Məhkəmə qərarları › İş №3(050)-2310/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2310/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2310/2025 20.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı rayonu, Gəyəçöl kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsilə baxaraq müəyyən etdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə özünə məxsus "Vaz 21074” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edən zaman **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Hadisə nəticəsində yanında olmuş sərnişin R.Eynullayev yüngül dərəcəli xəsarət almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı özünü təqsirli bilir. Əməlindən peşman olmuş, zərərçəkmiş şəxslərlə barışıq əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Səlahiyyətli orqana və zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə hər hansı məlumat verməmişlər. Məhkəmə tərəfindən işə səlahiyyətli orqanın nümayəndəsinin və zərərçəkmiş şəxslərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Röyal Eynullayevlə telefon əlaqəsi saxlanılaraq Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola münasibəti öyrənilərkən o, Şəxs şikayətçi olmadığını, aralarında barışıq əldə edildiyini və dəymiş ziyanı tam şəkildə ödəməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ● 20 oktyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 328.2-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış material Masallı RPŞ-nin DYPB-yə göndərilmişdir. ● 20 oktyabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda istinad edilmiş xx.xx.2025-ci il tarixli 742 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi barədə ekspert rəyindən görünür ki, vət. X1 burun sümüyünün yerini dəyişməyən sınığı və burun belinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı avtomobilin salonundakı qabarıq hissənin təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 07 avqust 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. ● Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 8/2115 nömrəli rəyindən görünür ki, 1a2a. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saata sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. 1b2b. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kia Pride markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. ● 04 noyabr 2025-ci tarixli, seriya İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. İşin hüquqi məsələləri və tətbiq edilən hüquq norması: Məhkəmə qeyd edir ki, İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş 20 oktyabr 2025-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi» barədə qərar, inzibati xəta haqqında protokol, ekspert rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli Qərarının: 2-ci bəndində qeyd edilir ki, Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs iş üzrə iş üzrə zərərçəkmiş şəxslı barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, əməldə ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz; 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən faktiki halları ondan ibarətdir ki, Masallı rayonu Gəyəçöl kəndində qeydiyyatda olan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə köhnə Ələt-Astara şosesinin Masallı şəhəri Bakı prospektindən keçən hissəsində saatda 90 kilometr sürətlə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etmədən, yəni maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saata sürətlə idarə etdiyindən, həmçinin Qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əməl etmədən, yəni, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq üçün mümkün olan bütün addımları atmalı olduğu halda bu hallara riayət etmədən hadisənin qarşısını almağa texniki imkanı olsa da, buna əməl etməyərək Masallı rayonu Öncəqala kəndi istiqamətində hərəkət etmək üçün icazə verilən yerdə əks hərəkət zolağında digər nəqliyyat vasitələrinin hərəkətini bitirməsini gözləyən və avtomobilini tam dayanma həddinə gətirmiş Masallı şəhər Digah küçəsi ev 44-də yaşayış yeri üzrə qeydiyyatda olan X2 idarə etdiyi **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticə də Şəxs avtomobilində sərnişin qismində olan X3 burun sümüyünün yerini dəyişməyən sınığı və burun belinin əzilmiş yarası kimi müəyyən olunan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri almışdır. Bununla da, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adı çəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın İcrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar