Məhkəmə qərarları › İş №3(050)-2385/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2385/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2385/2025 21.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə tərtib edilmiş protokola və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati protokol sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin faktiki halları və tərəflərin izahatları: Masallı RPŞ-nin YPX-nin inspektoru, polis serjantı X1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli, seriya İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:32 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində “VAZ 21061” minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən nəqliyyat vasitəsinin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmişdir. Masallı RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru Nümayəndə məhkəmə iclasında izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:32 radələrində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində “VAZ 21061” minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsini idarə edərkən bir neçə dəfə avtomobilin təkərlərini yolun səthindən qaldırmaqla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş, Şəxs bu hərəkətləri “Tiktok” sosial platformasında “@77-asadov” adlı istifadəçinin hesabından paylaşılmaqla ictimai qınağa səbəb olmuşdur. Bu səbəbdən Şəxs xx.xx.2025-ci YPX əməkdaşları tərəfindən Masallı RPŞ-yə dəvət edildikdən sonra inzibati qaydada tutulmuşdur. Eyni zamanda Şəxs idarə etdiyi “VAZ 21061” minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsi Masallı RPŞ-nin DYP-nin duracağına yerəşdirilmiş, avtomaşına baxış zamanı məlum olmuşdur ki, Sərxan “Tiktok” platformasında videogörüntü yayıldıqdan sonra avtomobilin arxa dövlət qeydiyyat nişanının seriya hərflərini, avtomobilin disklərini və kuzov hissəsinin bir sıra detallarını rəngləyərək dəyişdirmişdir. Məhkəməyə təqdim edilmiş CD diskdə olan videogörüntülərdə Şəxs avtomaşınla avtoxuliqanlıq hərəkətləri etməsi, kənar şəxslərin narahatlığına və digər yol iştirakçılarına maneçilik törətməsinə səbəb olması bir daha təsdiqini tapmışdır. Bundan əlavə Şəxs dəfələrlə inzibati xətalara yol vermiş, avtomobilin üzərində müxtəlif vaxtlarda konstruksiya dəyişikliyi etdiyinə görə barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək İXM-nin müxtəlif maddələri ilə cərimə edilməsinə baxmayaraq, o bundan nəticə çıxarmayaraq, qanuna zidd hərəkətlərini davam etmişdir. Sonuncu tərtib edilmiş protokolla inzibati qaydada tutulmuş Şəxs tanış edilməsi üçün dəvət edilsə də, lakin o, inzibati xəta haqqında protokolla tanış olmaqdan imtina etmiş, imzalamamışdır. Qeyd olunan səbəblərdən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, “VAZ 21061” minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Masallı rayonu, Ərkivan qəsəbəsində yaşamaqla avtomobillərin təmir ustası kimi fəaliyyət göstərir. “Tiktok” sosial şəbəkəsində paylaşılmış videgörüntüdən məlumatsız olmuşdur. Belə ki, xx.xx.2025-i il tarixdə “VAZ 21061” minik markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etməmişdir. İşlədiyi sexdə olmaqla avtomobil üzərində təmir işlərini aparmışdır. xx.xx.2025-ci il tarixdə təmir sexində olduğu müddətə YPX-nin əməkdaşları işlədiyi yerə gələrək, onu RPŞ-yə dəvət etmişlər. O da etiraz etməyərək xidməti avtomaşınla Masallı RPŞ- yə getmiş, rəis Asəf Mustafayevin xidməti otağına aparıldıqdan sonra ona mobil telefonda “Tiktok” sosial şəbəkəsində paylaşılmış videogörüntünü təqdim edilməklə avtoxuliqanlıq hərəkətləri etdiyi bildirilmişdir. Rəisə və orada olan YPX əməkdaşlarına videogörüntüdən ümumiyyətlə məlumatının olmadığını, orada görüntülənən avtomobilin ona məxsus olmadığını bildirmiş, həmin günü sexdə avtomobil təmir etdiyini bildirmişdir. Buna baxmayaraq, polis əməkdaşları tərəfindən əsassız yerə tutulmuş, hazırda isə məhkəməyə gətirilmişdir. İnzibati xətaya yol verməmiş, videgörüntüdə olan avtomobil ona məxsus deyildir, görüntülərdən açıq-aşkar görünür ki, həmin avtomobilin arxa qeydiyyat nişanı düzbucaqlı formasındadır, ona məxsus avtomobilin qeydiyyat nömrəsi isə kvadrat formalıdır. Eyni zamanda görüntülərdə əks olunan ağ rəngli avtomobilin bəzi detalları qara rənglidir, ona məxsus avtomobil isə bütünlüklə ağ rəngdə olan avtomobildir. “Tiktok” sosial platformasında “@77-asadov” hesabının kimə məxsus olmasını bilmir. Həmin videogörüntünün hansı tarixdə yayımlanmasını da bilmir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər də YPX əməkdaşları tərəfindən əsassız yerə və qərəzli şəkildə saxlanılaraq ona zor tətbiq edilmişdir, şikayət etsə də, lakin ərizəsini geri götürmüşdür. Avtomobilinin qeydiyyat nömrələrinin “CT” seriyasının hərflərində iki gün əvvəl yəni xx.xx.2025-ci il tarixdə dəyişiklik etməklə müdaxilə etmişdir. Barəsində bir neçə dəfə inzibati xəta haqqında protokol tərtib edilərək cərimə tənbehləri tətbiq edildiyindən, həm də idarə etdiyi avtomobil texniki baxışdan keçmədiyindən və icbari qaydada sığortalanmadığından müşahidə kameralarına düşəcəyi halda barəsində yenidən cərimə protokolunun yazılacağı səbəbindən qeyd edilən hərəkətlərə yol vermişdir. Lakin, avtomobilin təkərlərinin və digər detallarını rəngləməmişdir. Həmçinin “Tiktok” sosial şəbəkəsinin “@77-asadov” hesabının kimə məxsus olmasını bilmir, ailə üzvləri tərəfindən həmin hesabın kimə məxsus olması barədə araşdırma aparılsa da, lakin nəticə verməmişdir. Buna baxmayaraq, “@77-asadov” hesabından paylaşılan görüntülərə bir neçə kənar şəxslər tərəfindən şərhlər yazılmış, həmin şəxslər şərhlərdə “Serik” və Sərxan adlarından istifadə edərək qeyd edilən hərəkətlərin onun tərəfindən törədilməsinə işarə etsələr də, həmin hərəkətlərə onun tərəfindən yol verilməmişdir. Düzdür, əsl adının Sərxan olmasına baxmayaraq, yaşadığı kəndə hamı onu Serik adı ilə çağırır. Qeyd edilən şərhlər səbəbindən YPX əməkdaşı videogörüntüdə həmin avtoxuliqanlıq hərəkətlərinin onun tərəfindən törədildiyini əsassız yerə iddia etməklə onu RPŞ-yə aparmışlar. Sonda Şəxs qeyd olunanları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Məhkəmə iclasında Şəxs inzibati xətanın törətməsinin görüntülərini özündə əks etdirən 1 ədəd CD-yə “HP” markalı masaüstü kompüter vasitəsi ilə baxış keçirilərkən, kənar şəxslərin gözü qarşısında sürücünün ağ rəngli, “VAZ 21061” minik markalı nəqliyyat vasitəsinin təkərlərini yerin səthindən havaya qaldıraraq ziqzaqvari hərəkət etdirərək yerində 360 dərəcə bucaq altında fırladılması müşahidə edilmişdir. Masallı RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Asəf Mustafayev tərəfindən verilmiş arayışdan görünür ki, Masallı rayonu, Ərkivan qəsəbə sakini Şəxs BDYPİ-nin mərkəzi informasiya sistemi tərəfindən verilmiş məlumatına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək BB 273834 nömrəli sürücülük vəsiqəsi mövcuddur. Lakin, vəsiqə sürücü tərəfindən təqdim edilməmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 022117 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:32-də inzibati qaydada tutulmuşdur. Eləcə də “Tiktok” sosial şəbəkəsinin “@77-asadov” hesabında paylaşılan videogörüntüyə baxış keçirilərkən müəyyən olunur ki, həmin video görüntüyə sosial şəbəkə istifadəçiləri tərəfindən baxılmış və istifadəçilərin “can Serik”, “ Serik yenə fəaliyyətdədi”, “cann ay Sərxan”, “ canım ay Serik”, “ sagol Serik”, “Masallı Ərkivan”, “halaldı Sərxan”, “@ Şəxs həmişəki kimi efirdə”, “@ Şəxs sənsən”, “CT 418 qaqaş çox zloy sürürdə” kimi şərhlər bildirilməsi müəyyən edilmişdir. Həmçinin “@ Patrul.az” rəsmi hesabından şərh bildirilməklə “** CT *** tədbir görülməlidir. Kimisə öldürəcək sonra tədbir görəcəksiz?” kimi şərh yazılmışdır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə Şəxs qeyd edilən inzibati xətaya yol verdiyi tam şəkildə təsdiq edilmişdir. Şəxs məhkəmə iclasında qeyd edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək “Tiktok” sosial platformasında “@77-asadov” hesabında paylaşılan videogörüntüdə olan avtomobilin qeydiyyat nişanının fərqli olmasını və bəzi detallarının ağ rəngdən fərqli olaraq qara rənglə boyalandığını bildirərək özünə haqq qazandırmağa çalışsa da, onun dediklərinin həqiqəti əks etdirmədiyi müəyyən edilmişdir. Belə ki, o, izahatında göstərmişdir ki, idarə etdiyi avtomobilin texniki baxışdan keçmədiyini və icbari qaydada sığortalanmadığını, müşahidə kameralarına düşəcəyi halda barəsində yenidən cərimə protokolunun yazılacağından qorxduğu üçün qeydiyyat nömrələrində “CT” seriyasının hərflərində iki gün əvvəl yəni xx.xx.2025-ci il tarixdə dəyişiklik edərək C hərfini kustar üsulla G hərfi ilə əvəz etdiyini bildirmişdir. Bu halın özü şəxsin yol verdiyi əmələ don geyindirmək məqsədi ilə avtomobilin üzərinə müəyyən dəyişiklikləri qəsdən etməsi təəsüratını yaradır. Həmçinin qeyd ediləməlidir ki, Tiktok” sosial şəbəkəsinin “@77-asadov” hesabında paylaşılan videogörüntüyə şərhlər yazmış şəxslər “Serik” və “Sərxan” adlarından istifadə edərək qeyd edilən avto xuliqanlıq hərəkətinin həmin şəxs tərəfindən törədilməsinə işarə etmişdilər. Məhkəmə iclasında Şəxs bu barədə soruşulmuş, o, həmin şəxslərin qeyd edilən adları istifadə etməklə ona işarə etdiklərini, çünki həmin adlarla ona müraciət olunduğunu adının “Sərxan” olmasına baxmayaraq, yaşadığı kənddə əksər tanışları tərəfindən “Serik” adı ilə çağırıldığını qeyd etmişdir. Eyni zamanda həmin şərhlərin birində istifadəçilərin biri tərəfindən @Şəxs adlı istifadəçinin adı xüsusi qeyd edilərək davamında “həmişəki kimi efirdə” cümləsi yazılmışdır. Həmin profilə daxil olduqda paylaşılmış foto şəkillərə əsasən profil sahibinin barəsində inzibati icraat aparılan şəxs Şəxs olduğu müəyyən edilmişdir. Həmin hesabdakı paylaşımlara nəzər yetirdikdə ** CT *** dövlət qeydiyyat nişanlı ağ rəngli VAZ 2106 markalı avtomobilin bəzi detallarının əzik formadan olduğu, avtomobilin bəzi detallarının qara boya ilə rəngləndiyi, xüsusən də xx.xx.2025-ci il tarixdə paylaşılmış avtomobilin foto şəkillərində ön sağ qanad hissəsinin qara boya ilə rəngləndiyi açıq-aşkar görünür. Bütün qeyd edilənlər videogörüntüdə müşahidə edilən avtomobilin Şəxs məxsus olan VAZ 2106 markalı ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu təsdiq edir. Məhkəmə barəsində inzibati barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd edilən inzibati xətanı tərəməməsi barədə verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən verilmiş izahat özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar yuxarıda qeyd edilən sübutlarla təkzib edilmiş, qeyd edilən halların müqayisəli şəkildə təhlil edilməsi ona əsas verir ki, Şəxs “Tiktok” sosial şəbəkəsinin “@77-asadov” hesabında paylaşılan videogörüntüdə olan avtomobillə avtoxuliqanlıq hərəkətlərini etmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə əqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə şəxsə hansı tənbeh növünün tətbiq edilməsi məsələsi ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs əvvəllər qısa müddət ərzində bir neçə inzibati xətalara yol vermiş, barəsində cərimə tənbeh növləri tətbiq edilməsinə baxmayaraq, heç bir nəticə çıxarmamış, törədəcəyi inzibati xətaları ört-basdır etmək üçün üçün özbaşına avtomobilin dövlət qeydiyyat nişanında dəyişiklik etmiş və ən nəhayət cəmiyyət üçün təhlükəli hesab edilən inzibati xətaya yol vermişdir. Bu baxımdan da ona ancaq maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi tənbehin məqsədlərinə xidmət edə bilər. Törədilmiş inzibati xətanın xarakterini, ilk dəfə qeyd edilən inzibati xətaya yol verməsini, məsuliyyəti yüngülləşdirən halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmaqla inzibati həbs tənbehinin aşağı həddində tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 20 noyabr 2025-ci il tarixdən saat 18:32-dən hesablansın. Qərarın icrası nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsinə dair hissədə Azərbaycan Respublikası DİN-nin BDYP-yə, inzibati həbsə dair hissədə icrası isə Masallı Rayon Polis şöbəsinə həvalə edilsin. Əliyev X2 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar