Məhkəmə qərarları › İş №3(050)-2442/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2442/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2442/2025 04.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli 04 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs Masallı Rayon Məhkəməsinin 2(050)-1766/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Masallı rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1766/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra sənədinə əsasən 28 may 2014-cü il təvəllüdlü X4 və 11 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanıması üçün hər ay bir uşağa görə 150 manat ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi Masallı rayon İcra və probasiya şöbəsinin icraatına qəbul edildikdən sonra 24 iyul 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar və könüllü icra barədə bildiriş borclunun yaşadığı ünvana göndərilmişdir. Borclu izahatında bildirmişdir ki, hazırda 1000 manat ödəniş etmək istəyir, həmçinin hər ay 300 manat alimentdən əlavə 100-150 manat ödəniş edəcəkdir. Həmçinin tələbkarla telefonla əlaqə saxlanılaraq müəyyən edilmişdir ki, borclu 13 fevral 2024-cü il tarixdə 300 manat ödəniş etmiş, əlavə olaraq 1400 manat məbləğində ödəniş etmiş və hal-hazırda 7000 manat məbləğində aliment borcu mövcuddur. Borclu öz hərəkətləri ilə icra sənədindəki tələbi üzrsüz səbəbdən icra etmədiyindən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, cəmi 1700 manat məbləğində ödənişdən əlavə ay ərzində 100-200 manat əlbəəl tələbkara pul vermişdir. Təxminən 5 ay olar ki, böyrəklərindən müalicə aldığı üçün işləmir. Hazırda 1000 manat ödəniş edə bilər. Bundan sonra isə 300 manat məbləğində alimentdən əlavə olaraq hər ay 100–150 manat məbləğində ödəniş edə bilər. İşləyib aliment borcundan ödəniş etmək üçün cərimə növündə tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış mötəbər sübutlarla tam sübuta yetirilir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı Rayon Məhkəməsinin 2(050)-1766/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 28 may 2014-cü il təvəllüdlü X4 və 11 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanıması üçün hər ay bir uşağa görə 150 manat, ümumilikdə 300 (üç yüz) manat sabiq pul məbləğində aliment Şəxs alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1766/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 24 iyul 2023-cü il tarixli bildirişindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1766/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra sənədi üzrə borclu Şəxs faktiki yaşadığı ünvanına göndərilmişdir. - Şəxs 04 dekabr 2025-ci il tarixli izahatından görünür ki, 2(050)-1766/2023 nömrəli, 17 iyul 2023-cü il tarixli icra sənədi barədə xəbəri vardır, onun hal-hazırda 7000 manat məbləğində aliment borcu mövcuddur və bu borcdan 1000 manat məbləğində ödəniş edə bilər. Qalan borcu isə alimenti ödəmək şərtilə hər ay əlavə olaraq 100–150 manat məbləğində ödəyə biləcəyini, özü maşın ustası olduğunu qeyd etmişdir. Bununla əlaqədar əvvəl inzibati sonra cinayət məsuliyyətinə cəlb olunacağı barədə ona məlumat verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında Şəxs göstərilən qaydada inzibati məsuliyyətdən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs aliment borcundan 1000 manat ödəniş etməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən və məsuliyyətini yüngülləşdirən halları, işlədiyi müddətdə aliment borcundan ödəniş etməsini nəzərə alaraq, İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar