Məhkəmə qərarları › İş №3(050)-2220/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2220/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2220/2023 29.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin nümayəndələri X11 və X14 iştirakı ilə. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-xx.xx.1970-ci ildə Masallı rayonu Çaxırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, ünvan 1ində qeydiyyatda olan və yaşayan; X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qida X3 Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının X6 X1 daxil olmuş inzibati xəta haqqında materiallara əsasən X8 məxsus “Möcüzə” şadlıq sarayında nəzərdə tutulmuş plandankənar yoxlamada vəzifəli şəxsin qanuni tələblərinin yerinə yetirilməməsi, yoxlama keçirilmiş toylarda təqdim olunmuş ət məhsullarının baytarlıq arayışının tam verilməməsi əsası ilə Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsi ilə inzibati icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 izahatında göstərmişdir ki, ünvan 1ində onun istifadəsində “Möcüzə” şadlıq sarayı vardır. 27 noyabr-29 noyabr tarixləri arasında plandankənar yoxlamanın keçirilməsi zamanı X6 X2 nümayəndələrinə heç bir problem yaradılmamışdır. Onlar tələb etmişlər ki, 24 noyabr 2023-cü il tarixdə keçirilən toy mərasimlə əlaqədar toyda iştirak edən şəxslərə verilən ətə görə baytarlıq idarəsinin icazəsinin olub-olmamasına dair sənəd, toyun videogörüntüsü istənilmişdir. Lakin həmin tarixdə onlarda heç bir toy mərasimi olmadığı üçün, tələb olunan sənədləri və videgörüntünü təqdim etmək mümkün olmamışdır. Bu səbəblə də barəsində inzibati protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının X6 X2 nümayəndələri X15 izahatında göstərdi ki, ünvan 1ində yerləşən X8 məxsus “Möcüzə” şadlıq sarayında 27 noyabr-29 noyabr (3 iş günü) tarixləri arasında plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlamanın aparılmasına əsas vətəndaş məlumatı olmuşdur. Həmin məlumata əsasən 24 noyabr 2023-cü il tarixdə keçirilən toy mərasimində qonaqlara verilən ət məhsuluna dair baytarlıq idarəsinin razılığı alınmamışdır. Məlumat verən şəxsin şəxsiyyəti barədə məlumat verə bilməz. Qeyd edilən tarixlərdə sahibkara məxsus obyektdə gəlmələrinə baxmayaraq, yoxlayıcıların tələb etdiyi sənədlər-şadlıq evində noyabr ayı ərzində keçirilmiş toy mərasimlərinin tam sıyahısı, 24-25 noyabr 2023-cü il tarixlərində şadlıq evində toyun keçirilməsi barədə videogörüntü təqdim edilməmişdir. Bundan başqa toy mərasimində qonaqlara verilən ətə görə baytarlıq idarəsinin icazəsi alınmamışdır. Göstərilənləri nəzərə alaraq X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati icraatın açılması barədə protokol tərtib olunmuşdur. X6 X2 “Yoxlama aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayılması əsası ilə ünvan 1ində yerləşən “Möcüzə” şadlıq sarayında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər plandankənar yoxlamanın aparılması qərara alımışdır. Həmin qərarın icrası ilə bağlı yoxlama sualları tərtib edilmişdir. Həmin suallar- 124. Qida zənciri subyektləri tərəfindənn həyata keçirilən qida və ya yem məhsullarının ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun həyata keçirilirmi? 135. Qida və yem məhsullarının istehsalı və emalı zamanı onların təhlükəsizliyinə dair tələblərə əməl edilirmi? Yoxlayıcı texniki vasitələrdən (audio, video və foto avadanlıqlardan surət çıxaran skaner) istifadə ilə bağlı yoxlanılan sahibkar və ya onun nümayəndəsinə məlumat verilməsi faktının öz imzası ilə təsdiqlənməsi və ya imtina etməsi barədə aktdan görünür ki, aparılan yaxlama zamanı ünvan 1i ünvanında yerləşən “Möcüzə” şadlıq evi müəssisəsində aparılan yoxlama zamanı müfəttişlər tərəfindən istifadə olunan videogörüntü kamerasına heç bir etiraz olmamışdır. Qida obyektinə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, vətəndaş müraciəti əsasında ünvan 1ində fəaliyyət göstərən X9 məxsus “Möcüzə” şadlıq evində plandankənar yoxlama aparılmışdır. Şadlıq evində 2 mərtəbə, 2 zal mövcuddur. X6 X2 vəzifəli şəxslərinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1ində yerləşən X8 məxsus “Möcüzə” şadlıq sarayında 27 noyabr-29 noyabr (3 iş günü) tarixləri arasında plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən tarixlərdə sahibkara məxus obyektdə gəlmələrinə baxmayaraq, yoxlamanın ilkin sənədləri ilə tanış olma imzalanmayıb. Yoxlayıcılara şadlıq evində noyabr ayı ərzində keçirilmiş toyların tam sıyahısı təqdim olunmamış, onun sahibkarı vəya nümayəndəsi tərəfindən təsdiqləməsi barədə imzalı şəkildə yoxlamaya təqdim edilmiş həmçinin vətəndaş müraciətində qeyd edilmiş 24-25 noyabr 2023-cü il tarixlərində şadlıq evində toyun keçirilməsi barədə videogörüntü təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibti xəta haqqında iş üzrə sübut etməli olan haldır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli oaln digər halları müyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, Bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1.-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2.-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2.-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Məhkəmə inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, X6 X2 səlahiyyətli şəxslərinin X12 barəsində gədiyi nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.1.3-cü maddəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayılması-plandankənar yoxlama barədə qərar qəbul edilməsi əsaslarından biridir. Həmin Qanunun 16.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Qanunun 16.1.3-cü maddəsinə uyğun olaraq plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə qərar qəbul edilərkən aşağıdakı amillər kompleks şəklində təhlil edilərək nəzərə alınır: -16.7.1.əvvəlki müraciətlərin doğruluğu; -16.7.2.eyni sahibkar barədə müxtəlif şəxslər tərəfindən müraciətlərin daxil olması; -16.7.3.daxil olmuş müraciətlərdə göstərilən faktların insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratması və ya mühüm zərər vurması dərəcəsi; -16.7.4.yoxlanılması tələb edilən sahibkarın bu Qanunun 5.1-ci maddəsində göstərilən məcburi tələblərə əməl etmə vəziyyəti. İstinad olunmuş Qanunun 16.9-cu maddəsinə uyğun olaraq anonim müraciətlər (məlumatlar) əsasında bu Qanunun 16.1.3-cü maddəsinə istinad etməklə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Qeyd edilən Qanunun 19.6-cı maddəsində göstərilmişdir ki, yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun istinad olunmuş müddəaları ilə yoxlamanın nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixli akt qarşılıqlı təhlil edilən zaman müəyyən olunmuşdur ki, plandan kənar yoxlama ilə bağlı qoyulan suallara uyğun yoxlama tam aparılmamışdır. Belə ki, X6 X2 “Yoxlama aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından da göründüyü kimi, ünvan 1ində yerləşən “Möcüzə” şadlıq sarayında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər plandankənar yoxlamanın aparılması qərara alımışdır. Həmin qərarın icrası ilə bağlı yoxlama sualları tərtib edilmişdir. Həmin suallar-124. Qida zənciri subyektləri tərəfindənn həyata keçirilən qida və ya yem məhsullarının ilkin istehsalı, emalı, dövriyyəsi və utilizasiyası prosesləri qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun həyata keçirilirmi? 135. Qida və yem məhsullarının istehsalı və emalı zamanı onların təhlükəsizliyinə dair tələblərə əməl edilirmi? Tərtib edilən aktdan aydın görünür ki, 24-25 noyabr 2023-cü il tarixlərində keçirilən toylarla bağlı əsasən yoxlama aparılmışdır. Halbuki yoxlayıcıların həmin tarixdə toy mərasiminin olması ilə bağlı heç bir sübutları olmamışdır. Çünki plandankənar yoxlamanın aparıması barədə qərardan da görünür ki, yoxlama vətəndaş mraciəti əsasında aparılmışdır. Belə olan halda, qeyd edilən tarixlərdə toy mərasiminin olması ilə bağlı əsaslı sübut da olmalı idi. Natamam məlumat əsasında bu formada plandan kənar yoxlamaların aparılması bir növ sahibkarlıq fəlaliyyətinin həyata keçirilməsi qaydaları ilə də uzlaşmır. Bundan başqa məlumat verən şəxsin kimliyi məlum deyil və belə olan halda məlumat anonim hesab edilir. Belə olan halda da, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16.9-cu maddəsinə uyğun olaraq anonim müraciətlər (məlumatlar) əsasında həmin Qanunun 16.1.3-cü maddəsinə nəzərdə tutulmuş insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayılması əsası ilə plandankənar (növbədənkənar) yoxlama aparıla bilməz. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə- fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verili Beləliklə, məhkəmə hesab edir ki, vəzifəli şəxs X12 barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar