Məhkəmə qərarları › İş №3(050)-2276/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2276/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2276/2025 17.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Şikayət vermiş şəxs X3 Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Masallı Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru X1 iştirakları ilə. X3 Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsinə dair şikayətə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: X8 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, ona yazılmış qərarla razı deyildir. Qərar əsassız və qanunlara zidd yazılmışdır. Hesab edir ki, qərar əsassız və qanunsuzdur. Belə ki, mülkiyyətində olan “Hyundai Elantra” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Masallı şəhəri istiqamətində hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları ona saxlama əmri vermiş o, da avtomobilini sağa çəkərək saxlamışdır. Adını bilmədiyi əməkdaş ona yaxınlaşaraq sənədlərini tələb etmişdir. O, da sənədlərini təqdim etdikdən sonra ona içkili olduğu bildirilmişdir. O alkotestr müayinəsindən keçirilmiş və nəticə 0,04 promil çıxmışdır. O, nəticəyə etiraz etmiş, polis əməkdaşından onu həkim müayinəsinə aparmağını xahiş etmişdir. Həkim müayinəsi adı ilə onu Masallı rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Təkrar o, alkotestr müayinəsinə aparılmışdır. Nəticənin dəyişmədiyini görüb ona məcburi qaydada, hədə-qorxu gələrək alkotestrin nəticəsi barədə qəbzə imza çəkdirmişlər. O, onlara dəfələrlə bildirmişdir ki, içkili deyil, bir həftə əvvəl axırıncı dəfə biraz spirtli içki qəbul etmişdir. Onu həkim müayinəsinə aparmalarını xahiş etmişdir. Barəsində protokol yazıldıqdan sonra xx.xx.2025-ci il tarixdə, saat 10:30 radələrində Masallı polis şöbəsinin inzibati binasından çıxdıqdan dərhal sonra Lənkəran rayon Narkoloji xəstəxanasına gedərək tibbi müayinədən keçmişdir. İçki qəbulundan yaranan sərxoşluğunun aşkar edilməməsi barədə həkim rəyi almışdır. Rəyi şikayətinə əlavə etmişdir. Qanunda birbaşa göstərilmişdir ki, vətəndaş alkotestrin nəticəsi ilə razı deyilsə həkim müayinəsinə aparılmalıdır. Həmçinin polislər yol hərəkəti haqqında qanun 85-ci maddəsinin qeyd hissəsini heçə saymış və həmin maddəyə istinad etməməyini əsaslandıra bilməmişdir. Həmin maddənin qeyd hissəsində qeyd edilir: Nəqliyyat vasitəsini idarə edən şəxs onun sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, belə şəxs məcburi qaydada tibbi müayinədən keçirilir. Polislər onu yoxlayarkən içkili olmamışdır. Onun əməlində inzibati xətanın tərkib hissəsi yoxdur. Hörmətli məhkəmə, heç bir qaydanı pozmayaraq barəsində haqsız olaraq qərar qəbul edilir. O, qərar ki, heç bir qanuna əsaslanmır. Polis qərarı yazarkən heç bir mötəbər sübuta istinad etməmişdir. Əgər onun qanunu pozmağı barədə hər hansı bir sübutu varsa məhkəməyə təqdim edilsin. Belə ki, qəbul edilmiş qərar qanuna, ədalət və humanizm prinsiplərinə ziddir. Qanunun tələblərinə görə X2 qəbul etdikləri protokol və qərarlar Ədalət və Humanizm prinsiplərini özündə əks etdirməlidir. Məhkəmə baxışı iclasında şikayət vermiş şəxs X8 şikayəti eyni əsaslarla əsaslandırmış, göstərdiyi hallara əsasən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, təqdim etdiyi 04 sentyabr 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında alkotestr müayinəsinin vaxt fərqi texniki səhv ola bilər. O, əmindir ki, üç gün qabaq içmişdir. Həkim müayinəsindən keçirilməsi barədə polis əməkdaşına müraciət etsə də nəticəsi olmamışdır. Bundan başqa polis şöbəsində etirafedici ifadə verməsinə münasibətdə onu qeyd edir ki, polis şöbəsində polis əməkdaşı ona nə demişdirsə, o da izahatına həmin qeydləri etmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi Masallı Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru X5 məhkəmə iclasındakı izahatında göstərdi ki, sürücü tərəflərindən saxlanılmışdır. Sürücü ilə aralarında söhbət zamanı ondan kəskin spirtli içki iyi gəlmişdir. Buna görə də onun sərxoşluq dərəcəsini müəyyən etmək üçün müayinəyə dəvət etmişdir. Müayinənin nəticəsi olaraq şəxsdə alkoqol sərxoşluğu aşkar edilmişdir. Həmin vaxt Ç.Əlizadə ona verilən suallara müxtəlif cavablar vermiş, ilkin olaraq bildirmişdir ki, ümumiyyətlə spirtli içki qəbul etmir, daha sonra “ 100 qram konyak içdiyini etiraf etmişdir. Ç.Əlizadə yenidən müayinə olunmaq istədiyini bildirdikdə təkrarən o, alkotestr müayinəsindən keçirilmiş və yenidən eyni dərəcəli sərxoşluq dərəcəsi müəyyən olunmuşdur. O, vətəndaşa hüquqlarını izah etmişdir. Lakin vətəndaş həkim müayinəsindən keçirilməsi ilə bağlı hər hansı müraciət etməmişdir. Təqdim etdiyi videodiskə nəzər yetirilsə aydın olar ki, bu hal çəkilişə də düşmüşdür. O, iki dəfə Ç.Əlizadəyə həkim müayinəsindən keçmək istəyib-istəməməsi ilə bağlı suallar vermişdir. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in DYPB-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ● Sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 04 sentyabr 2025-ci il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, X4 0.4564 litr həcmdə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağız daşıyıcı X8 oğlu tərəfindən “alkotesterin nəticəsi ilə tanış oldum, razıyam, “100 qram konyak içmişəm, heç bir etirazım yoxdur” qeydi aparılmaqla imzalanmışdır. ● Masallı Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsi yol-patrul xidməti inspektoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli əsasında inzibati xəta haqqında protokol əsasında Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X8 barəsində xx.xx.2025-ci il tarixdə “Hyundai Elantra” minik markalı **-BN-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə 400 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. ● Qərara əlavə edilmiş X8 tərəfindən verilmiş izahatda qeyd edilmişdir ki, xx.xx.2025ci il tarixdə, saat 07:00 radələrində ona məxsus olan “Hyundai Elantra” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı maşını idarə edən zaman Hişkədərə kəndindən Masallı rayonuna gələn zaman H. Əliyev pr-tində təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmışdır. Yoxlama zamanı maşının arxa stopu yanmadığından duracağa yerləşdirilmiş və onda spirtli ikçi iyi gəldiyini deyib alkotestr müayinəsinə dəvət edilmişdir. Yoxlama zamanı 0,4564 promil yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. “Həkimə getməyə ehtiyac yoxdur. Alkotestrin qəbzi ilə tanış oldum, etirazım yoxdur. İzahatı özüm yazdım, imzamla təsdiq edirəm. X12” qeydi aparılmışdır. ● Ç.Əlizadə tərəfindən təqdim edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 000950 nömrəli, xx.xx.2025-ci il tarixli aktda göstərilir ki, xx.xx.2025-ci il tarixdə, 10:00 radələrində aparılmış müayinə zamanı X3 ayıq olduğu və alkoqol sərxoşluğunun vəziyyəti olmadığı müəyyən edilmişdir. X8 müayinə aktı ilə tanış olmuş və imza etmişdir. ● Həmin akta əlavə edilmiş sərxoşluq vəziyyətinin yoxlanılmasına dair 04 sentyabr 2025-ci il tarixli alkotesterin nəticəsini əks etdirən kağız daşıyıcısından görünür ki, X4 0.000 litr həcmdə alkoqolun miqdarı aşkar olunmuşdur. Həmin kağız daşıyıcı müayinənin keçirilmə vaxtı xx.xx.2025-ci il tarixdə, 15:09:13 radələri qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeydinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlət Kabinetinin 27 iyun 2014-cü il tarixli, № 209 saylı qərarının 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X8 öz şikayət ərizəsində və izahatında inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki təqdim edilmiş sənədlərə məhkəmə iclasında baxış keçirilmiş və araşdırma zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2025-ci il tarixdə, saat 07:14 radələrində “Hyundai Elantra” minik markalı, **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Belə ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 07:14 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş müayinə zamanı alkoqolun miqdarının 0.4564 litr həcmdə olması müəyyən edilmişdir. Həmçinin Masallı Rayon Polis şöbəsi tərəfindən təqdim edilmiş X3 əl yazısı üsulu ilə yazdığı izahatından görünür ki, o, polis əməkdaşları tərəfindən sərxoşluq dərəcəsinin müayinəsindən keçirilmiş, etirazı olmamış, Həkim müayinəsinə ehtiyac olmadığını qeyd etmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş video diskdən və alkotestrin nəticəsini əks etdirən kağız daşıyıcıdan göründüyü kimi Ç.Əlizadə “konyak” içdiyini etiraf etmişdir. Video diskə nəzər yetirildikdə Ç.Əlizadənin sərxoşluq müyainəsindən keçirilən zaman polis əməkdaşına keçirilmiş müayinə ilə bağlı etiraz etdiyi müəyyən olunmur. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 tərəfindən təqdim edilmiş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 000950 nömrəli, xx.xx.2025-ci il tarixli akta münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, sərxoşluq faktı xx.xx.2025-ci il tarixdə, saat 07:14 radələrində yerində aşkar edilərkən alkoqolun miqdarının 0.4564 litr həcmdə olması müəyyən edilmiş, X8 isə xx.xx.2025-ci il tarixdə, 10:30 radələrində tibbi müayinədən keçmişdir ki, aradakı saat fərqinə, yəni 3 saat ərzində təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayrılmasına və sərxoşluq vəziyyətinin aradan qalxmasına yetərli vaxt hesab oluna bilər. Bundan başqa məhkəmə onu da qeyd edir ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 000950 nömrəli, xx.xx.2025-ci il tarixli akt ilə ona əlavə edilmiş alkotestrin nəticəsini özündə əks etrirən kağız daşıyıcıda olan tarixlər eyni olsa da saat fərqləri vardır. Bu da məsələnin bir başqa tərəfidir. Bununla da məhkəmə iclasında iş materiallarının qarşılıqlı tədqiqi zamanı X3 xx.xx.2025-ci il tarixdə, saat 07:14 radələrində “Hyundai Elantra” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etməsi öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, X8 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X7 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, onun barəsində Masallı Rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Polis Şöbəsinin Yol patrul xidmətinin polis mayoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar