Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2472/2025 10.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Masallı rayonu, Səmidxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fəhlə işləyən, Masallı rayonu, Ətcələr kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 09 dekabr 2025-ci il tarixli protokola əsasən Şəxs 09 dekabr 2025-ci il tarixdə Masallı rayonu Ətcələr kəndində küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətlərinə yol etmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli 09 dekabr 2025-ci il tarixli protokola əsasən Şəxs 09 dekabr 2025-ci il tarixdə Masallı rayonu Ətcələr kəndində uca səslə ünvansız nalayiq ifadələr işlədərkən onu nizam-intizama dəvət edən polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2 izahatında bildirdi ki, 09 dekabr 2025-ci il tarixdə saat 16 radələrində Masallı rayon Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Nüsrət Nüsrətbəyli, əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ilə birlikdə Masallı rayonu, Ətçələr kəndi ərazisində xidmətdə olduqları zaman Masallı rayon Polis şöbəsinin İstintaq bölməsində olan cinayət işi ilə əlaqədar oğurluqda şübhəli bilinən həmin kənd sakini Şəxs kəndin mərkəzində görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Masallı rayon Polis şöbəsində olan cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində izahatının alınması üçün Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs bu zaman onların sözünə kəndin mərkəzində uca səslə səs-küy salmaqla reaksiya vermiş, “bezmişəm belə yaşayışdan, izahat vermirəm, heç yerə gedəsi deyiləm” kimi sözlər, daha sonra isə nalayiq ifadələrlə söyüşlər işlətməyə başlamışdır. Bu vaxt əməkdaşlar Şəxs sakitləşdirməyə və nizam-intizama dəvət etməyə çalışmışlar, lakin o, onların qanuni tələblərinə məhəl qoymamış və öz qanunsuz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdirmişdir. Şəxs ictimai qaydanı pozduğu və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün o, Masallı rayon Polis şöbəsinə gətirilmişdir. Buna görə də, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuş və digər zəruri olan sənədləri toplayaraq məhkəməyə təqdim etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, atası X6 vəfat etmişdir. X3 isə xəstə olduğu üçün bacısı Təbəssüm İbrahimovanın evində müalicə alır. Bundan başqa Gülşən və Tutu adlı bacıları da, vardır. Özü hazırda evdə tək qalır. 09 dekabr 2025-ci il tarixdə bildiyi qədər nahar vaxtına yaxın küçədə olarkən yanında avtomobil saxlamış və üç nəfər düşərək polis əməkdaşları olduqlarını bildirib oğurluq işi ilə bağlı onu polis şöbəsinə dəvət etmişlər. O, da tutulub qaldığı üçün ilk növbədə uca səslə narazılığını bildirmiş, lakin sonra gəlib şöbədə izahat yazmışdır. Şöbədə oğurluq edib-etməməsini soruşmuşlar, o isə oğurluq etmədiyini demişdir. Ancaq bacısı Tutu deyib ki, guya onlardan televizor oğurlamışdır. Məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 izahatında bildirmişdir ki, 09 dekabr 2025-ci il tarixdə, saat 16 radələrində Masallı rayon Polis şöbəsinin CAB-nın baş əməliyyat müvəkkili Nüsrət Nüsrətbəyli və əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Masallı rayonu, Ətçələr kəndi ərazisində xidmətdə olduqları zaman Masallı rayon Polis şöbəsinin İstintaq bölməsində olan cinayət işi ilə əlaqədar oğurluqda şübhəli bilinən həmin kənd sakini Şəxs kəndin mərkəzində görmüşlər. Ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra RPŞ-də olan cinayət işi ilə əlaqədar şübhəli şəxs qismində izahatının alınması üçün Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. Lakin Şəxs bu zaman onların sözünə məhəl qoymayaraq kəndin mərkəzində uca səslə səs-küy salmağa başlayıb “bezmişəm belə yaşayışdan, izahat vermirəm, heç yerə gedəsi deyiləm” kimi ifadələr işlətmiş, daha sonra nalayiq ifadələrlə söyüş söymüşdür. Bu vaxt əməkdaşlar Şəxs sakitləşdirməyə və nizamintizama dəvət etməyə çalışmışlar, lakin o, qanuni tələblərə məhəl qoymamış və öz qanunsuz hərəkətlərini təxminən 15-20 dəqiqə davam etdirmişdir. Şəxs ictimai qaydanı pozduğu və polisin qanuni tələblərinə tabe olmadığı üçün əməkdaşlar tərəfindən Masallı rayon Polis şöbəsinə gətirilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, Şəxs cinayət işi üzrə şübhəli şəxs qismində izahatının alınması üçün Masallı rayon Polis şöbəsinin İstintaq şöbəsi tərəfindən yazılı tapşırıq verilmişdir. Əvvəllər Şəxs tanımamış, Zahiri əlamətləri barədə olan məxfi məlumat əsasında onun harada olduğu müəyyən edilmiş və daha sonra şöbəyəy gətirilib istintaq bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 Şahid2 izahatına uyğun, eyni məzmunlu izahat vermişdir. Suallara cavab olaraq bildirmişdir ki, Şəxs Masallı rayon Polis şöbəsinə gətirilməsi üçün əməliyyat işləri üzrə rəis müavini tərəfindən şifahi göstəriş verilmişdir. Şəxs şöbəyə gətirilməsinə dair məcburi gətirmə və ya axtarış qərarı olmamışdır. Onlar Şəxs şöbəyə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZA seriyalı 022115 nömrəli 09 dekabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2025-ci il tarixdə, saat 18:20-də inzibati qaydada tutulmuşdur. - AZA seriyalı 009282 nömrəli 09 dekabr 2025-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Şəxs üzərində 09 dekabr 2025-ci il tarixdə, saat 18:30-da şəxsi axtarış aparılmışdır. “Polis haqqında” Qanunun: 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının digər hüquqları ilə yanaşı, hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının digər hüquqları ilə yanaşı, inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, aparılan işləri dayandırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, inzibati xəta törətmiş şəxs barəsində protokol tərtib etmək, şəxsi axtarış aparmaq, əşyalarını yoxlamaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu polisdə saxlamaq hüquqları vardır. Göründüyü kimi “Polis haqqında” Qanunda inzibati xəta törətməkdə şübhə edilən şəxslərlə bağlı müəyyən hərəkətlərə dair səlahiyyət versə də, inzibati xəta haqqında iş üzrə tərəflərin Masallı rayon Polis şöbəsində və məhkəmə iclasında vermiş olduğu izahatlardan, şahidlərin ifadələrindən müəyyən olunur ki, 09 dekabr 2025-ci il tarixdə, saat 16 radələrində polis əməkdaşları Şəxs Masallı rayonu, Ətçələr kəndi ərazisində saxlayaraq polis şöbəsinə dəvət etmişlər. Şəxs cinayət işi ilə əlaqədar oğurluqda şübhəli bilindiyi üçün İstintaq şöbəsinin yazılı tapşırığı əsasında şöbəyə dəvət olunduğu qeyd edilsə də, onun barəsində İstintaq şöbəsində hər hansı cinayət işinin istintaqının aparıldığı və onun şöbəyə dəvət olunması ilə bağlı hər hansı rəsmi sənəd olması ən azı iş materialları ilə təsdiq edilmir. Belə olan halda polis əməkdaşlarının Şəxs polis şöbəsinə dəvət etmələri ilə bağlı hərəkətləri onların qanuni tələbləri hesab olunmur. Çünki qanuni tələbin olması üçün həmin tələbin yaranmasına əsas olan səbəblər olmaqla yanaşı həmin səbəblərin əsasının təşkil edən sənədlər olmalıdır. Ancaq bununla bağlı heç bir sübut yoxdur. Halbuki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu baxımdan məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən Şəxs saxlamağa və polisin qanuni tələblərinə tabe olmaması əsası ilə inzibati məsuliyyətə cəlb etməyə dair əsaslı hallar mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin öz təqsirsizliyini sübut etməyə borclu olmadığını, onun təqsirli olması barəsində olan şübhələrin onun xeyrinə həll olunduğunu, inzibati orqanın xətanı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə münasibətdə düzgün olaraq tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini və inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, əvvəllər dəfələrlə inzibati məsuliyyətə cəlb edilməsini, daimi iş yeri olmadığı üçün cərimə ödəmək imkanının həqiqəti əks etdirməməsini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbsinin başlanğıcı 09 dekabr 2025-ci il tarixdən, saat 18:20-dən hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 09 dekabr 2025-ci il tarixdən, saat 18:20-dən hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Masalı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2472/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2472/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver