Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2400/2025 25.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Masallı şəhəri, Heydər Əliyev prospekti ev 22-də qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli MN ******* və xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokollara və əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar sənədlərlə birlikdə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İşin halları və tərəflərin izahatları: Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid1 tərtib etdiyi xx.xx.2025ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Masallı şəhərində yerləşən çay evində Masallı şəhər sakini X1 ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə tərtib etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasında ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik göstərmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı Nümayəndə izahatında göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Masallı şəhərində yerləşən çay evində Masallı şəhər sakini X5 ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu ictimai yerdə söyüb təhqir etməklə əmlakına ziyan vurması səbəbindən Masallı RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırmanın sonunda cinayət işi başlanması rədd edilməsi barədə qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələri ilə inzibati icraatın açılmasından ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-yə göndərilmişdir. Masallı RPŞ-nin Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli, 97/1-45541/25 nömrəli materialın icrası ilə əlaqədar Şəxs İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid1 tərəfindən şöbəyə dəvət olunmuş və xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində xidməti otağında olmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 232-1-ci maddəsi ilə barəsində inzibati qaydada tədbir görülməsi üçün Təhqiqat Bölməsi tərəfindən qəbul edilmiş qərarla tanış olduqdan sonra qəfildən uca səs hay-küy salmağa və ünvansız nalayiq ifadələr işlətməyə başlamış, qəbul edilmiş qərarın qərəzli və doğru olmadığını bildirərək aqressiv formada uca-səslə hay-küy salmışdır. Həmin vaxt xidməti otaqda olan İTB-in polis sahə rəisi, polis leytenantı Şahid2 və digər polis əməkdaşları sonuncunu sakitləşdirməyə çalışsalar da, lakin Şəxs bundan nəticə çıxarmayaraq, daha şiddətli formada hüquqazidd əməllərinin davam etdirmişdir. Şəxs şöbənin dəhlizində növbətçi hissənin qarşısında olan şəxslərin yanında uca səslə nalayiq ifadələr işlətmiş, şöbənin iş fəaliyyətini qısa müddətli pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan sonra barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Masallı şəhəri, 20 yanvar küçəsində yerləşən “222 Çay evinə” getmiş, çay evində tanışı Elşən Əliyevin masa arxasında əyləşib çay içməsini görmüş, Elşən onu da masa arxasına çay içməyə dəvət etmişdir. Elşəndən istifadəsində olan Samsung markalı, mobil telefonu istəyib alaraq sosial şəbəkələri izləmiş, həmin vaxt əsəbləri pozulmuşdur. Elşənlə söhbət zamanı aralarında narazılıq yaranmış, sözlü mübahisə münaqişəyə çevrilmişdir. Elşəni qorxutmaq məqsədi ilə üzərindəki kiçik bıçağı çıxartmış, Elşən qaçdığına görə onun arxasınca söyüşlər söyərək sonuncunu təhqir etmiş, Elşən Əliyevə məxsus mobil telefonu yerə vurub sındırmışdır. xx.xx.2025-ci il tarixdə Masallı RPŞ-nin İTB-nin sahə rəisi Şahid1 tərəfindən həmin hadisə ilə bağlı qəbul edilmiş qərarla tanış olması üçün şöbəyə dəvət edilmiş, materiallarla tanış olarkən özündən asılı olmayan səbədən xidməti otaqda və inzibati binanın dəhlizində ucadan ünvansız söyüşlər söyməyə başlamış, bu vaxt xidmət aparan digər polis əməkdaşları ona yaxınlaşaraq hüquqazidd hərəkətlərini dayandırmağı tələb etsələr də, lakin o, polis əməkdaşlarının qanuni tələblərini tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu nəzərə alıb barəsində ədalətli qərar edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Şahid1 izahatında göstərdi ki, Masallı RPŞ-in Təhqiqat Bölməsinin xx.xx.2025-ci il tarixli, 97/1-45541/25 nömrəli materialın icrası ilə əlaqədar Masallı şəhər H.Əliyev prospekti ev 22-də qeydiyyata olan Şəxs tərəfindən şöbəyə dəvət olunmuş və xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində xidməti otağında olmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələri ilə barəsində inzibati qaydada tədbir görülməsi üçün Təhqiqat Bölməsi tərəfindən qəbul edilmiş qərarla tanış olduqdan və toplanmış materialları imza etdikdən sonra qəfildən ucadan səs hay-küy salmağa və ünvansız nalayiq ifadələr işlətməyə başlamış, qərarın qərəzli və doğru olmadığını bildirərək aqressiv formada uca-səslə hay-küy salmağa başlamışdır. Həmin vaxt xidməti otağında olan İTB-in polis sahə rəisi, polis leytenantı Şahid2 və digər polis əməkdaşları sonuncunu sakitləşdirməyə çalışsalar da, bundan nəticə çıxarmaq əvəzinə, daha da əsəbiləşmiş və öz hüquqazidd əməllərinin davam etdirmişdir. Təxminən 3-4 dəqiqə davam edən müddət ərzində Şəxs xidməti otağından çıxmış, qapını sərt şəkildə örtmüş və dəhlizdə öz hüquqzidd əməllərini davam etdirmişdir. C.Rəfıyev şöbənin dəhlizində növbətçi hissənin qarşısında orada olan 6-7 vətəndaşın yanında uca səslə nalayiq ifadələr işlətmiş, şöbənin iş fəaliyyətinin qısa müddətli pozmuş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı Şahid2 və İTB-nin polis sahə rəisi polis kapitanı Şahid3 Şahid1 ilə eyni məzmunlu izahat verərək həmin xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı polis mayoru X2 icraatında olmuş HK- 1/3127 nömrəli material üzrə aparılan araşdırmanın nəticəsində Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 232-1-ci maddələri inzibati icraatın açılmasından ötrü material üzrə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15 radələrində Masallı şəhərində yerləşən çay evində Masallı şəhər sakini X1 ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Nümayəndə tərəfindən tərtib olunmuş .11.2025-ci il tarixli, MN ******* saylı və xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasında ictimai yerdə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmiş və polis əməkdaşlarına tabesizlik barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmənin mövqeyi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafı ilə yananşı, protokolları tərtib etmiş səlahiyətli şəxslərin və şahidlərin izahatı, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar, habelə işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İş materiallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müxtəlif vaxtlarda, yəni xx.xx.2025-ci il tarixdə İXM-nin 510-cu maddəsi ilə, xx.xx.2025-ci il tarixdə isə İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətdiyindən barəsində həmin inzibati xətaların hər birinə görə ayrı-ayrılıqda inzibati tənbeh tədbiri tətbiq edilməli və qanunun analogiyası tətbiq edilməklə təyin edilmiş inzibati tənbehlər toplanmaqla ona qəti tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Eyni Məcəllənin 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Məhkəmə inzibati xətanı törədən şəxsin şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, təhlükəliliyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə ayrıca, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və MN ******* nömrəli protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətalara görə isə İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh növü tətbiq edilməli, təyin edilmiş inzibati tənbehlər qismən toplanılmaqla ona qəti tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2, 34.3 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs xx.xx.2025-ci il tarixli MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 12 (on iki) gün müddətə inzibati qaydada həbs edilsin. Təyin edilmiş inzibati tənbehlər qismən toplanılmaqla, Şəxs qəti olaraq 16 (on altı) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 25 noyabr 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə həvalə edilsin. Rəfiyev X4 Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-2400/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2400/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver