Məhkəmə qərarları › İş №3(050)-2401/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-2401/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-2401/2025 27.11.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən Şəxs barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Masallı Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Şəxs barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və digər sənədlər natamam olduğuna və işə baxılarkən tamamlamaq mümkün olmadığına görə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Şəxs Masallı şəhərində yerləşən çay evində X1 mobil telefonunu sındırmışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında material tədqiq edilən zaman müəyyən olunmuşdur ki, Şəxs hüquqzidd əməli nəticəsində X2 hansı məbləğdə ziyan dəyməsi ilə bağlı hər hansı sənədi iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozisiyasından görünür ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Belə olan halda məhkəmə qeyd edir ki, araşdırılma zamanı Şəxs hüquqzidd əməli sübuta yetirilərsə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan tənbeh tədbirinin tətbiq olunmasına çətinlik yaradacaqdır. Çünki, inzibati xəta nəticəsində vurulmuş ziyanın məbləği məhkəməyə aydın deyil. Həmçinin tərtib edilmiş inzibati xəta haqqında protokola zərərçəkmiş şəxsə yetirilmiş maddi zərərlə bağlı hər hansı qeydlər edilməmiş, zərərçəkmiş şəxsin şəxsiyyətini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.5.6-cı maddələrinə əsasən nömrələnmiş blankda tərtib edilmiş inzibati xəta haqqında protokolda olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin soyadı, adı, atasının adı və onların yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları göstərilməlidir. Həmin Məcələnin 100.5.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər inzibati xəta haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 109.1.6-cu maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, protokol və digər sənədlər natamam olduğuna, işə baxılarkən tamamlamaq mümkün olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Masallı Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Masallı Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar