Məhkəmə qərarları › İş №3(050)-261/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-261/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-261/2024 23.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Masallı rayonu Kalinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, Masallı rayonu, Qızılağac kəndində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 23 yanvar 2024-cü il tarixdə yaşadığı Qızılağac kəndi ərazisində ucadan ünvansız söyüş söyməklə ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə Masallı RPŞ-in əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, çəpəri qonşusu tərəfindən sökülmüş və bərpa olunmamışdır. Oda bununla bağlı DİN-nin 102 xidmətinə zəng vurmuşdur. İçkili olduğu üçün həmin vaxt nə dediyini dəqiq xatırlamır, lakin nalayiq ifadələr işlətdiyini bilir, polisin qanuni tələbinə əməl etməmişdir. Etdiyi əməldən peşimandır. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, Masallı rayonu Qızılağac kənd sakini Şəxs DİN-nə ünvanladığı müracətin icrası ilə əlaqədar olaraq RPŞ-in İTB-in sahə rəisi Asiman Abdullayev ona və İTB-in polis nəfəri polis serjantı Rafael Qənbərova bildirmişdir ki, Şəxs izahat alınmasından ötrü RPŞ-nə dəvət etsinlər. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində onlar Masallı rayonu Qızılağac kəndinə Şəxs yaşadığı evin qarşısına getmişlər və onu çağırmışlar. Şəxs qapıdan çıxaraq ucadan qışqıraraq onu niyə çağırdıqlarını demişdir. Onlar ona izah etmişlər ki, etdiyi müraciət ilə bağlı onu RPŞ-nə dəvət edirlər. Lakin Şəxs ucadan ünvansız nalayiq ifadələr işlədərək izahat verməyəciyini bildirmişdir. Onlar ona ictimai yerdə nalayiq ifadələr işlətməyin inzibati xəta olduğunu izah etmişlər, lakin Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam emiş, ətrafda olan şəxslərin diqqətini özünə cəlb etmişdir. Bu səbəbdən onlar onu RPŞ-nə gətirmişlər. Azərbaycan Respublikası DİN-in Masallı RPŞ-in İTB-in sahə rəisi Asiman Abdullayev tərəfindən 23 yanvar 2024-cü il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə və qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 112, 115 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 23 yanvar 2024-cü il tarixdən, saat 18:15-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar