Məhkəmə qərarları › İş №3(050)-2338/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2338/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2338/2024 26.12.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 26 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-2107/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2107/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən 11 iyun 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs 08 fevral 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməlidir. İcra sənədi icraata qəbul edildikdən sonra 10 avqust 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya təqdim edilərək imza ilə Şəxs tərəfindən qəbul edilmişdir. İcra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hal-hazırda borclu Şəxs aliment borcu 4130 (dörd min yüz otuz) manat təşkil edir. Həmçinin Masallı Rayon Məhkəməsinin 2(050)-2107/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra sənədinin tələbini üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyi üçün icra məmuru borclunun barəsində protokol tərtib edərək məhkəməyə vermiş və Masallı Rayon Məhkəməsinin 3(050)-853/2024 nömrəli, 20 aprel 2024-cü il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. 26 dekabr 2024-cü il tarixdə izahatında borclu qeyd etmişdir ki, onun hal-hazırda 4120 (dörd min yüz iyirmi) manat aliment borcu vardır. O, işləmədiyi üçün hal-hazırda ödəniş edə bilmir. Bildirir ki, onun adında daşınar və daşınmaz əmlak yoxdur. Lakin qardaşının adında torpaq vardır. Qardaşı ona bildirib ki, 15 gun ərzində torpağı satsa ona 1000 manat pul verəcəyini barədə vəd vermişdir. Borclu həmin torpaq sahəsini satışa qoymuşdur. Əgər həmin torpaq sahəsini tez zamanda satsa aliment borcundan 1000 manat ödəniş edəcəyini bildirir. Borclu öz hərəkətləri ilə icra sənədlərindəki tələbləri üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Masallı Rayon Məhkəməsinin 2(050)-2107/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra sənədindəki borcu barədə məlumatı vardır. Bununla bağlı icra məmuru tərəfindən göndərilən bildirişləri almışdır. Onun maddi imkanı olmadığı üçün borcu ödəyə bilməmişdir. Məcburiyyət qarşısında tanışlarından borc pul alaraq 20 aprel 2024-cü il tarixli qərardadn sonra aliment borcundan hər ay 100 manat məbləğində ödəniş etmişdir. Özü atasının və anasının pensiya pulu ilə yaşayır. Qardaşının adında olan torpaq sahəsini satışa qoyub, əgər tez bir zamanda sata bilsə aliment borcundan 1000 manat məbləğində ödəniş edəcəkdir. Vərəm xəstəsi olduğu üçün ağır işdə işləyə bilmir. Məşğulluqda qeydiyyada dursa da, hər hansı iş təklif olunmamışdır. /Məhkəmədən ona 15 gün vaxt verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-2107/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli icra sənədinə əsasən 11 iyun 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs 08 fevral 2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (bır yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X1 verilməlidir. - Masallı Rayon Məhkəməsinin 3(050)-853/2024 nömrəli, 20 aprel 2024-cü il tarixli qərar ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətə inzibati qaydada həbs edilmişdir. - Şəxs 20 aprel 2024 il tarixli izahatından görünür ki, borclunun hal-hazırda X1 olan 3630 (üç min altı yüz otuz) manat aliment borcu vardır. Onun hal-hazırda aliment borcundan ödəniş edə bilməyəki, lakin həmin ayda çalışacaqdır ki, aliment pulundan 100 manat ödəniş etsin. - Şəxs 26 dekabr 2024-cü il tarixli izahatından görünür ki, borclunun hal-hazırda 4120 (dörd min yüz iyirmi) manat aliment borcu vardır. O, işləmədiyi üçün hal-hazırda ödəniş edə bilmir. Onun adında daşınar və daşınmaz əmlak yoxdur. Lakin qardaşının adında torpaq vardır. Qardaşı ona bildirib ki, 15 gun ərzində torpağı satsa ona 1000 manat pul verəcəyini vəd vermişdir. Özü həmin torpaq sahəsini satışa qoymuşdur. Əgər həmin torpaq sahəsini tez zamanda satsa aliment borcundan 1000 manat ödəniş edəcəkdir. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar və İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yəni onun Masallı Rayon Məhkəməsinin 2(050)-2107/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qətnamənin üzrə tələbkara borcu olmasını, neçə il ərzində az bir ödəniş aparmasını, hazırda tələbkara olan borcundan ödəniş aparmaq niyyətində olmadığını, hazırda özünün də, bildirdiyi kimi işləmədiyi üçün cərimə ödəmək iqtidarında olmadığını, yəni qeyd olunan icra sənədindəki tələbi üzürlü səbəb olmadan qərəzli olaraq icra etməməsini nəzərə alaraq, İXM-nin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. İş materiallarından müəyyən olunur ki, Şəxs inzibati qaydada tutulmamışdır. Məhkəmə hesab edir ki, şəxsin inzibati həbsinin başlanğıcı 26 dekabr 2024-cü il tarixdən, saat 12:15-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 26 dekabr 2024-cü il tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar