Məhkəmə qərarları › İş №3(050)-2250/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2250/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2250/2023 26.12.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakimi Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 iştirakı ilə. Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2023-cu il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Masallı RPŞ-nın DYPBnin inzibati tənbeh vermə haqqında 09 noyabr 2023-cü il tarixli TP ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokola istinad edilərək təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə edilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi qeyd edilmişdir. Halbuki polis əməkdaşı onu avtomobil idarə edərkən saxlamamışdır. Atasına məxsus, onun baş etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı 42CE858 dövlət nömrə nişanlı avtomobil nasaz vəziyyətdə Masallı-Yardımlı yolunun Masallı rayonu Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində dayanmış vəziyyətdə olmuş, o, isə yolun əks tərəfində olan Raci adlı Ərkivan qəsəbə sakininə məxsus avtomobil ehtiyat hissələri dükanında olmuşdur. Əlidadaş və Qoşqar adlı yol polis əməkdaşları dükana gəlmiş, Əlidadaş içkili halda avtomobil idarə edib-etməməsini soruşmuş, ona avtomobili ümumiyyətlə idarə etməməsini və içkili olmamağını bildirsə də, onlar, buna əhəmiyyət verməmiş, onu zorla yolun avtomobil olan hissəsinə aparıb, orada fiziki zor tətbiq edərək, həmçinin Qoşqar adlı yol polis əməkdaşı dizdən aşağı ayaq nahiyyəsindən təpiklə vuraraq zorla öz xidməti avtomobillərinə əyləşdirmişlər. Onu Masallı RPŞ-nin həyətinə gətirmişlər. Orada görmüşdür ki, avtomobili də ora gətirmişlər. Oradan maşını saxlayıb onu buraxmışlar. Göründüyü kimi yol polis əməkdaşları onu sükan arxasında saxlatdırmamış, içkili olmasına dair hər hansı sübutları yoxdur. Bu isə barəsində əsassız olaraq İXM-nin 329.1, 334.1 və 332.1-ci maddələri ilə protokol tərtib edilməsini göstərir. DYPB-nin eyni tarixli və eyni nömrəli başqa bir protokoluna əsasən guya o, eyni hadisəni gün ərzində təkrar olaraq törətmişdir. Buna görə həmin protokol məhkəməyə verilmiş və məhkəmədə araşdırma zamanı həmin xüsusatlar öz təsdiqini tapmadığından məhkəmənin xx.xx.2023-cü il tarixli 3(050)-2132/2023 saylı qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin işdə olan protokolda hadisənin xx.xx.2023-cü il tarixdə saat 17:30-da törədilməsi qeyd edilmişdir. Hazırkı işdə isə istinad olunan eyni tarixli və nömrəli protokolda hadisənin eyni gün saat 17:28-də törədilməsi qeyd edilmişdir. Belə çıxır ki, yol polisinin özünün mübahisəli qərarı qəbul edərkən istinad etdiyi protokolun məzmunu ilə məhkəməyə təqdim etdiyi eyni tarixli və eyni nömrəli protokolun məzmunu bir-birindən tamamilə fərqlidir. Bundan başqa məhkəmədə olan işdə onun xx.xx.2023-cü il tarixdə saat 17:30-da içkili vəziyyətdə avtomobili darə etməyi öz təsdiqini tapmadığından həmin gün 2 dəqiqə öncə də içkili vəziyyətdə avtomobili idarə etməyi sübuta yetirilməməsi deməkdir. Halbuki inzibati xəta hadisəsinin mövcüd olmasını və əməlimdə inzibati xətanın tərkibinin olmasını sübutetmə vəzifəsi bu barədə protokolu tərtib edən əməkdaşın üzərinə düşür. Onun bu barədə sübut təqdim edə bilməməsi, əksinə məhkəmənin barəmdə olan iş üzrə icraata xitam verməsi barədə qərarının olması ümumiyyətlə barəsində əsassız olaraq protokol tərtib edilməsini göstərir.Bundan başqa barəsində protokol tərtib edilərkən hüquqlarım izah edilməmiş, protokola tanış olmağına, ona qeydlər verməyinə şərait yaradılmamış, protokolun surəti ona verilməmişdir. Hətta barəsində olan protokolun müzakirəsində iştirakı təmin edilməmiş, izahatı dinlənilməmişdir. Bütün bunlar isə hüquqlarımın və İXM-nin tələblərinin yol polisi tərəfindən pozulmasını göstərir. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş DİN-nin Bakı şəhər DYPİ-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, tələb olunmasına baxmayaraq, inzibati xəta hadisəsini özündə əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. İnzibati tənbeh vermə haqqında TP ******* saylı, 09 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə 17:28-də Masallı şəhəri, H.Əliyev prospekti ərazisində “VAZ 2107 Minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 329.1, 334.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta xətanı törətməsi əsası ilə 500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarına olan kompakt diskdə YPX avtomobilinin qeydiyyata aldığı videgörüntüdən məlum olur ki, yol patrul xidməti əməkdaşları yol kənarında saxlanılmış VAZ 2107” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissəsində YPX avtomobilini saxlamışlar, daha sonra YPX inspektoru Əldadaş Aslanov özü yolu keçərək, özlərinin deməsinə görə marketdən X4 YPX avtomobilinin qarşı hissəsinə gətirmiş, orada sərxoş vəziyyətdə avtomobili idarə etməsi barədə sohbətlər aparmışlar. Daha sonra avtomobil və Valeh Əmirov polis şöbəsinin inzibati binasının arxa hissəsində olan əraziyə gətirilmiş, avtomobil duracağa yerləşdirilmiş, Valeh Əmirovun sərxoşluq vəziyyətinin müayinəsi ilə bağlı heç bir təklif və ya real hərəkət edilməmişdir. Müəyyən müddət danışıqlardan sonra Valeh Əmirov sərbəst surətdə ərazini tərk edərək getmişdir. Həmin videgörüntüdə Valeh Əmirovun alkotester vasitəsi ilə müayinə olunması barədə heç bir çəkiliş müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İnzibati Xətalar Məcəlləsinin göstərilən maddələrinin tələblərindən göründüyü kimi, bilavasitə YPX inspektoru tərəfindən aşkar olunmuş pozuntu ilə razılaşmayan X7, barəsində şikayət olunan inzibati xəta haqqında qərar qəbul edilərkən İXM-nin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmalı idi. Lakin ona bu barədə heç bir məlumat verilməmişdir. Həmçinin şikayət verilən qərarda göstərilmiş inzibati xətanı X5 törətməsini təsdiq edən heç bir mümkün və mötəbər sübut yoxdur. Belə ki, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2.-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 134-cü maddəsində İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərarlar nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 135.1.5-1ci maddəsində maddəsində nəzərdə tutulmuş hallar olduqda qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1.5-1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Masallı Rayon Polis Şöbəsinin DYPB-nin səlahiyyətli şəxsləri tərəfindən X7 barəsində İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.5-1-maddəsində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində olan xx.xx.2023-cu il tarixdə tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar