Məhkəmə qərarları › İş №3(050)-2343/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2343/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2343/2025 20.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə xx xxxxxxx 1955-ci il tarixdə Masallı rayonu, Hüseynhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, təqaüdçü, Masallı rayonu, Öncəqala ərazi dairəsi Hüseynhacılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 29 oktyabr 2025-ci il tarixli protokola əsasən Şəxs 29 oktyabr 2025-ci il tarixdə qanunsuz ov edərək 1 (bir) ədəd fitçi cürə ovlamışdır, qadağan olunuş müddətdə ərazidə ov fəaliyyəti ilə məşğul olmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qızılağac Milli Parkın əməkdaşları tərəfindən tərtib edilmiş 29 oktyabr 2025-ci il tarixli, 000266 nömrəli aktdan görünür ki, 29 oktyabr 2025-ci il saat 18:30 radələrində Milli Parkda mühafizə rejiminin yoxlanılması məqsədilə qəfləti reyd keçirilmişdir. Yoxlama zamanı Hacı postu ərazisində onlara məlum olmayan bir nəfərin ov etdiyini görmüşlər. Milli Parkın əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmişlər. Burda ov etməyin qanunsuz olduğunu bildirmişlər. Ondan kim olduğunu soruşmuşlar, həmin şəxs Masallı rayonu, Hüseynhacılı kənd sakini Şəxs olduğunu bildirmişdir. Onun üzərinə baxış keçirilmiş, baxış zamanı, bir ədəd İJ-58 markalı, 01502 nömrəli, 16 çaplı, qoşa lüləli mülki ov silahı götürülmüşdür. Həmçinin 2 (iki) ədəd zavod istehsalı və 2 (iki) ədəd kustar üsulla hazırlanmış patron götürülmüşdür. Bir fitçi cürə aşkar edilmişdir. Şəxs Azərbaycan Respublikasının “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanunun 19-cu maddəsinin tələblərin pozmuşdur. - Masallı rayon Polis şöbəsi tərəfindən verilmiş 6/2-M nömrəli 28 iyun 2012-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, Şəxs İJ-58 markalı, 01502 nömrəli, 16 çaplı, qoşa lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün icazə verilmişdir. - Şəxs izahatının surətindən görünür ki, o, 29 oktyabr 2025-ci il tarixdə, saat 18:30 radələrində Qızılağac Milli Parkın ərazisində yemək məqsədi ilə bir ədəd fitçi cürəni vurmuşdur. Ona görə də, Milli Parkın əməkdaşları tərəfindən saxlanılmışdır. Ondan bir ədəd 16 kalibrli İJ-58 markalı ov silahı və 4 ədəd patron götürülmüşdür. O, Milli Parkın ərazisinə girişin qanunsuz olduğunu bilir. - İş materiallarında əlavə edilmiş foto şəkillərdə Şəxs təsvir edilmiş, bir ədəd İJ-58 markalı, 01502 nömrəli, 16 çaplı, qoşa lüləli ov silahı, 2 (iki) ədəd zavod istehsalı və 2 (iki) ədəd kustar üsulla hazırlanmış patron, həmçinin bir ədəd fitçi cürə təsvir edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törsətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını və təqaüdçü olduğunu Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Şəxs ov etmək hüququnun olmasına baxmayaraq məhkəmə hesab edir ki, ona ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsinə zərurət yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmetlər müsadirə edilməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş İJ-58 markalı, 01502 nömrəli, 16 çaplı, qoşa lüləli ov silahı, 2 (iki) ədəd zavod istehsalı və 2 (iki) ədəd kustar üsulla hazırlanmış patron qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”na əlavəyə əsasən quş əti tez xarab olan malların siyahısına daxil olduğundan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində maddi sübut kimi saxlanılan 1 (bir) ədəd fitçi cürə quşu qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş İJ-58 markalı, 01502 nömrəli, 16 çaplı, qoşa lüləli ov silahı, 2 (iki) ədəd zavod istehsalı və 2 (iki) ədəd kustar üsulla hazırlanmış patron qərar qanuni qüvvəyə mindikdən sonra müsadirə edilsin. İş üzrə maddi sübut Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində saxlanılan 1 (bir) ədəd fitçi cürə quşu qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar