Məhkəmə qərarları › İş №3(050)-2403/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2403/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2403/2025 15.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X4, qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qərardan şikayət verən şəxs X5 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 30 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, hesab edir ki, qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qərarda göstərilir ki, guya 14 oktyabr 2025-ci il tarixli ******* saylı protokolla Masallı rayonu, Musaküçə kəndi ərazisində yerləşən inşaat materialları mağazasında əmələ gələn tullantıları qalaqlamış və yandırmışdır. Həmin vaxt obyektə gələn əməkdaşlara da, bu barədə məlumat verilmişdir. Mağazadan bir neçə metr aralıda kanala yığılmış zibillərin isə onunla heç bir əlaqəsi yoxdur. Hesab edir ki, inzibati xəta haqqında protokolu tərtib edən şəxs zibilin məhz onun və ya əməkdaşları tərəfindən atılması barədə müvafiq sübutlar təqdim etməli idi. İndiki halda isə belə bir sübut mövcud deyil. Bundan əlavə bildirir ki, iş üzrə inzibati xəta haqqında protokol tərtib edilərkən bir sıra pozuntulara yol verilmişdir. Belə ki, inzibati xəta haqqında protokol tərtib edilən zaman barəsində ona məlumat verilməmişdir. Həmçinin inzibati xəta haqqında protokol ehtimal olunan inzibati xətanın aşkar edilməsindən uzun müddət sonra tərtib edilmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X5 şikayəti müdafiə edərək göstərmişdir ki, hadisə ilə bağlı yalnız 1 nəfər Ekologiya əməkdaşı əraziyə gəlib, sonra isə oradan çıxıb getmişdir. Səhəri gün isə yenidən gəlib, xəndəkdə boş qutular olduğu barədə fotoşəkil göstərmiş və bu qutuların onlara aid olduğunu iddia etmişdir. O isə həmin qutuların özlərinə aid olmadığını bildirmişdir. Lakin əməkdaşlar buna baxmayaraq cərimə tətbiq ediləcəyini demişlər. İnzibati protokol fiziki olaraq yazılmayıb, yalnız planşetdə nəsə tərtib edilmişdir. Xəndək isə mağazadan təxminən 20 metr aralıda yerləşir və orada olan qutuların üzərində yazı olduğuna fikir verilməmişdir. Zibil qutuları mağazanın qarşısında yerləşir və zibillər ora atılır, daha sonra isə MKTB tərəfindən 1-2 gündən bir daşınır. Xəndəyi həmin gün özləri təmizləmişlər ki, onların barəsində əsassız protokol tərtib edilməsin. Ərazinin sonradan da, təmiz saxlanılması üçün tədbirlər görülür. Belə ki, hazırda həmin ərazi təmizdir, gündüz saatlarında özləri tərəfindən nəzarət edilir, gecə vaxtı isə qarovulçunun nəzarətdə olur ki, başqa şəxslər həmin ərazini yenidən çirkləndirilməsin. Eyni zamanda həmin mağazada işləsə də, mağazada vergi ödəyicisi kimi o, yox, başqa şəxs qeydə alınmışdır. Bu səbəbdən məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə şikayəti qəbul etməyərək göstərmişdir ki, yoxlamaların keçirilməsi ilə bağlı rəisin müvafiq sərəncamı olur və hansı ərazilərdə yoxlama aparılacağı həmin sərəncam əsasında müəyyən edilir. Eyni zamanda inspektor xidmət zamanı ərazidə pozuntu aşkar etdikdə inzibati xəta haqqında protokol tərtib edir. Zibilin qalaqlandığı ərazi mağazanın tam arxa hissəsində yerləşir. Həmin ərazi ilə bağlı bir neçə dəfə xəbərdarlıq edilmiş, lakin nəticə əldə olunmadığından müvafiq tədbirlər görülmüşdür. Təqdim edilən şəkillər də, məhz həmin gün çəkilmiş, şəkillərdə görünən şəxs isə idarənin əməkdaşıdır. Bu səbəbdən şikayətin təmin edilməməsi xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Rafiq Ədilovun 13 oktyabr 2025-ci il tarixli 0430 saylı sərəncamından görünür ki, Masallı rayonu ərazisində 5 iş günü müddətində nəzarət tədbirləri keçirilməsi, keçirilmiş nəzarət tədbirləri nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görülməsi, sənədləşmə işləri aparılması və görülmüş tədbirlər barədə rəhbərliyə xidməti məruzə təqdim edilməsinə sərəncam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 oktyabr 2025-ci il tarixli 094364 nömrəli aktın surətindən görünür ki, idarənin 13 oktyabr 2025-ci il tarixil 0430 saylı sərəncamına əsasən ətraf mühitin mühafizəsi tələblərinə uyğun olaraq ekoloji tarazlığın qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə və müvafiq qanunvericiliyin aktlarına riayət olunması məqsədilə keçirilən növbəti reyd zamanı xidməti əraziyə daxil olan Masallı rayonu, Musaküçə kəndi ərazisində İnşaat materialları satılan mağazanın sahibi X5 tərəfindən mağazada əmələ gələn tullantıların qalaqlanaraq yandırılması faktı tərəflərindən aşkar olunmuşdur. Araşdırma müddətində Telman Ələkbərov yazılı izahat verməkdən imtina etmişdir. Araşdırmanın nəticəsi olaraq akt və Telman Ələkbərov barəsində İXM-nin 271-ci maddəsinə uyğun olaraq vəzifəli şəxs qismində protokol tərtib edilmişdir. Akt 2 (iki) nüsxədən ibarət tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X2 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayonu, Musaküçə kənd ərazisində inşaat materialları mağazasında əmələ gələn tullantıların qalaqlanması və yandırılması aşkar olunmuşdur. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, 16 may 2021-ci il tarixli ərizəyə əsasən X4 fəaliyyətinin 16 may 2021-ci il tarixdən 16 may 2061-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, inşaat mağazasının qarşısında həmin ərazidə məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş zibil qabları mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. 31.1. Yoxlamanın nəticələri yoxlama aktı ilə rəsmiləşdirilir. Yoxlama aktında 31.2.3. yoxlamaların vahid məlumat reyestrindən verilən kod; 31.2.4. yoxlanılan sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 31.2.8. sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat; 31.2.9. yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə); 31.2.10. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri və 31.2.12. yoxlama aktına əlavə edilən sənədlərin siyahısı və s. göstərilir. Məhkəmə ilk növbədə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Rafiq Ədilov tərəfindən Masallı rayonu ərazisində nəzarət tədbirləri keçirilməsi, keçirilmiş nəzarət tədbirləri nəticəsində vəzifə səlahiyyətlərinə uyğun olaraq müvafiq tədbirlər görülməsi, sənədləşmə işləri aparılması və görülmüş tədbirlər barədə rəhbərliyə xidməti məruzə təqdim edilməsinə sərəncam verilsə də, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Qanunun tələbinə əsasən yoxlama yoxlayıcı orqanın rəhbəri tərəfindən imzalanan qərar əsasında aparılır. Eyni zamanda yoxlamanın aparılması yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmalıdır. Lakin iş materiallarından müəyyən olunur ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Rafiq Ədilov tərəfindən belə bir qərar qəbul olunmamış, yoxlama başlamazdan əvvəl yoxlayıcı tərəfindən yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Belə olan halda sözügedən qanunun 3.2-ci maddəsinin tələbi baxımından yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Bundan başqa yoxlamanın nəticəsi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən 14 oktyabr 2025-ci il tarixli 094364 nömrəli aktla rəsmiləşdirilsə də, yuxarıda qeyd olunan Qanunun 31.2-ci maddəsinin tələbi baxımından yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod; vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; sahibkara yoxlama zamanı onun hüquq və vəzifələrinin izah edilməsi haqqında məlumat; yoxlamanın başlama və başa çatma tarixləri; yoxlama suallarının siyahısının konkret suallarının nömrələri göstərilməklə aşkar olunmuş qanun pozuntularının məzmunu və yoxlama aktına əlavə edilən sənədlərin siyahısı və s. göstərilməmişdir. Bundan əlavə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçimüfəttişi X2 tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 14 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən X5 tərəfindən Masallı rayonu, Musaküçə kənd ərazisində inşaat materialları mağazasında əmələ gələn tullantıların qalaqlanması və yandırılması qeyd olunsa da, qeyd olunan tullantıların qalaqlanması və yandırılması əməllərinin bilavasitə Telman Ələkbərov tərəfindən törədilməsini təsdiq edən hər hansı sübut, foto, video çəkiliş, şahid ifadəsi və ya digər maddi sübutlar təqdim edilməmişdir. Eyni zamanda, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, obyektin ətraf ərazisində məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş zibil qabları mövcuddur. Bundan başqa 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 11 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, X4 inşaat materialları mağazası üzrə fəaliyyəti 16 may 2021-ci il tarixdən 16 may 2061-ci il tarixədək dayandırılmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, inzibati məsuliyyət yalnız inzibati xətanı törətmiş və təqsiri sübuta yetirilmiş şəxsə tətbiq edilə bilər. Bu baxımdan X5 öz təqsirsizliyini sübut etməyə borclu deyildir və təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmədə hesab edir ki, inzibati məsuliyyətin tətbiqi üçün zəruri olan hüquqpozmanın subyekti, şəxsin təqsiri və inzibati xəta ilə onun hərəkətləri arasında səbəbli əlaqə iş üzrə toplanmış sübutlarla sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictima təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, X5 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 30 oktyabr 2025-ci il tarixli qərarını 2025-ci ilin noyabr ayının 11-də poçt vasitəsilə almış və 21 noyabr 2021-ci il tarixdə şikayəti rabitə orqanına təhvil vermişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 10 gün müddət ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X7 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, 30 oktyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar