Məhkəmə qərarları › İş №3(050)-2456/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2456/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2456/2025 16.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə X2 Bakı şəhər X7 İdarəsinin EQ seriyalı 29221344 nömrəli, 13 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və EQ seriyalı 29430439 nömrəli 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasına dair Bakı şəhər X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-1916116 nömrəli 21 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğvi barədə şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə müraciət edərək EQ seriyalı 29221344 nömrəli, 13 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və EQ seriyalı 29430439 nömrəli 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə saxlanılmasına dair BDYPİ-nin 16/1-1916116 nömrəli, 21 oktyabr 2025-ci il tarilxi inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, 13 iyul 2025ci il tarixli mübahisələndirilən qərarda qeyd olunmuşdur ki, həmin tarixli EQ 29221344 saylı protokol əsasında müəyyən edilmişdir ki, X4 13 iyul 2025-ci il tarixdə saat 14:13-də M-3, E- 119, AH-8 Ələt-Astara-İran avtomobil yolunun 200-cü kilometrliyində mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə ona 50 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş, əlavə olaraq sürücülük vəsiqəsinə 2 bal tənbeh tətbiq olunmuşdur. 22 iyul 2025-ci il tarixli mübahisələndirilən qərarda isə qeyd olunmuşdur ki, həmin tarixli EQ 29430439 saylı protokol əsasında müəyyən edilmişdir ki, X4 22 iyul 2025ci il tarixdə saat 13:49-da M-3, E-119, AH-8 Ələt–Astara–İran avtomobil yolunun 200-cü kilometrliyində mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə ona 10 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, qeyd olunan qərarlar tamamilə əsassız və qanunsuzdur və onun əməllərində inzibati xəta tərkibi mövcud deyildir. SMS radar vasitəsilə göndərilmiş videogörüntüdən də görünür ki, hadisə qərarlarda qeyd edilən M-3, E-119, AH-8 Ələt- Astara-İran avtomobil yolunun 200-cü kilometrliyində deyil, Lənkəran şəhəri ərazisində baş vermişdir. Sözügedən ərazi Ləvəngi dairəsi istiqamətindən Şəhidlər Xiyabanı istiqamətinə gedən yol olmaqla, Sultan Saray şadlıq sarayına təxminən 200 metr qalmış məsafədə yerləşir. Lənkəran Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 3(049)-610/2025 saylı qərarı ilə onun şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 13 iyul 2025-ci il tarixli EQ 29221344 saylı və 22 iyul 2025-ci il tarixli EQ 29430439 saylı inzibati tənbeh vermə haqqında elektron qərarları ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilmişdir. Bununla belə, Baş X7 İdarəsinin 21 oktyabr 2025-ci il tarixli, 16/1- 191616 nömrəli qərarında yalnız bir cümlə ilə onun guya həqiqətən sürət həddinin tələblərini pozmasının təsdiqini tapdığı qeyd edilmişdir. Həmin qərar kifayət qədər əsaslandırılmamışdır və əsaslandırılması da, mümkün deyildir. Belə ki, hazırkı şikayətin faktiki halları və Lənkəran Rayon Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, 3(049)- 610/2025 saylı qərarından da açıq şəkildə görünür ki, onun əməllərində inzibati xəta tərkibi mövcud deyildir. Qeyd edir ki, mübahisələndirilən qərar 15 noyabr 2025-ci il tarixdə poçt vasitəsilə alınmışdır. Baş X7 İdarəsinə və qərardan şikayət verən şəxs X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə, elektron məhkəmə sistemi vasitəsilə qərardan şikayət verən şəxsin istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq Baş X7 İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Qərardan şikayət verən şəxs gəlməmiş, elektron məhkəmə sistemi vasitəsilə ərizə göndərərək səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin və qərardan şikayət verən şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Lənkəran Rayon Məhkəməsinin 3(049)- 610/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, X2 şikayəti təmin edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 13 iyul 2025-ci il tarixli, EQ 29221344 saylı inzibati tənbeh vermə haqqında və 22 iyul 2025-ci il tarixli, EQ 29430439 saylı inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi, inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-1916116 nömrəli, 21 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, müxtəlif tarixlərdə «Hyundai» markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 328.1 və 328.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalara yol veriməsi faktları üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin Baş X7 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında vətəndaş X4 barəsində EQ 29221344, EQ29430439 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Vətəndaş E.Məmmədov, barəsində çıxarılmış elektron qərarlardan Lənkəran Rayon Məhkəməsinə şikayət vermiş və 11 sentyabr 2025-ci il tarixdə məhkəmədə işlərə baxılaraq EQ 29221344, EQ29430439 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsi və həmin inzibati xəta haqqında işlərin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında işlərə yenidən baxılarkən qeyd olunan faktlar təsdiqini tapmış, elədə də, inzibati xətaların aşkarlanmasında və elektron qərarların çıxarılmasında hər hansı qanun pozuntusu halı müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 328.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarının törədilməsinə görə vətəndaş X4 barəsində 10 (on), 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Lənkəran Rayon Məhkəməsinin 3(049)-610/2025 nömrəli, 11 sentyabr 2025-ci il tarixli qərarına əsasən X2 şikayəti təmin edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 13 iyul 2025-ci il tarixli, EQ 29221344 saylı inzibati tənbeh vermə haqqında və 22 iyul 2025-ci il tarixli, EQ 29430439 saylı inzibati tənbeh vermə haqqında elektron qərarları ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında Baş X7 İdarəsində inzibati xəta haqqında işlərə yenidən baxılarkən qeyd olunan faktlar təsdiqini tapmış, elədə də, inzibati xətaların aşkarlanmasında və elektron qərarların çıxarılmasında hər hansı qanun pozuntusu halı müəyyən edilməmişdir. Ona görə də, Baş X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-1916116 nömrəli, 21 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1 və 328.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarının törədilməsinə görə vətəndaş X4 barəsində 10 (on), 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında qəbul edilmiş qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur və məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Buna görə də, qərardan verilmiş şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. X1 16/1-1916116 nömrəli 21 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərarı 15 noyabr 2025-ci il tarixdə almış, qərardan şikayət isə 08 dekabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qərardan şikayət etmək üçün nəzərdə tutulmuş 20 (iyirmi) gün müddət ötürülməsinə baxmayaraq X4 tərəfindən buraxılmış müddətin bərpası barədə vəsatət təqdim olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər X7 İdarəsinin EQ seriyalı 29221344 nömrəli, 13 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və EQ seriyalı 29430439 nömrəli 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasına dair Bakı şəhər X7 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən qəbul edilmiş 16/1-1916116 nömrəli 21 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğvinə dair şikayəti təmin edilməsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar