Məhkəmə qərarları › İş №3(050)-2382/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2382/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2382/2025 20.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ

1. GİRİŞ.

Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkar, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs,

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə

müəyyən etdi:

Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə göstərilir ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1811/2024 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 11.500 manat məbləğində pul və cavabdeh Şəxs 9708 ABŞ dolları pul iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Masallı Rayon Polis şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Masallı Rayon Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 20 noyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1811/2024 saylı icra sənədinə əsasən Cavabdehlər Şəxs və X1 müştərək qaydada 11.500 manat məbləğində pul və cavabdeh Şəxs 9708 ABŞ dolları pul iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi Masallı rayon İcra və Probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə Elektron informasiya sistemindən alınan məlumata əsasən Şəxs tələbin məcburi icraya yönəldilməsi barədə əmlakı müəyyən olunmamışdır. Borclu barəsində əvvəllər axtarış qərarı qəbul edilmişdir. O, tapılaraq icra şöbəsinə gətirilmişdir. Barəsində inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(050)-1394/2025 saylı qərarına əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra icra sənədinin icrası ilə bağlı Şəxs ilə yenidən əlaqə saxlanılmış, o, bu yaxınlarda özünə iş tapdığını bildirmişdir. Şəxs bu gün axtarış qərarına əsasən Masallı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən zaman 2000 manat tələbkara ödənilməsi üçün Masallı Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına pul köçürmüşdür. Həmin pul tələbkar kart hesabı vermiş olduğu halda onun hesabına köçürüləcəkdir. Tələbkar bu pulla razı olmadığı üçün Şəxs barəsində inzibati xəta haqqında protokolu tərtib edilərək məhkəməyə təqdim gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1811/2024 saylı icra sənədindən məlumatlıdır. İcra sənədi üzrə bu gün yəni 20 noyabr 2025-ci il tarixdə səhər saatlarında 2000 manat ödəniş etmişdir. Hazırda da məhkəmə iclasında 2000 manat ödəniş edir. Bundan başqa sabah yəni 21 noyabr 2025-ci il tarixdə tələbkara 3000 manat da ödəniş edəcəkdir. Qalan puldan hər ay ən azı 600 manat maksimum 1200 manat ödəniş edəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs tərəfindən bu gün yəni 20 noyabr 2025-ci il tarixdə 2000 manat Masallı Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmiş, həmin pul hesabına köçürüləcəkdir. Hazırda da məhkəmə iclasında 2000 manat ödəniş etdi. Bundan başqa sabah yəni 21 noyabr 2025-ci il tarixdə tələbkara 3000 manat da ödəniş edəcəkdir. Qalan pulu hər ay ödəyəcəyinə söz verir. Hal-hazırda borclu barəsində heç bir şikayət və tələbi yoxdur. Şəxs barəsində inzibati tənbeh görülməməsini xahiş edir.

2. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

İ. Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 15 yanvar 2025-ci il tarixli qərarından görünür, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1811/2024 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənəd üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. İİ. Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 15 yanvar 2025-ci il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-1811/2024 saylı icra sənədi üzrə borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilməklə ondan icra tələbinin könüllü qaydada icrası tələb olunmuşdur. İİİ. Borclu Şəxs xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli izahatlarından görünür ki, o, icra sənədinin icra etmədiyi halda ilkin olaraq inzibati qaydada tədbir görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. İV. Masallı Rayon Məhkəməsinin 8(050)-156/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü borclu Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olan və yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. V. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(050)-1394/2025 saylı qərarından görünür ki, Şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)- 1811/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Vİ. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş qəbzdən görünür ki, İcra sənədi üzrə Zərərçəkmiş şəxs ödənilməli olan 2000 manat pul Masallı Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülmüş və 2000 manat pul Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Vİİ. Şəxs barəsində olan icra işi ilə bağlı elektron sistemdən çıxarışdan görünür ki, avtomobil nəqliyyatı məlumatları tapılmamış, əmək müqaviləsi məlumatı, pensiya məlumatları, sosial ödəniş məlumatları yoxdur.

3. Hüquqi məsələlər

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının İXM-nin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.

4. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxsnın hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş inzibati xəta müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki hallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatından, həmçinin təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs əməlində Masallı Rayon Məhkəməsinin 2(050)-1811/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədindəki tələbin qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcud deyildir. Belə ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəmə müşavirə otağına gedənədək 4000 manat pulu icra sənədi üzrə öhdəsinə düşən hissədə ödəniş etmiş, xx.xx.2025-ci il tarixdə də 3000 manat ödəyəcəyinə söz vermişdir. Qalan pulun ödənilməsi ilə bağlı icra sənədi üzrə tələbkar və borclu arasında razılıq əldə edilmişdir. Zərərçəkmiş şəxs məhkəmədən borclu Şəxs barəsində inzibati tədbir görülməməsini xahiş etmişdir. Həmçinin borclunun icra sənədinin birdəfəlik icrası üçün yönəldilə biləcəyi hər hansı əmlakının olması müəyyən edilməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədindəki tələbin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta hadisəsi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.

5. NƏTİCƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏRARA ALDİ:

İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar