarkən “Giriş qadağandır” yol nişanının tələblərini pozması təsdiq edilməmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarın çıxarılmasına əsas olmuş inzibati xətanı özündə əks etdirən videogörüntü məhkəməyə təqdim edilmədiyindən 18 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyinə əsaslı şübhələr yaranmışdır. Yol-Patrul Xidməti Haqqında Təlimatın 4.3-cü madəsinə əsasən patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanın qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Təlimatın 4.7-ci bəndinə əsasən YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi dayandırılarkən bütün hallarda patrul avtomobilində və ya postda quraşdırılmış videokamera daim işlək vəziyyətdə olmalı, patrul avtomobilində quraşdırılan məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır. Təlimatın 8.7-ci bəndinə əsasən əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericliyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Qərardan şikayət vermiş şəxsin məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi YPX əməkdaşı onu saxlayan zaman inzibati xətanın mövcudluğu ilə razılaşmamışdır. Lakin, iş materiallarında olan inzibati xəta haqqında protokoldan göründüyü kimi inzibati xəta 18 sentyabr 2025-ci il tarixdə inzibati xətanı aşkar edən şəxs tərəfindən tərtib edilmiş, həmin vaxt yol verilən inzibati xətanın baş vermə şəraitini əks etdirən protokol kağız daşıyıcıda tərtib edilməmiş və vətəndaşa təqdim edilməmişdir. Qanunvericiliyin qeyd edilən normaları həqiqətdə inzibati xəta törətməsi ilə günahlandırılan şəxsin yerində tanış olmasını, protokoldan narazı olduğu halda protokolda qeydlərini aparmasını və nəticədə mübahisəli protokol olduğundan həmin protokola baxılarkən vətəndaşın protokol əsasında qəbul ediləcək qərar qəbul edildiyi zaman onun iştirakı ilə törədildiyi iddia edilən xətanın əlamətlərinin müzakirəsini nəzərdə tutmuşdur. Lakin, hazırki vəziyyətdə görünür ki, vətəndaşa törətdiyi xəta ilə bağlı sübutlar təqdim edilmədən yalnız qəbul edilmiş qərarda İXP ******* nömrəli protokolun olduğu ilə bağlı qeydlər aparılmış, hansısa səbəbdən tarixi və nömrəsi olan, lakin məzmunu məlum olmayan protokol vətəndaşla müzakirə edilmədən qərar qəbul edilmişdir. Göründüyü kimi Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən heç bir sübuta əsaslanmadan vətəndaş X1 əməlində inzibati xəta tərkibinin əlamətləri olması qənaətinə gəlinərək qanunsuz qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Qaradağ Rayon DYPŞ-nin YPX-nin inspektoru, polis serjantı X4 tərəfindən X1 barəsində yuxarıda qeyd edilən tələblər kobud şəkildə pozularaq protokol tərtib edilmiş və həmin protokol əsasında qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.5-1maddəsində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 114-116, 128-130-131-135-cu maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Qaradağ Rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X1 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №3(050)-2211/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2211/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver