Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-27/2024 30.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2023-cü tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. Lakin onun əməlində göstərilən inzibati xəta əməlinin tərkibi olmadığı üçün qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, xx.xx.2023-cü il tarixdən Masallı rayonu Ərkivan bələdiyyəsinin sədri vəzifəsində işləyir, onu vəzifəli şəxs kimi cərimə etmişlər. Halbuki qərarda heç yerdə onun bələdiyyə sədri olmağı barədə qeyd yoxdur. Belə olan halda o, həmin qərarda fiziki şəxs kimi göstərilmişdir. Lakin barəsində vəzifəli şəxs kimi cərimə tətbiq olunmuşdur. Həmçinin, onun adı səhv olaraq Manisə kimi, inzibati xətanın baş verdiyi ünvan “Ərkivan Abasbəyli yolunun” yaxınlığı kimi səhvlər qərarda göstərilmişdir. Qeyd olunan hallar qərarın düzgün olmadığını göstərir, həmçinin onun əməlində ümumiyyətlə hər hansı inzibati xəta tərkibi yoxdur. Çünki həmin ərazi ümumiyyətlə bələdiyyə ərazisi deyildir və bələdiyyəyə aidiyyəti yoxdur. Həmin ərazi fiziki şəxsin mülkiyyətindədir və ümumiyyətlə bələdiyyə mülkiyyətinə aidiyyəti yoxdur. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalarının və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi” Qaydalarına müvafiq olaraq tullantıların toplanmasını və yandırılmasını, "xxxx" ASC və yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları icra edir. Hazırkı iş üzrə zibil tullantıları yığılan torpaqda bələdiyyə mülkiyyətində deyildir. Belə olan halda ümumiyyətlə həmin tullantıların və onların toplanmasının bələdiyyəyə hər hansı aidiyyəti yoxdur və bələdiyyənin ümumiyyətlə zibil toplamaq kimi səlahiyyəti mövcud deyildir. Həmçinin, Masallı şəhəri, o cümlədən ona bitişik olan Ərkivan qəsəbəsi ərazisində zibil tullantılarını toplamaq və təmizləmək kommunal-təsərrüfat birliyinin səlahiyyətləri daxilindədir. Onların bunun üçün xüsusi texnikları və işçi heyəti vardır. Bələdiyyənin zibil toplamaq, yandırmaq və ya hər hansı şəkildə zibil yığımında iştirak etmək səlahiyyəti yoxdur. Ekologiya İdarəsi düzgün araşdırma aparmamış, torpağın kimə məxsus olmasını, həmin tullantılara hansı qurumun nəzarət etməsini, bələdiyyənin zibil toplamaq və ya yandırmaq kimi vəzifəsinin olub-olmamasını müəyyən etməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Buna görə onun əməlində qeyd olunan inzibati xətanın tərkibi yoxdur. Odur ki, qeyd olunan qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxs X3 məhkəmədə şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İzahatında ğöstərdi ki, protokol yazılarkən iştirakı təmin edilməmişdir, protokol onun iştirakı olmadan yazılmışdır, protokolda onun adından imtina etdi yazılması doğru deyil ona görə ki, onun protokol yazılmasından və əraziyə baxış keçirilməsindən məlumatı olmamışdır, iştirak etməmişdir, bundan başqa zibillərin müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydalarının və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi” Qaydalarına müvafiq olaraq tullantıların toplanmasını və yandırılmasını, "xxxx" ASC və yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları icra edir, zibil tullantıları yığılan torpaq da bələdiyyə mülkiyyətində deyildir. Belə olan halda ümumiyyətlə həmin tullantıların və onların toplanmasının bələdiyyəyə hər hansı aidiyyəti yoxdur və bələdiyyənin ümumiyyətlə zibil toplamaq kimi səlahiyyəti mövcud deyildir, Masallı şəhəri, o cümlədən ona bitişik olan Ərkivan qəsəbəsi ərazisində zibil tullantılarını toplamaq və təmizləmək kommunal-təsərrüfat birliyinin səlahiyyətləri daxilindədir, onların bunun üçün xüsusi texnikları və işçi heyəti vardır, bələdiyyənin zibil toplamaq, yandırmaq və ya hər hansı şəkildə zibil yığımında iştirak etmək səlahiyyəti yoxdur, Ekologiya İdarəsi düzgün araşdırma aparmamış, torpağın kimə məxsus olmasını, həmin tullantılara hansı qurumun nəzarət etməsini, bələdiyyənin zibil toplamaq və ya yandırmaq kimi vəzifəsinin olub-olmamasını müəyyən etməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. Buna görə onun əməlində qeyd olunan inzibati xətanın tərkibi yoxdur, ona görədə qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında iş üzrə qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şahid ifadəsində bildirdi ki, o, protokol tərtib edilərkən iştirak etmişdir. Protokol tərtib edilərkən X3 iştirak etməmişdir, protokolda onun adı bələdiyyə sədri olduğu üçün yazılmışdır, həmin vaxt bilmişlər ki, Yəhyayeva Manijə məktəbdə dərsdədir və protokol yazılarkən iştirak etməmişdir, bələdiyyənin Malik adlı işçisinin iştirakı ilə protokol yazmışlar və cərimə barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, 12 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan; 16 noyabr 2023-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayonu Ərkivan bələdiyyəsinin sədri X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilmişdir. 12 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Yəhyayeva Manisə (Manijə) Adil qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yəhyayeva Manisə (Manijə) Adil qızına ünvanladığı 12 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərkivan Abbasbəyli yolunun yaxınlığında yolun kənarına məişət tullantıları atılaraq qalaqlanması faktı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-cü maddəsinə uyğun olaraq barəsində tərtib edilmiş 16 noyabr 2023-cü il tarixli 82460 saylı akt, MN ******* saylı inzibati protokol və toplanmış sənədlər əsasında 12 dekabr 2023-cü il tarixdə idarədə MN ******* saylı Qərarı ilə barəsində inzibati qaydada vəzifəli şəxs qismində 2000 (iki min) manat cərimə məbləği tətbiq edilmişdir. Cərimənin 30 gündən gec olmayaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Benifesiar (alan) bank: Adı: DXA; kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ**********000003944; S.W.İ.F.T. BİK; CTREAZ22 Alan müştəri: Adı: 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi hesab: NoAZ02CTRE********************; VÖEN: ********** Təsnifat kodu: 142330, səviyyə kodu 1 hesabına ödəməyini tələb etmişlər. Əks təqdirdə həmin Qərar məcburi icra olunması üçün aidiyyəti üzrə müvafiq icra orqanlarına göndəriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2023-cü il tarixli, 82460 nömrəli aktdan görünür ki, aparılmış araşdırma zamanı Masallı rayon Ərkivan qəsəbəsi ərazisində Abasbəyli yolunun yaxınlarında yolun kənarına məişət tullantılarının atılaraq qalaqlanması faktı əməkdaşlar tərəfindən aşkar olunmuşdur. Araşdırmada Ərkivan bələdiyyəsinin nümayəndəsi kimi iştirak edən Masallı rayonu Ərkivan qəsəbə sakini X5 şifahi olaraq tullantıları əraziyə naməlum şəxslər tərəfindən atılmasını və həmin tullantıların bələdiyyə tərəfindən təmizlənərək ərazinin əvvəlki vəziyyətinə gətiriləcəyini bildirmişdir. Bununlada Masallı rayonu Ərkivan bələdiyyəsinin sədri X4 tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunların tələbləri pozulmuşdur. İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Masallı rayonu Ərkivan bələdiyyəsinin sədri X2 Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yolun və ərazisinin əvvəlki vəziyyətinə gətirilməsindən ötrü icrası məcbui olan müddəti məcburi göstəriş verilmişdir. 16 noyabr 2023-cü il tarixli 82460 saylı aktın məzmunundan görünür ki, akt tərtib edilərkən Ərkivan bələdiyyəsinin səlahiyyətli şəxslərinin iştirakı təmin edilməmiş, aktın məzmunu ilə bələdiyyə tərəfdən kimsə tanış edilməmiş və aktın nüsxəsi təqdim edilməmişdir. 01 noyabr 2022-ci il tarixli 10 saylı Müqavilədən görünür ki, Bir tərəfdən “İcraçı” şəxsində Masallı rayon Ərkivan Bələdiyyəsi, digər tərəfdən gələcəkdə “Sifarişçi” şəxsində Masallı Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi arasında bağlanmış müqaviləyə görə “Sifarişçi” ərazisində toplanmış məişət və bərk tullantıların daşınması və zibilxana poliqonunda zərərsizləşdirilməsi işlərinin görülməsini icraçıya tapşırır. “İcraçı” ona tapşırılmış işi icra üçün qəbul edir. İşin dəyəri aylıq 300 manat ƏDV daxil olmaqla razılaşdırlır və hər iki tərəfdən qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində qeyd edilmişdir ki, Sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunun 12ci maddəsində şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər göstərilmişdir. Həmin tələblərə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Qanunun 17-ci maddəsində qeyd olunmuşdur ki, tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası qanunuun 2-ci maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə orqanlarının vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Həmin qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə işin hallarına əsasən qeyd edir ki, bələdiyyə sədri kimi Manijə Yəhyayeva o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantılar yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə qəsdən əməl edilməməsi bilavasitə onun fəaliyyətinin nəticəsində olsun, onun göstərişi ilə icra edilmiş olsun. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2023-cü il tarixli, 82460 saylı aktında qeyd edildiyi kimi, reyd zamanı Ərkivan bələdiyyəsinin sədri Manijə Yəhyayeva ilə telefon əlaqəsi saxlanılmış, o, zibil qəbul məntəqəsinə yığılmış tullantıların tanımadığı adamlar tərəfindən yandırlmasını bildirmişdir. Göründüyü kimi, onun təqsirinin olması barədə aktda heç bir mötəbər sübut yoxdur. Azərbaycan Respublikası İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4.inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5.tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2.inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxslərinin vəzifəli şəxs Manijə Yəhyayeva barədə gəldiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və tətbiq edilən maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, inzibati xəta haqqında qərar qanuna uyğun olmadığından şikayət təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53-cü, 130, 133-134, 136cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Yəhyayeva Manisə (Manijə) Adil qızı barəsində qəbul edilmiş 12 dekabr 2023-cü tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №3(050)-27/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-27/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver