Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2392/2025 25.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X8 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2007-ci ildə Masallı rayonu Sərçuvar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, Masallı rayonu Sərçuvar kəndində qeydiyyatda olmaqla Masallı şəhərində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 25 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-927/2024 nömrəli, 27 may 2024-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 bildirdi ki, icra sənədi 2025-ci ilin avqust ayında icraatına daxil olmuşdur. Vətəndaş çağırılaraq izahatı alınmış, əmlakı araşdırılmış heç bir əmlak və gəliri olmadığı olmadığından və heç bir ödəniş etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Əvvəllər icra sənədi şöbənin icraatında olmuş, lakin azyaşlı olduğu üçün icra sənədi geri qaytarılmışdır. Heç bir əmlakı olmadığından. Hal-hazırda heç bir ödəniş edə bilmir. Ayağında elektron nəzarət vasitəsi olduğundan heç bir yerdə işləyə bilmədiyini bildirir. Borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, ayağında elektron nəzarət vasitəsi olduğu üçün işlə bağlı hara müraciət edirsə heç kim onu işə götürmür, səbəbdə ayağında elektron nəzarət vasitəsinin olmasını bildirirlər. Bu səbəbdən də heç bir yerdə işləyə bilmir, işləmədiyi halda isə ödəniş edə bilmir. Məhkəmədən nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 2(050)-927/2024 nömrəli, 27 may 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, сavabdehlər Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğlundan və Şəxs müştərək qaydada 3416 (üç min dörd yüz on altı) manat maddi ziyana görə pul və 59 (əlli doqquz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. İş materiallarında olan Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 25 iyul 2024-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-927/2024 nömrəli, 27 may 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş tələbin icra edilməməsi haqqında 23 dekabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2(050)- 927/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbinə əsasən borclular Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğlundan və Şəxs müştərək qaydada 3416 (üç min dörd yüz on altı) manat maddi ziyana görə pul və 59 (əlli doqquz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı X2 verilməlidir. İcra sənədi 24 iyul 2024-cü il tarixdə icraata daxil olmuş, 25 iyul 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək məlumat üçün tələbkara, icra edilməsindən ötrü isə müvafiq bildirişlə borclulara göndərilmişdir. İcra işindən görünür ki, borclulara verilmiş könüllü icra müddətində icra sənədinin tələbi təmin olunmadığı üçün məcburi icra tədbirlərinə başlanmışdır. Məcburi icra tədbiri kimi borcluların adlarına əmlak və gəlirin olmasını müəyyən etmək məqsədilə 25 iyul 2024-cü ildə elektron sistemdə, 29 oktyabr 2024-cü il tarixli məktubla isə müvafiq orqanlara sorğular edilmişdir. İşə əlavə olunmuş aktdan görünür ki, borcluların yaşadığı ünvanda əmlak vəziyyətinə baxış keçirilmişdir. Lakin borclularda tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər müəyyən olunmamışdır. X1 və Şəxs tərəfindən verilmiş və işə əlavə edilmiş izahatlardan görünür ki, borclular qanun tələblərinin onlara aydın olduğunu, məhkəmə qətnaməsini icra etməkdən yayınmadıqlarını qeyd etmişlər. Odur ki, 228300 saylı icra işində olan bütün tədbirlər aktlaşdırılmış, akt iştirakçılarına ucadan oxunmuş və doğruluğu imzaları ilə təsdiq edilmişdir. (imza edənlər: E. Teymurov; B. İbayev; V. Əsədov). İş materiallarında olan Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Emin Teymurov tərəfindən qəbul edilmiş 25 dekabr 2024-cü il tarixli “İcra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması” haqqında qərardan görünür ki, 04 iyul 2024-cü il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş Masallı Rayon Məhkəməsinin 2(050)-927/2024 nömrəli, 27 may 2024-cü il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 14 avqust 2025-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-927/2024 nömrəli, 27 may 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi sözügedən maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə hesab edir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-927/2024 nömrəli, 27 may 2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Niftullayev (Məmmədov) Məhəmməd Ramin oğlu və Şəxs müştərək qaydada 3416 manat maddi ziyanın və 59 manat ödənilmiş dövlət rüsumunun iddiaçı X2 ödənilməsi müəyyən edilmişdir. İcra sənədi üzrə Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən 25 iyul 2024-cü il tarixdə icraata başlanmış, borclulara könüllü icra barədə bildiriş göndərilmiş, ünvanlarında baxış keçirilmiş, onların maddi vəziyyəti araşdırılmış, mövcud əmlak və gəlir müəyyən edilməmişdir. İcra məmuru tərəfindən 23 dekabr 2024-cü il tarixdə tələbin icra edilməməsi aktlaşdırılmışdır. Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru Emin Teymurov tərəfindən 25 dekabr 2024-cü il tarixdə qəbul edilmiş “İcra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarla icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin maddə məcburi icranın həyata keçirilməsinin mümkün olmaması hallarında icra sənədinin icraata xitam verilmədən icra orqanından qaytarılmasını nəzərdə tutur. Qeyd olunan qərardan tələbkar tərəfindən qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verilməmiş, qərar ləğv olunmamış və qüvvədədir. Bu isə hüquqi baxımdan icra məmurunun qərarının icraatda son nəticə hesab edilməsinə səbəb olur. Buna baxmayaraq, Masallı Rayon Məhkəməsi tərəfindən 13 avqust 2025-ci il tarixdə eyni icra sənədi təkrar olaraq icra orqanına göndərilmiş və 14 avqust 2025-ci il tarixli qərarla yenidən icraata başlanmışdır. Halbuki “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsi üzrə qəbul edilən qərar qüvvədə olduğu müddətdə icra sənədi yenidən icraya yönəldilə bilməz. Qanunvericilik icra sənədinin təkrar icraya qaytarılmasını yalnız “İcra sənədinin məhkəməyə qaytarılması haqqında” qərar ləğv edildiyi halda mümkün sayır. Mövcud iş üzrə isə belə hal yaranmamışdır və təkrar olaraq eyni icra sənədi üzrə icraata başlanması üçün hüquqi əsas yoxdur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2392/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2392/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver