Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-2521/2025 05.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, qərardan şikayət verən şəxs X2 iştirakı ilə X2 Masallı rayon Polis şöbəsinin TP seriyalı ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli, 11 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolunun ləğvinə dair şikayətinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə müraciət edərək TP seriyalı ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və İXP seriyalı ******* nömrəli, 11 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət verən şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, 10 dekabr 2025-ci il tarixdə, saat 13 radələrində Masallı şəhəri Seybətin dairəsi ərazisində Masallı şəhəri istiqamətində sürücülük hüququnu təsdiq edən sənəd əsasında idarə etdiyi, özünə məxsus “Range Rover” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən səhhətində qəfil və gözlənilməz şəkildə sağlamlıq pozuntusu baş vermişdir. Belə ki, arterial təzyiqinin kəskin enməsi, başgicəllənmə və görmə qabiliyyətinin müvəqqəti zəifləməsi nəticəsində nəqliyyat vasitəsini tam və təhlükəsiz şəkildə idarə etmək imkanı məhdudlaşmışdır. Qeyd olunan hal onun iradəsindən, istəyindən və yol hərəkəti qaydalarına münasibətindən asılı olmayan, qabaqcadan proqnozlaşdırılması mümkün olmayan obyektiv tibbi vəziyyət olmuşdur. Məhz bu səbəbdən Masallı şəhəri Heydər Əliyev prospektində, “Tam Store” ərzaq mağazasının qarşısında yolun sağ kənarında dayanmış nəqliyyat vasitələrinin sol yan hissələrinə idarə etdiyi avtomobil toxunmuş, hərəkətin davamında isə “Gülüstan” şadlıq sarayının qarşısında yerləşən digər nəqliyyat vasitəsinə dəyərək avtomobil dayanmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində heç bir şəxsin həyatına və sağlamlığına zərər dəyməmiş, xəsarət alan olmamışdır. Hadisənin ani və gözlənilməz xarakter daşıması səbəbindən o, psixoloji sarsıntı və şok vəziyyəti keçirmiş, hadisənin ilk anlarında baş verənləri tam dərk etməkdə çətinlik çəkmişdir. Lakin qısa müddət sonra özünə gəldikdə və hadisə yerinə Yol patrul xidməti əməkdaşları yaxınlaşdıqda, ümumilikdə üç nəqliyyat vasitəsinə maddi ziyan vurduğu ona məlum olmuşdur. Hadisə yerində Yol patrul xidməti əməkdaşları tərəfindən müvafiq sənədləşmə işləri aparılmış, özü və zərər dəymiş avtomobillərin sürücüləri Masallı rayon Polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində olduğu zaman barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə inzibati protokol tərtib edilmişdir. Qeyd edir ki, qanuni və əsaslı olmaqla, barəsində Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsi ilə tərtib edilmiş protokolla razılaşmış, yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyana görə məsuliyyətdən yayınmamış, hadisə yerində olmuş, polis əməkdaşlarının çağırışına tabe olmuş, izahatlar vermiş və araşdırmaya hərtərəfli köməklik göstərmişdir. Lakin bütün bunlara baxmayaraq, protokolu tərtib edən Masallı RPŞ-nin DYPB-nin müfəttişi, polis kapitanı Şəmşir Kərimov tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 327.6-cı maddəsi ilə inzibati protokol tərtib edilməsi nə faktiki hallara, nə hadisənin real gedişatına, nə də qanunun tələblərinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikasının İXM-in 327.6-cı maddəsi hadisə yerindən qəsdən yayınma, məsuliyyətdən qaçma niyyəti və hüquq-mühafizə orqanlarının çağırışına tabe olmama hallarını nəzərdə tutur. Halbuki o, hadisə yerini tərk etməmiş, əksinə hadisənin son nöqtəsində dayanmış, yol polisinin gəlməsini gözləmiş və bütün prosedurlarda iştirak etmişdir. Bununla belə, polis kapitanı Şəmşir Kərimov tərəfindən obyektiv araşdırma aparılmadan, faktiki hallar düzgün qiymətləndirilmədən və verdiyi izahatlar nəzərə alınmadan ona qarşı açıq-aşkar qərəzli və subyektiv münasibət sərgilənmiş, nəticədə Azərbaycan Respublikasının İXM-in 327.6-cı maddəsi ilə tamamilə əsassız inzibati protokol tərtib edilmişdir. Daha sonra həmin maddə üzrə tərtib edilmiş protokolun və qəbul edilmiş inzibati qərarın surətini tələb etdiyi zaman polis kapitanı Şəmşir Kərimov tərəfindən ona qarşı kobud və qeyri-etik davranış nümayiş etdirilmiş, dövlət qulluqçusuna xas olmayan tərzdə davranılaraq o, xidməti otaqdan çıxarılmışdır ki, bu da, həm etik davranış qaydalarının, həm də, vətəndaşın hüquqlarının kobud şəkildə pozulmasıdır. Polis kapitanı Şəmşir Kərimov tərəfindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə tərtib edilmiş inzibati protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati qərar hüquqi əsaslardan məhrum olmaqla qanunsuz və əsassızdır və ləğv edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X3 şikayəti müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Masallı rayon Polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Masallı rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsi dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Masallı rayon Polis şöbəsinin İXP seriyalı ******* nömrəli, 11 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, 10 dekabr 2025-ci il tarixdə, saat 13:40 radələrində “X6 Rover HSE” minik markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1 və 327.6-cı maddəllərində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Masallı rayon Polis şöbəsinin TP seriyalı ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, 10 dekabr 2025-ci il tarixdə, saat 13:40 radələrində “X6 Rover HSE” minik markalı, **-BU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 327.1 və 327.6-cı maddəllərində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 10 dekabr 2025-ci il tarixli X1 izahatından görünür ki, ona məxsus olan “Toyota Prius” minik markalı **-NP-*** dövlət nişanlı avtomobillə Masallı rayonu, Seybətin küçəsi, Masallı rayon Köhnə Bazar istiqamətində hərəkətdə olan zaman Masallı rayon H.Əliyev prospektində “Şassi” ehtiyat hissələrinin qarşısında arxadan gələn “X6 Rover HSE” minik markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü müvafiq arxa məsafəni saxlamayıb, onun idarə etdiyi avtomobillə toqquşmuş və hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən fotoşəkillərdən görünür ki, “Toyota Prius” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili zərbəyə məruz qalması nəticəsində arxa hissədən əzilmişdir. Həmin hadisə zamanı “Mercedes Benz” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı minik avtomobili də, zərbə almış və bunun nəticəsində avtomobilin arxa hissəsində mexaniki zədələr meydana gəlmişdir. Eyni zamanda “Toyota Hilux” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin də, arxa hissəsi əzilmişdir. Qeyd edilən avtomobillərlə toqquşma nəticəsində “X6 Rover HSE” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ön hissəsi digər nəqliyyat vasitələrinə dəyərək əzilmişdir. Məhkəmədə müəyyən olundu ki, “X6 Rover HSE” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 yol-nəqliyyat hadisəsi yerini tərk etməsi faktı sübuta yetirilmir. Belə ki, iş materiallarına əlavə olunmuş 10 dekabr 2025-ci il tarixli yolnəqliyyat hadisəsini əks etdirən fotoşəkillərdən görünür ki, hadisədə iştirak edən bütün nəqliyyat vasitələrinin qarşılıqlı toqquşma nəticəsində aldıqları mexaniki zədələr hadisə yerində sənədləşdirilmişdir. Fotoşəkillərdə “X6 Rover HSE” markalı avtomobilin ön hissəsinin digər avtomobillərlə toqquşma nəticəsində zədələnmiş vəziyyətdə olması, hadisə yerində olduğu və digər nəqliyyat vasitələri ilə birlikdə faktiki olaraq hadisə yerində iştirakının qeydə alındığını təsdiq edir. Aydındır ki, əgər sürücü hadisə yerindən uzaqlaşmış olsaydı, bu halda: nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyəti, zədələrin xarakteri, toqquşma ardıcıllığı bu şəkildə fotoşəkillərlə tam və obyektiv formada əks etdirilə bilməzdir. Bundan əlavə iş materiallarında mövcud olan Masallı rayon Polis şöbəsinin TP seriyalı ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli qərarın və İXP seriyalı ******* nömrəli, 11 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolun məzmunundan da, görünür ki, hadisənin baş vermə vaxtı, yeri və iştirakçıları müəyyən edilmiş, nəqliyyat vasitələri və onların sürücüləri hadisə yerində müəyyən olunmuşdur. Bu isə öz növbəsində sürücünün hadisə yerini tərk etməsi ehtimalını istisna edir. Beləliklə, yuxarıda göstərilən hallar onu deməyə əsas verir ki, X2 hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir və həmin maddə üzrə barəsində çıxarılmış inzibati qərar həmin hissədə qanunsuz və əsassızdır, ona görə də, həmin hissədə ləğv edilməlidir. Eyni zamanda, sürücünün müvafiq ara məsafəni saxlamaması faktı iş materialları ilə təsdiq olunduğundan, onun barəsində İXM-in 327.1-ci maddəsi üzrə məsuliyyətin tətbiqi əsaslı hesab edilməli, həmin hissədə inzibati qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 54-cü maddələrinə əsasən inzibati protokol inzibati xəta faktının ilkin qeydə alınmasına və sübutların toplanmasına xidmət edən prosessual sənəd olmaqla, məhkəmə tərəfindən ləğv edilə bilən akt hesab edilmir. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati xətalar haqqında işlərə baxılması zamanı məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi haqqında” qərarında da, təsbit edilmişdir. Həmin qərara əsasən məhkəmənin səlahiyyəti inzibati xəta haqqında iş üzrə inzibati tənbeh tətbiq edilməsi barədə qəbul edilmiş qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması ilə məhdudlaşır. İnzibati protokol isə yalnız sübut vasitəsi kimi qiymətləndirilir və ləğv predmetini təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 62.2.6-cı maddəsinə əsasən iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüquqi vardır. 135.1.5-2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qərardan şikayət verən şəxs X3 TP seriyalı ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan 26 dekabr 2025-ci il tarixdə şikayət verdiyindən qərardan şikayət vermək üçün nəzərdə tutulmuş 20 gün müddət ötürülməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Masallı rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi hissəsində dəyişdirilsin və həmin hissədə ləğv edilsin. Masallı rayon Polis şöbəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 20 dekabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-2521/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-2521/2025
05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver