Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2282/2025 29.10.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 2005-ci il tarixdə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Köçəkli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 29 oktyabr 2025-ci il tarixli protokola əsasən Şəxs 29 oktyabr 2025-ci il tarixdə yeni Ələt-Astara yolunun ünvan 1 ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətlərinə yol etmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 29 oktyabr 2025-ci il tarixli protokola əsasən Şəxs 29 oktyabr 2025-ci il tarixdə yeni Ələt-Astara yolunun ünvan 1 ünvansız nalayiq ifadələr işlədərkən onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2 izahatında bildirdi ki, 29 oktyabr 2025-ci il tarixdə saat 12:00 radələrində yeni Ələt-Astara yolunun Masallı rayonu, Sərçuvar kəndi ərazisindən keçən 143 km-də BDYİ-nin YPX alayının 11-ci tağımının YPX inspektoru, polis baş serjantı X4 və YPX inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən, 726 saylı DYP postunda müvəqqəti dayandırılmış “İJ” markalı motosikletin dövlət qeydiyyat nişansız olduğunu bildirən və nəqliyyat vasitəsinin sahibi kimi özünü təqdim edən Şəxs posta yaxınlaşmışdır. O, mühafizə olunan duracağın qarşısında qəflətən benzin şlanqını çıxararaq motosikletə od vurub yandırmışdır. Dərhal yanğın söndürən balonla yanğının qarşısı alınıb və həmin şəxs inzibati binaya dəvət olunmuşdur. Bu zaman həmin şəxs uca səslə ünvansız nalayiq ifadələrlə motosikleti göstərərək ifadə verməyə başlamışdır. Yol patrul xidməti inspektorları onu sakitləşdirərək dəfələrlə nizamintizama dəvət etsələr də, Şəxs postun qarşısında polisin qanuni tələbinə qəsdən məhəl qoymamış və öz hüquqa zidd hərəkətlərini təxminən 10-15 dəqiqə davam etdirmişdir. Nəticədə, Şəxs Masallı RPŞ-nə gətirilmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuş və digər zəruri olan sənədləri toplayaraq məhkəməyə təqdim etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, 29 oktyabr 2025-ci il tarixdə saat 12:00 radələrində əmisindən aldığı, lakin sürücülük hüququ və heç bir sənədi olmadan idarə etdiyi motosikletlə hərəkətdə olarkən Masallı rayonu, Sərçuvar kəndi ərazisində yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları motosikletin sənədinin olubolmamasını soruşmuş və o, sənədinin olmadığını bildirmişdir. Daha sonra onu YPX postuna aparmışlar. O, əsəbləşərək motosikleti yandırmaq istəmiş, lakin əməkdaşlar buna imkan verməmişlər. Həmçinin, o, polisin qanuni tələbinə tabe olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru, baş polis serjantı Şahid1 izahatında bildirdi ki, 29 oktyabr 2025-ci il tarixdə saat 12:00 radələrində yeni Ələt-Astara yolunun Masallı rayonu, Sərçuvar kəndi ərazisindən keçən 143 km-də xidmətdə olarkən, 726 saylı DYP postunda müvəqqəti dayandırılmış “İJ” markalı motosiklet cərimə meydançasına yerləşdirilmək üçün gətirilmişdir. O, cərimə meydançasının qapısını açarkən Şəxs mühafizə olunan duracağın qarşısında qəflətən benzin şlanqını çıxararaq motosikletə od vurub yandırmışdır. Motosikletin sönməsi üçün bir vedrə su töksələr də, yanğın sönməmişdir. Ona görə də, yanğın söndürən balonla yanğının qarşısını almışlar və həmin şəxs inzibati binaya dəvət edilmişdir. Bu zaman həmin şəxs uca səslə, ünvansız nalayiq ifadələrlə motosikleti göstərərək ifadə verməyə başlamışdır. Onlar onu sakitləşdirərək dəfələrlə nizam-intizama dəvət etsələr də, Şəxs postun qarşısında polisin qanuni tələbinə qəsdən məhəl qoymamış, telefonla çəkiliş apararaq öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru, baş polis serjantı Şahid2 izahatında bildirdi ki, 29 oktyabr 2025-ci il tarixdə saat 12:00 radələrində Masallı rayonu, Sərçuvar kəndi ərazisində yerləşən DYP postunda xidmətdə olarkən müvəqqəti dayandırılmış “İJ” markalı motosiklet cərimə meydançasına yerləşdirilərkən sürücü Şəxs mühafizə olunan duracağın qarşısında qəflətən benzin şlanqını çıxararaq motosikletə od vurub yandırmışdır. Sonra telefonla çəkiliş apararaq uca səslə, ünvansız nalayiq ifadələr işlətmiş və postu da, yandıracağını bildirmişdir. Dərhal su və yanğın söndürən balonla yanğının qarşısını almışlar. Həmin şəxsi sakitləşdirərək dəfələrlə nizamintizama dəvət etsələr də, o, postun qarşısında polisin qanuni tələbinə qəsdən məhəl qoymamış və öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Buna görə də, barəsində qanuna müvafiq tədbir görülməsi üçün raportla müraciət etmişlər. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbsinin başlanğıcı 29 oktyabr 2025-ci il tarixdən, saat 17:25-dən hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 29 oktyabr 2025-ci il tarixdən, saat 17:25-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2282/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2282/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver