Məhkəmə qərarları › İş №3(050)-2334/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2334/2024

24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2334/2024 24.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1976-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir azyaşlı uşağı olan, orta təhsilli, “Four Season” hotelində bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 23 dekabr 2024-cü il tarixli protokola əsasən Şəxs 23 dekabr 2024-cü il tarixdə ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur, yəni xırda xuliqanlıq etmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 23 dekabr 2024-cü il tarixli protokola əsasən Şəxs 23 dekabr 2024-cü il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərərk izahatında bildirdi ki, ilk dəfə adam öldürdüyünə görə 16 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası, Perm şəhərində Solikamsk cəzaçəkmə müəssisəsində cəza çəkmiş və 2011-ci ildə azadlığa buxarılmışdır. 2015-ci ildə isə oğurluq cinayəti törətdiyi üçün 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 2020-ci ilin oktyabr-noyabr aylarında azadlığa buraxılmışdır. 23 dekabr 2024-cü il tarixdə Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən izahat verilməsi üçün şöbəyə dəvət olunmuş, buna görə də, küçədə nalayiq sözlər istifadə edərək, polisin qanuni tələblərinə tabe olmamışdır. Masallı rayon Polis şöbəsinə dəvət olunduğu üçün əsəbi olmuş və özündən asılı olmayaraq söyüş söyməyə başlamışdır. Onun maddi durumuz çətindir və himayəsində bir azyaşlı uşağı vardır. Məhkəmədən barəsində qanuna müvafiq olan cəza verilməsinin xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 izahatında bildirdi ki, 23 dekabr 2024-cü il tarixdə, saat 16:00 radələrində polis serjantı Şahid1la birlikdə Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin icraatında olan quldurluq cinayət işi ilə əlaqədar izahatın alınması məqsədilə Masallı şəhəri, M.Talışxanov küçəsində qeydiyyatda olan Şəxs şöbəyə dəvət etmişlər. Bir saat sonra Masallı rayon Polis şöbəsinin 1 saylı postunun yaxınlığında, 20-30 metrə aralığında Zaman Hüseynovun küçədə ucadan ünvansız nalayiq ifadələrin işlətməsini şahidi olmuşlar və onu nizam-intizam qaydalarına riayət etməyini tövsiyyə etmişlər. Buna baxmayaraq onların qanuni tələbinə tabe olmayaraq, 5- 10 dəqiqə ərzində söyüş söyməyə davam etmişdir. Ona görə də, onu saxlayaraq Masallı rayon Polis şöbəsinə gətirməklə ictimai təhlükəsizlik bölməsinə təhvil vermişlər. X3 rayon Polis şöbəsinə dəvət olunmağında narazı qalaraq küçədə ucadan ünvansız nalayiq ifadələrin işlətmiş, lakin polis əməkdaşları tərəfində ona izah olunmuşdur ki, quldurluq işi ilə bağlı şöbəyə gələrək izahatı verməlidir. Zaman Hüseynova qarşı hadisə zamanı heç bir fiziki zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Post- Patrul Xidmətinin polis serjantı Şahid1 Şahid2 izahatına uyğun, eyni məzmunlu izahat verərək Şəxsu ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu və polisin qanuni tələbinə qəsdən tabe olmadığını təsdiq etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını və bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında X1 əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən və məsuliyyətini yüngülləşdirən halları, maddi cəhətdən cərimə ödəmək imkanının olmamasını nəzərə alaraq və onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. İş materiallarında olan AZA seriyalı 022193 nömrəli 23 dekabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə, saat 17:45-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 23 dekabr 2024-cü il tarixdən, saat 17:45-dən hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 23 dekabr 2024-cü il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar