Məhkəmə qərarları › İş №3(050)-2457/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2457/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2457/2025 08.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Masallı rayonu, Hüseynhacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Hüseynhacılı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan Kommersiya Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli, e-2-2(086)-509/2019 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 49.150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 49.180 (qırx doqquz min bir yüz səksən) manat məbləğində pul tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Borclu icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Bu səbəbdən Şəxs barəsində 08 dekabr 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X10 məhkəmə iclasında bildirdi ki, Şirvan Kommersiya Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli, e-2-2(086)-509/2019 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 49.150 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 49.180 (qırx doqquz min yüz səksən) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd edilən icra sənədi icra şöbəsinə daxil olmuş və xx.xx.2021-ci il tarixdə icraata qəbul etmişdir. Borclunun müraciəti əsasında Şirvan Kommersiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ona Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilmişdir. Hal-hazırkı tarixədək 2000 manat ödəniş edilmişdir. 47.180 manat ödənilməmiş borcu qalmışdır. Borclu icra çağırışlarına gəlməkdən yayınmış və buna görə barəsində xx.xx.2023-cü il tarixdə axtarış qərarı verilmişdir. Borclu tapılaraq icra şöbəsinə gətirilmiş və tərəfindən izahatı alınmışdır. O, izahatında maddi imkanının olmadığını bildirmişdir. Qərəzli olaraq icra sənədini icra etmədiyi üçün Şəxs barəsində protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Kommersiya Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli, e-2-2(086)-509/2019 saylı icra sənədindən məlumatlıdır. Eləcə də ona icra sənədinin icrasına Şirvan Kommersiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə 6 ay möhlət verilməsindən məlumatlı olmuşdur. O, zənn etmişdir ki, həmin qərardadla icra sənədi üzrə hər hansı öhdəliyi qalmamışdır. O, icra sənədi üzrə vəziyyətin bu yerə çatacağını bilməmişdir. Barəsində axtarış verilməsindən məlumatlı olmamışdır. O, "xxxx" MMC ilə icra sənədinin icrası ilə bağlı razılaşma əldə edəcəkdir. Bundan başqa o, icra sənədi üzrə bu gün, yəni xx.xx.2025-ci il tarixdə 5000 manat pul ödəmişdir. Göstərilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbiri seçilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ● Masallı rayon İcra və probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında 02 sentyabr 2021-ci il tarixli qərarından görünür, Şirvan Kommersiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, e-2-2(086)-509/2019 saylı icra sənədi Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, həmin icra sənəd üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və borcluya 10 gün müddətinə icranı könüllü təmin etməsi təklif olunmuşdur. ● Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun tələbin könüllü icrası haqqında 02 sentyabr 2021-ci il tarixli bildirişindən görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli, e-2-2(086)-509/2019 saylı icra sənədi üzrə borclu Şəxs qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. ● Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8-2(121)-5/2022 saylı qərardadından görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, e-2-2(086)- 509/2019 saylı qətnaməsinin icrasına 6 (altı) ay möhlət verilmişdir. ● Masallı rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 11 yanvar 2023cü il tarixli qərardan və məktubdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Masallı rayonu, Hüseynhacılı kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış haqqında qərar qəbul edilərək icra edilməsi üçün Masallı Rayon Polis Şöbəsinə göndərilmişdir. ● Borclu Şəxs izahatından görünür ki, o, icra sənədini icra etmədiyi halda ilkin olaraq inzibati qaydada tədbir görüləcəyi, sonra toplanmış materialların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdimat veriləcəyi barədə xəbərdar olunmuşdur. ● Elektron çıxarış olan “AZEMİS” X5 sistemindən çıxarışdan görünür ki, xx.xx.2016cı il təvəllüdlü X8 atası Şəxsdur. ● Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X2 atası X3r. ● 7253 saylı qəbzin surətindən görünür ki, Şəxs tərəfindən “X13” təyinatı ilə Masallı Rayon İcra şöbəsinin depozit hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. ● Elektron çıxarış olan “AZEMİS” X5 sistemindən çıxarışdan görünür ki, Şəxs əvvəlki adı X7 (FİN xxxxxxx) olmuşdur. ● Vəsiqələrin surətlərindən görünür ki, X4 “Cəbrayılın azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” Vətən müharibəsi iştirakçısı” “Hərbi Xidmətdə fərqlənməyə görə Şücayət” medalları ilə təltif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, işdə iştirak edən şəxslərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra sənədi üzrə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş yekun məhkəmə aktlarının icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 76-cı maddəsinə görə inzibati xətanın olub- olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, habelə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bir nəfər azyaşlı uşağının olmasını, övladı X1 “vətən müharibəsi” iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə”, Füzulinin azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” “Hərbi Xidmətdə fərqlənməyə görə Şücayət” medalları ilə təltif olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından Şərh Edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin plenum qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd edir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasında borclunun icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməməsi, borcun ödənilməsinə laqeydlik göstərməsi, icra vərəqəsinin icrasına səhlənkar yanaşması əməlində inzibati xəta tərkibinin olduğunu təsdiq edir. Belə olduqda məhkəmə onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını, şəxsiyyətini, yaşını, icra sənədi üzrə 08 dekabr 2025-ci il tarixdə 5000 manat pul ödəməsini, yuxarıda sadalanmış məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Eyni zamanda Şəxs izah olunur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən barəsində inzibati tənbehin tətbiq edilməsi onu həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən azad etmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar