Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2408/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katini X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu Qəriblər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu Qəriblər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Masallı rayonu Qəriblər kəndi ərazisində uca səslə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadə verərək bildirdi ki, yaşadığı Qəriblər kəndində mağazadan pivə alıb içmişdir. Belində fəqərə yırtığı olduğu üçün ağır işlər işləməyə getdiyi zaman bədənində ağrılar olur bu səbəbdən iki dənə pivə içmişdir. Spirtli içki ona düşmədiyinə görə içdikdən sonra özündə olmamışdır. Ola bilər ki, özü-özlüyndə söyüşlər söymüşdür. Polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt olanlar yadında deyildir. İçki içdikdən sonra özündə olmur, yaddaşı gedir. Ona qarşı zor tətbiq edilməmişdir. Ailəlidir, beş uşağı vardır və 4 uşağı yetkinlik yaşına çatmamış, azyaşlıdırlar. Məhkəmədən ona cərimə cəzası verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, xx.xx.2025ci il tarixdə Masallı RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X1 rayonu Qəriblər kəndində xidmətdə olan zaman bir nəfər şəxsin kəndin içərisində uca səslə söyüş söydüyünü görüb həmin şəxsə yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra ictimaiyyət arasında uca səslə söyüş söyməyin inzibati xəta olduğunu bildirib etdiyi əməllərdən çəkinməsini söyləmişlər. Lakin adını sonradan bildikləri Masallı rayonu Qəriblər kənd sakini Şəxs spirtli içkinin təsiri altında etdiyi əməlləri davam etdirərək yenədə söyüş söyməyə başlamışdır. Bundan sonra həmin şəxsi Masallı RPŞ-nə dəvət etmişlər. Hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Nurlan Hüseynov tərəfindən xx.xx.2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə saat 22-də inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 17-də azad edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsində qeyd edilmişdir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Bu səbəbdən Şəxs inzibati qaydada tutulduğu müddət ona cərimə cəzası təyin edilən zamanı nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-2408/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2408/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver