Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2422/2025 12.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə 11 mart 1991-ci il tarixdə Masallı rayonu, Eminli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Eminli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli protokola əsasən 11 noyabr 2025-ci il tarixdə Şəxs xüsusi icazə olmadan ov silahının daşınma və saxlama qaydasını pozmuşdur. İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli protokola əsasən 11 noyabr 2025-ci il tarixdə Şəxs ov qaydalarını pozması, icazəsi olmadan qadağan edilmiş yerdə alət və vasitələrlə ov etməsi aşkar olunmuşdur. Cinayət hadisəsi olmadığından və Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 272- 1 və 590.2-ci maddələrinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Asiman Abdullayev tərəfindən 21 noyabr 2025-ci il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Masallı Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli qərardadına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli və Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 27 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollarla bağlı 3(050)-2426/2025 nömrəli işin 3(050)-2422/2025 nömrəli işlə bir icraatda birləşdirilərək eyni vaxtda baxılması, birləşdirilmiş işdə 3(050)- 2422/2025 nömrəsinin saxlanılması qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Masallı rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrinin tərkibi olduğundan inzibati qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə verilmiş, 12 kalibrili, İJ-58 markalı, nömrəsiz, qoşa lüləli mülki ov tüfəngi, 1 ədəd patrondaş, 26 ədəd patron, ov üçün nəzərdə tutulmuş 1 ədəd radio tipli meqafon, 1 ədəd baş üçün fənər, 1 ədəd batareyka, 1 ədəd baş üçün nəzərdə tutulmuş fənər saxlanılmasından ötrü Masallı rayon Polis şöbəsinin aidiyyatı xidmətinə verilmişdir. Şəxs götürülmüş 2 ədəd (1 ədəd qaşqaldaq və 1 şöl quşu) tez xarab olan məhsul olduğu üçün məhv edilməsi nəzərə alınmışdır. - 11 noyabr 2025-ci il tarixli izahatından görünür ki, 10 noyabr 2025-ci il tarixdə axşam saatlarında ona məxsus, baba yadigarı olan İJ-58 markalı ov tüfəngini götürərək ov etmək üçün Eminli kəndində yerləşən “Həsənov” adlandırılan açıq əraziyə getmişdir. Onun buraya gəlməkdə məqsədi ov etmək olmuşdur. Həmin ərazidə təxminən 2 saat ov etmiş və nəticədə bir ədəd qajqaldaq cinsli, bir ədəd də, ördək cinsli quş vurmuşdur. Bu zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdir. Həmin şəxslər ona etdiyi ovun qanunsuz olduğunu izah etmişdir. Eyni zamanda, özlərini polis əməkdaşı kimi təqdim edən şəxslər onun izahatının alınması üçün Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. O, həmin şəxslərlə birlikdə Masallı RPŞ-yə gəlmişdir. Etdiyi əməlin qanunsuz olduğunu Masallı RPŞ-yə gəldikdən sonra bilmişdir. Etdiyi əməldən peşmandır və gələcəkdə bir daha belə hallara yol verəcəyi təqdirdə qanunla məsuliyyət daşımağa hazırdır. - VMAS-da yoxlama nəticəsi barədə məlumatdan görünür ki, yoxlama zamanı Şəxs şəxsiyyət vəsiqəsi almadığı üçün VMAS-da şəxsiyyəti aşkar olunmadı. - Masallı RİHB-nın Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, fotoda göstərilən şəxs 11 mart 1991-ci il təvəllüdlü Şəxsdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 272-1 və 590.2-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə – inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 272-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş predmetlər 1 ədəd 12 kalibirli “İJ” markalı, nömrəsiz, qoşa lüləli mülki ov tüfəngi, 1 ədəd patrondaş və 26 ədəd patron İXM-nin 77.3-cü maddəsinin tələbinə əsasən müsadirə edilməklə aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. İnzibati xətanın törədilməsində alət olmuş predmetlər - ov üçün nəzərdə tutulmuş 1 ədəd radio tipli meqafon, 1 ədəd baş üçün fənər, 1 ədəd batareyka, 1 ədəd baş üçün nəzərdə tutulmuş fənər qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs geri qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 19 mart tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları”na əlavəyə əsasən quş əti tez xarab olan malların siyahısına daxil olduğundan 1 ədəd “qajqaldaq” cinsli və 1 ədəd “ördək” cinsli quşların məhv edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər - 1 ədəd 12 kalibirli “İJ” markalı, nömrəsiz, qoşa lüləli mülki ov tüfəngi, 1 ədəd patrondaş və 26 ədəd patron müsadirə edilməklə 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İş üzrə maddi sübut Masallı rayon Polis şöbəsinin İTB-də saxlanılan inzibati xətanın törədilməsində alət olmuş predmetlər - ov üçün nəzərdə tutulmuş 1 ədəd radio tipli meqafon, 1 ədəd baş üçün fənər, 1 ədəd batareyka, 1 ədəd baş üçün nəzərdə tutulmuş fənər qərar qanuni qüvvəyə mindikdən sonra Şəxs geri qaytarılsın. İş üzrə maddi sübut 1 ədəd “qajqaldaq” cinsli və 1 ədəd “ördək” cinsli quşların məhv edilməsi nəzərə alınsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2422/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2422/2025
12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver