Məhkəmə qərarları › İş №3(050)-2384/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2384/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2384/2025 15.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs direktoru Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi, vəkil Nümayəndə1 iştirakları ilə Şəxs (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəlbəcər rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kəlbəcər rayon prokurorluğunun müstəntiqi Ramiz Nəbiyev tərəfindən qəbul edilmiş Cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2025-ci il tarixli qərara əsasən toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilməsi, hüquqi şəxs Şəxs və onun vəzifəli şəxsləri olan sabiq sahə rəisi Şahid2, mühəndis-qrup rəhbəri X4 və direktoru Nümayəndə2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın açılması barədə qərarın qəbul edilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi qərara alınmışdır. Həmin qərar əsasında Kəlbəcər rayon prokuroru İlkin İsmayılov tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən hüquqi şəxs Şəxs MMC" (VÖEN: **********) xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan həmin hüquqi şəxsin icraçı direktoru Nümayəndə2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək 02 iyun 2025-ci il tarixdən 27 iyul 2025-ci il tarixə kimi Şahid1, X5, X14 və X6 Ağdərə rayonunun Vəng kəndi ərazisində aparılan tikinti və bərpa işlərinə usta kimi işlərin görülməsinə cəlb etmişdir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icrata başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs direktoru Nümayəndə2 izahatında bildirmişdir ki, "İnvestaz” MMC-də işçilər əmək müqaviləsi bağlanıldıqdan sonra işə cəlb edilirlər. Əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilmə halları olmamışdır. Həmçinin Şahid1, X5, X14 və X7 adlı işçiləri tanımır, həmin işçilər onun tərəfindən Ağdərə rayonunun Vəng kəndi ərazisində aparılan tikinti və bərpa işlərinə usta kimi işlərin görülməsinə cəlb edilməmişdir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi, vəkil Nümayəndə1 bildirmişdir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilmə halları olmamış, buna dair sübutlar onlar tərəfindən təqdim edilmişdir. Qeyd edilən halları nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qaynı X3 rayonunun Vəng kəndi ərazisində işlərini görüb qurtadığını, əvvəl işləyən işçilərə ödənişin yalnız yarısı verildiyindən işçilərin işi yarımçıq qoyaraq getdiklərini, ona görə də, 10 evdə santexnik işləri görmək lazım olduğunu demiş və həmin işlərin tamamlanmasında ona yardım etməsini xahiş etmişdir. Ona görə də, o, oğlu X5 və qayınatası X7 ilə birlikdə həmin əraziyə getmiş və evlərdə işlərini tamamlamışlar. İş başa çatdıqdan sonra Zaurdan ödənişin verilməsini tələb etdikdə, qaynı ödənişi evə qayıtdıqdan sonra verəcəyini demişdir. Onlar Xankəndi şəhərində qaldıqları müddətdə bir neçə gün keçməsinə baxmayaraq, qaynı ödənişi verməmişdir. Sonradan Zaur ödəniş məsələsini Zəmanət adlı bir şəxsin üzərinə yönəltmiş və həmin şəxsin ödənişi gecikdirdiyini demişdir. O isə həmin şəxsi tanımadığı və şirkət haqqında heç bir məlumatı olmadığını qeyd etmişdir. Bununla əlaqədar olaraq Kəlbəcər rayon Polis şöbəsinə müraciət etmiş, iş daha sonra prokurorluğa göndərilmiş, orada ona dedikləri kimi izahat yazmış və imza etmişdir. Ardınca Gəncə şəhərinə və sonradan yenidən prokurorluğa çağırılmışdır. Şirkətə şikayət etdikdən sonra Zəmanət adlı şəxsi tanımış, onun əlaqə nömrəsi şirkət tərəfindən ona təqdim edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ödəniş qaynı tərəfindən verilməli olduğu halda, qaynı vəsaiti xərcləyərək məsuliyyəti şirkətin üzərinə atmışdır. Sonradan qaynı gördüyü işin müqabilində onun pulunu ödəmişdir. Şəxs MMC adlı şirkəti, şirkətin direktoru Nümayəndə2 və Zəmanət adlı şəxsləri əvvəldən tanımamış, onlar tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmişdir. Onu santexnik işlərinin görülməsinə qaynı Zaur cəlb etmiş və görülən işlərin dəyəri ilə bağlı onunla danışıb razılaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Şəxs MMC-də sahə rəisi vəzifəsində çalışmış, tikinti materiallarına və əraziyə nəzarət etmişdir. Ərazinin böyük olması səbəbindən iki sahə rəisi olmuşdur, digər sahə rəisi isə Anar Ağayev olmuşdur. İşə qəbul prosesi şirkət tərəfindən əmək müqaviləsi əsasında həyata keçirilmişdir. Onun işçi cəlb etmək səlahiyyəti olmamışdır, çünki işçilərin adları sistemdə qeydiyyatda olmalıdır, əks halda əmək haqqını şəxsi vəsaiti hesabına ödəməli olardı. Şikayət edən şəxslərin heç birini tanımadığını və görmədiyini bildirmişdir. İşçilərə nəzarəti isə şirkətin əməkdaşları, mühəndislər və digər məsul şəxslər tərəfindən həyata keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Kəlbəcər rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Kəlbəcər rayon prokurorluğunun nümayəndəsinini iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şəxs MMC təsisçisinin 07 noyabr 2024-cü il tarixli qərarından görünür ki, 07 noyabr 2024-cü il tarixdən X8 (AA 1188745, FİN: 1EM4UTG) Cəmiyyətin direktoru vəzifəsindən azad edilmiş; 07 noyabr 2024-cü il tarixdən Nümayəndə2 (AA 2786519, FİN: xxxxxxx) Cəmiyyətin yeni direktoru vəzifəsinə təyin edilmişdir. Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi və ya bununla bağlı digər şəxsə etibarnamə verilməsi Cəmiyyətin direktoru Nümayəndə2 həvalə edilmişdir. - Əmək müqaviləsindən görünür ki, işəgötürən Şəxs MMC-nin direktoru X8 ilə işçi Nümayəndə2 arasında direktor vəzifəsinə işə qəbul edilməsi ilə bağlı 15 noyabr 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. - 90/1a nömrəli, 18 mart 2025-ci il tarixli əmrdən görünür ki, Şəxs MMC-nin sürücüsü ilə Şahid2 18 mart 2025-ci il tarixdən tutuduğu vəzifəsindən azad edilərək həmin Cəmiyyətin sahə rəisi vəzifəsinə təyin olunmuşdur. - Şəxs MMC-nin “Sahə rəisinin” 18 mart 2025-ci il tarixli vəzifə təlimatından görünür ki, sahə rəisi – özünün əmək fəlaiyyətinin təşkili və şərtləri üzrə rəhbərliyə təkliflər vermək; öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və normativhüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək; öz ixtisasını artırmaq hüquqlarına malikdir. - 282/k nömrəli, 25 avqust 2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, Şəxs MMC bölməsində “Sahə rəisi” vəzifəsində işləyən Şahid2 ilə bağlanmış xxxxxxx000800 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən “öz arzusu ilə işdən azad olunmağını xahiş edir” 25 avqust 2025 tarixindən xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, Şahid2 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 17 oktyabr 2024-cü il tarixli əmək müqaviləsi bildirişi ləğv edilmişdir. - Şəxs MMC tərəfindən təqdim edilmiş qüvvədə olan əmək müqavilələrinin əks olunduğu siyahdan görünür ki, 50 (əlli) nəfər işçilərin sırasında Şahid1, X1, X9 və X2 adları qeyd edilməmişdir. Məhkəmə proses iştirakçılarının çıxışını, şahidlərin izahatlarını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Göründüyü kimi, hüquqi şəxs məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Kəlbəcər rayon prokurorluğu tərəfindən qəbul edilmiş 04 noyabr 2025-ci il tarixli “inzibati xəta haqında iş üzrə icraatın başlanması” haqqında qərarda qeyd edilmişdir ki, Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) xeyrinə və maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərar qəbul etmək, fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan həmin hüquqi şəxsin icraçı direktoru Nümayəndə2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək 02 iyun 2025-ci il tarixdən 27 iyul 2025-ci il tarixə kimi Şahid1, X5, X14 və X6 Ağdərə rayonunun Vəng kəndi ərazisində aparılan tikinti və bərpa işlərinə usta kimi işlərin görülməsinə cəlb etməklə, hüquqi şəxs Şəxs MMC bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xətasını törətmişdir. Hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olması üçün əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi lazım idi. Şahid1, X1, X9 və X2 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi işin mübahisəsiz halıdır və burada inzibati xəta hadisəsi mövcuddur. İnzibati xəta hadisəsi mövcud olsa da, inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Lakin iş materiallarında Şəxs MMC-nin direktoru Nümayəndə2 və sahə rəisi olmuş Şahid2 tərəfindən Şahid1, X5, X14 və X2 Ağdərə rayonunun Vəng kəndi ərazisində aparılan tikinti və bərpa işlərinə usta kimi işlərin görülməsinə cəlb edilməsi halı öz təsdiqini tapmamış və bununla bağlı sübutlar təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinin tələbi baxımından inzibati xətanın olub-olmaması, inzibati xəta törədən şəxsin təqsiri və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin, şahidlərin izahatları və digər sənədlərlə müəyyən edilməli olduğu Kəlbəcər rayon prokurorluğu yuxarıda qeyd olunan halları müəyyən etmədən, ətraflı araşdırma aparmadan sadəcə şikayət edən şəxslərin izahatlarını əsas gətirirərək hüquqi şəxsin İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bundan başqa Kəlbəcər rayon prokurorluğu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 83.1-ci maddəsinin tələbi baxımından işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edilərək Şəxs MMC-dən zəruri olan sənədlər tələb edilməsi mümkün olduğu halda bununla bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında araşdırılmış və müəyyən edilmişdir ki, şikayət edən şəxslərdən biri olan və məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şəxs MMC-ni, cəmiyyətin direktoru Nümayəndə2 və Şahid2 adlı bir şəxsi tanımadığını, Ağdərə rayonunun Vəng kəndi ərazisində aparılan tikinti və bərpa işlərinin görülməsinə usta kimi onu, oğlunu və qaynatasını qaynı X9 cəlb etdiyini, görüləsi işlərin dəyəri ilə bağlı bütün danışıqları qaynı ilə apardığını və razılaşdığını, Şəxs MMC adlı şirkəti, şirkətin direktoru Nümayəndə2 və Zəmanət adlı şəxsləri əvvəldən tanımadığını, onlar tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilmədiyini qeyd etmişdir. Eni zamanda şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Şəxs MMC-də sahə rəisi vəzifəsində çalışmış, işlədiyi müddədə işə işçi cəlb etmək hüququ olmadığını qeyd edilmişdir. Şəxs MMC tərəfindən təqdim edilmiş qüvvədə olan müqavilələrin siyahısından görünür ki, 50 (əlli) nəfər işçilərin sırasında Şahid1, X1, X9 və X2 adları qeyd edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati məsuliyyət yalnız inzibati xətanı törətmiş və təqsiri sübuta yetirilmiş şəxsə tətbiq edilə bilər. Bu baxımdan Şəxs MMC öz təqsirsizliyini sübut etməyə borclu deyildir və təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə hesab edir ki, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan hüquqpozmanın subyekti, hüquqi şəxsin təqsiri və inzibati xəta ilə onun hərəkətləri arasında səbəbli əlaqə iş üzrə toplanmış sübutlarla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictima təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 53, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar