Məhkəmə qərarları › İş №3(050)-274/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-274/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-274/2025 12.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1987-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki azyaşlı uşağı olan, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul xidməti alayından daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında İXP seriyalı ******* nömrəli, 25 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 25 yanvar 2025-ci il tarixdə, saat 14:24-də “Toyota Prius (Hibrid)” minik markalı, **-NA-*** dövlət nömrə nişanlı avtomobili narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, izahatında 15 gün əvvəl narkotik vasitə qəbul etdiyini bildirsə də, təxminən 1 ay əvvəl toya olmuş və orda nə istifadə etdiyini bilmir. 25 yanvar 2025-ci il tarixdə “Toyota Prius (Hibrid)” minik markalı, **-NA-*** dövlət nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı onun avtomobilini saxlatdırmışdır. Sənədlərini yoxladıqdan sonra onu həkim narkoloq müayinəsindən keçmək üçün dəvət etmişlər. Müayinə nəticəsində sidiyindən marixuana aşkar olunmuşdur. Lakin o, nəticə ilə razı olmadığını qeyd etmişdir. Çünki avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi ilə bağlı heç bir maddi sübut yoxdur, həmçinin heç bir faiz dərəcəsi yoxdur. Məhkəmədən cərimə cəzasının təyin edilməsini xahiş etdi. Suallara cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə istifadə etməmiş, yalnız 1 ay əvvəl toyda istifadə etmişdir. Narkotik vasitə istifadə etməsi ilə bağlı inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmişdir. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul xidməti alayına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul xidməti alayının nümayəndəsinin iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 25 yanvar 2025-ci il tarixli, 000096 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs narkotik vasitə həşiş, marixuana qəbulu nəticəsində yaranan sərxoşluq vardır. Narkotest THC, nəticəsi pozitiv, kannabinoid pozitiv. Narkotik vasitə marixuanadan istifadə etdiyini söyləyir. Müayinə nəticəsi ilə razı deyildir. - Şəxs 25 yanvar 2025-ci il tarixli izahatından görünür ki, 25 yanvar 2025-ci il tarixdə “Toyota Prius (Hibrid)” minik markalı, **-NA-*** dövlət nömrə nişanlı avtomobil ilə yeni Ələt- Astara yolu ilə Astara istiqamətində hərəkətdə olduğu zaman 143 km-də 726 saylı YPX postunda YPX əməkdaşı tərəfindən saxlanılmışdır. YPX əməkdaşı sənədlərini yoxladı və sərxoşluq vəziyyətinin müayinə olunması üçün onu həkim müayinəsinə dəvət etdi. Müayinə öz bioloji sidiyindən aparıldı. Müayinə zamanı narkotik vasitə olan 15 gün bundan öncə istifadə etdiyi marixuana THC aşkar olundu. Həkim müayinəsi şəffaf və doğru şəkildə aparıldı. - Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1549/2021 saylı, 04 mart 2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333- 1.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal və İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş halda avtomobili idarə edərək və taksi fəaliyyəti ilə məşğul olaraq yol-hərəkəti iştirakçıları və sərnişinlər üçün təhlükə yaratmasını və onun əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, İXM-nin 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar