Məhkəmə qərarları › İş №3(050)-273/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-273/2025

14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-273/2025 14.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məkhəmə iclas katibi X1, Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Boradigah qəsəbəsində yeləşən «Rüfətin yanında» adlı obyektin rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında 24 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Masallı rayonu Boradigah qəsəbəsində yerləşən «Rüfətin yanında» obyektinin rəhbəri X7 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişi yerinə yetirməmişdir. Bu hərəkəti ilə «Rüfətin yanında» obyektinin rəhbəri X7 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2024-cü il tarixdə açıq məkanda reklam sahəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı fakt aşkar olunmuşdur. Fakt ondan ibarətdir ki, Masallı rayonu Boradigah qəsəbəsində yerləşən “Rüfətin yanında” obyektində işıq dirəyinə reklam yerləşdirilmişdir. Bununla bağlı yazılı göstəriş verilmişdir və yazılı göstərişdə qeyd olunmuşdur ki, sözügedən ünvanda reklamların dərhal dayandırılması və yayınlanan reklamların Azərbaycan Respublikası Reklam haqqında qanununa və digər qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması tələb olunmuşdur. Tələblər yerinə yetirilmədikdə isə reklamın sökülməsi ilə bağlı qərar qəbul olunacağı, eyni zamandada protokol tərtib olunacağı və aidiyyəti üzrə məhkəməyə göndəriləcəkdir. Yenidən baxış keçirilərkən həmin halların davam etdirilməsi, ağaca yerləşdirilmiş reklam qurğusunun həmin yerdən sökülməməsi aşkar olunmuşdur və onun barəsində protokol tərtib olunmuşdur. Protokol tərtib edilməsi ilə bağlı reklam qurğusunu quraşdıran X4 bildiriş göndərilmişdir. Protokol tərtib olunan zaman həmin şəxslə əlaqə saxlanılmış, lakin əlaqə saxlamaq mümkün olmadığından protokol tərtib olunmuşdur. Protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə, eyni zamanda vətəndaşın özünə göndərilmişdir. Hal-hazıradək də həmin reklam qurğusu ağacda qalmaqda davam edir. Odur ki, məhkəmədən inzibati tənbeh tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Rüfətin yanında» obyektinin rəhbəri X7 məhkəmə iclasında bildirdi ki, Həmin reklam lövhəsi bazar günü söküləcəkdir. Eləcədə həmin reklam lövhəsinin ona heç bir aidiyyəti yoxdur, lövhənin yanındakı obyekt ona aiddir. Sadəcə Rüfət adlı bir vətəndaş gəlib onun obyektinin qarşısında olan ağaca quraşdırmışdır. Oda bunu görmüş və həmin şəxsə həmin lövhəni sökməsini bildirmiş, həmin şəxsdə bazar günü gəlib reklam lövhəsini sökəcəkdir. O, özü həmin lövhəni sökməməsinin səbəbi həmin reklam lövhəsinin ona məxsus olmaması və sökəcəyi təqdirdə vətəndaşın ona böhtan atmasından qorxmasıdır. Oda həmin şəxsə bazar gününədək vaxt vermişdir. Eləcədə həmin şəxs onada ziyan vurmuşdur. O, özünə məxsus obyekti həmin şəxsə icarəyə vermişdir. Həmin şəxs isə artıq ona məxsus obyekti işlətmir. İnzibati xəta haqqında işdə olan xx.xx.2024-cü il tarixli 11-3-6/2-888/2024 nömrəli “yazılı göstərişin”dən görünür ki, X4 reklam yayımının dayandırılması üçün qanunvericiliyin tələbinə əsasən 5 gün vaxt verilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, 01 nömrəli aktdan görünür ki, «Rüfətin yanında» obyektinin rəhbəri tərəfindən açıq məkanda reklam yayımlandığı üçün X8 İdarəsinin müfəttişlərinin iştirakları ilə akt tərtib edilmişdir. İnzibati xəta haqqında işdə olan 24 yanvar 2025-ci il tarixli, 01 nömrəli baxış aktından görünür ki, X8 İdarəsinin Estetik nəzarət şöbəsinin əməkdaşları X5, X3 və fərdi sahibkar X2 iştirakları ilə xx.xx.2024-cü il tarixli, 11-3-6/2-888/2024 nömrəli akt tərtib edilmiş və icrası məcburi göstərişin icrasının vaxtı xx.xx.2024-cü il tarixdə çatmasına baxmayaraq obyektə təkrar baxış keçirilərkən qanunsuz reklam yayımlanmasının davam etdirilməsi aşkar olunmuşdur. İnzibati xəta haqqında işdə olan 24 yanvar 2025-ci il tarixli "İmtina aktı"ndan görünür ki, Masallı rayonu Boradigah qəsəbəsində yerləşən «Rüfətin yanında» obyekti açıq məkanda qanunsuz reklam yayımının aşkar edilməsi haqqında tərtib edilmiş "Baxış aktı" və “inzibati xəta haqqında protokolu” sahibkar X7 tərəfindən imza edilməmiş, həmçinin o, aktın bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İnzibati xəta haqqında işdə olan vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair portal çıxarışından görünür ki, X7 fiziki şəxs kimi (VÖEN: **********) qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsində qeyd edilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Beləliklə, müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Rüfətin yanında» obyektinin rəhbəri X7 müvafiq icazə sənədi olmadan açıq məkanda reklamları qanunsuz yayımlamışdır. «Rüfətin yanında» obyektinin rəhbəri X2 təqsiri işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə-fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. «Rüfətin yanında» obyektinin rəhbəri X2 inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə «Rüfətin yanında» obyektinin rəhbəri X7 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyası həddində müəyyən məbləğdə cərimə edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,110-112 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Masallı rayonu Boradigah qəsəbəsində yerləşən «Rüfətin yanında» obyektinin rəhbəri X7 (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar