Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-275/2025 03.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 25 avqust 1989-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, bir körpə uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 fevral 2025-ci il tarixli protokola əsasən Şəxs 31 yanvar 2025-ci il tarixdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur, yəni xırda xuliqanlıq etmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 01 fevral 2025-ci il tarixli protokola əsasən Şəxs 31 yanvar 2025-ci il tarixdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Pöolis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X6 izahatında bildirmişdir ki, Şəxs 31 yanvar 2025-ci il tarixdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, yəni xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Baş vermiş hadisə zamanı Şəxs sərxoş olmaqla yanaşı sol qaşının üstü qanadığı üçün tibbi yardım göstərilməsi məqsədilə onu post patrul əməkdaşları Masallı rayon Mərkəzi xəstəxanasına aparmışlar, oradan isə Masallı rayon Polis şöbəsinə gətirmişlər. Şəxs sərxoş olduğu üçün onun ayılmağını gözləmişlər və inzibati xəta haqqında protokolu yalnız o, ayıldıqdan sonra tərtib etmişlər. İnzibati xəta haqqında protokolu 01 fevralda tərtib etsələr də, 02 fevral bazar gününə təsadüf etdiyindən onu 03 fevral 2025-ci il tarixədək polis şöbəsində saxlamışlar. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, hərbi cinayəti törətdiyinə görə 1 il 6 ay müddətə Xələc qəsəbəsində yerləşən 5 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkmişdir. Hazırda isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması növündə cəza çəkir. Polislər onu saxlayan zaman elektron nəzarət vasitəsini düşürtmüşdür. Hadisə ilə bağlı onu bildirir ki, Təvəkkül adlı şəxs ona pul borclu olmuşdur və onu Mübarək restoranının yanında tapa biləcəyini demişlər. O, 31 yanvar 2025-ci il tarixdə axşam saat onun yarısı, ya da, ona qalmış Masallı şəhərində yerləşən Heydər Əliyev parkına gəlmişdir. Ora gəlməmişdən əvvəl 4 bakal pivə içmişdir. Lakin özünü idarə edə bilmiş, ağlı başında olmuşdur. Evdə olan uşağı üçün də, şokolad almışdır. Parkda 6-7 nəfər polis geyimində polis əməkdaşları oturub çay içmişlər. Onlara yaxınlaşaraq “nə qulluq lazımdır edim” deyə müraciət etmiş və şokoladı stolun üstünə tullamışdır ki, çay içsinlər. Ola bilsin ki, onun bu hərəkəti polis əməkdaşlarının xoşuna gəlməmişdir. Bu zaman sol gözünün altından zərbə dəydiyini hiss etmiş və yerə yıxılmışdır. Lakin onu kimin vurduğunu görməmişdir. Sonra polis əməkdaşları onu post patrul xidməti maşını ilə xəstəxanaya apararaq qaşının üstünə tikiş qoyduqdan sonra onu polis şöbəsinə gətirmişlər. Hadisə vaxtı içkili olduğundan ola bilsin ki, bir qədər nəyisə yüksək səslə soruşsun, lakin o, ucadan heç kimin ünvanına nalayiq ifadələr işlətməmiş, polis əməkdaşlarının qanuni tələblərinə qarşı çıxmamışdır. Onun himayəsində arvadı, yaşlı anası və 1 yaş 2 aylıq körpə uşağı vardır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Post patrul xidməti bölməsinin polis serjantı X2 izahatında bildirmişdir ki, 31 yanvar 2025-ci il tarixdə, saat 23:30 radələrində polis serjantı Cavid Abdullayevlə birlikdə Masallı şəhərində yerləşən Heydər Əliyev parkının qarşısında 2 nömrəli postda xidmətdə olarkən yolun digər tərəfində bir nəfər şəxsin uca səslə “Təvəkkül” deyərək qışqırdığını və ünvanına nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşan zaman səkiyə yığılmış vəziyyətdə olduğunu görmüşlər. Həmin şəxsin sol qaşında qan axdığını görüb ona ilkin tibbi yardım göstərilməsi üçün post patrul əməkdşaı çağıraraq Masallı rayon Mərkəzi xəstəxanasına, oradan isə Masallı rayon Polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Post patrul xidməti bölməsinin polis serjantı X4 şahid X1 izahatına uyğun, eyni məzmunlu izahat verərək Şəxsu ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu və polisin qanuni tələbinə qəsdən tabe olmadığını təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN seriyalı ******* nömrəli, 01 fevral 2025-ci il tarixli və MN seriyalı ******* nömrəli, 01 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokollara əsasən Şəxs 31 yanvar 2025-ci il tarixdə ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Lakin inzibati xəta haqqında protokollarda Şəxs ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması və polisin qanuni tələbinə qəsdən tabe olmaması faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında bildirmişdir ki, Masallı şəhərində yerləşən Heydər Əliyev parkında şokoladı stolun üstünə tullamışdır ki, polis əməkdaşları çay içsinlər. Ola bilsin ki, onun bu hərəkəti polis əməkdaşlarının xoşuna gəlməmiş, bu zaman sol gözünün altından zərbə dəydiyini hiss etmiş və yerə yıxılmışdır. O, polis əməkdaşlarının yanında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmamış, polisə tabesizlik göstərməmiş, polis əməkdaşları onu post patrul xidməti avtomobilinə minərək Polis şöbəsinə aparmışlar. Şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Post patruxl xidməti bölməsinin əməkdaşları isə izahatında bildirmişlər ki, bir nəfər şəxsin uca səslə “Təvəkkül” deyərək qışqırdığını və ünvanına nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşan zaman səkiyə yığılmış vəziyyətdə olduğunu görmüşlər. Həmin şəxsin sol qaşında qan axdığını görüb ona ilkin tibbi yardım göstərilməsi üçün post patrul əməkdaşlarını çağıraraq onu Masallı rayon Mərkəzi xəstəxanasına, oradan isə Masallı rayon Polis şöbəsinə aparmışlar. Bundan başqa məhkəmə qeyd edir ki, həmin vaxt polis əməkdaşlarının Şəxs qarşı irəli sürülmüş hər hansı qanuni tələbi də, olmamışdır. Belə ki, polis əməkdaşları Şəxs səkiyə yığılmış vəziyyətdə və sol qaşından qan axdığını görüb onu xəstəxanaya, oradan isə polis şöbəsinə aparmışlar. Həmçinin həmin vaxt Şəxs sərxoş olduğundan polis əməkdaşlarının heç bir qanuni tələbindən də, söhbət gedə bilməz. Raportdan da, göründüyü kimi polis əməkdaşları Şəxs yaxınlaşarkən özlərini təqdim etməməklə yanaşı, onun şəxsiyyətini də, müəyyən etməmişlər. Belə ki, şəxs sərxoş olmaqla yerdə uzanıqlı vəziyyətdə olmuşdur. Eyni zamanda raportdan görünür ki, hadisə gecə saat 23:30 radələrində baş vermişdir və həmin vaxt ictimai qaydanın pozulması hallarının nədən ibarət olması göstərilməmişdir. İctimai qaydanın pozulması üçün cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələr, əxlaq normaları, birgəyaşayış və davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlə edilməlidir. Şəxs səkiyə yığılmış və sərxoş vəziyyətdə ucadan nalayiq ifadələr işlətməsi isə həqiqəti əks etdirmir. Eyni zamanda ucadan nalayiq ifadələr işlətsə belə hadisə gecə vaxtı baş verdiyindən ictimai qayda pozuntusu üçün ətrafda insanların baş vermiş hadisənin şahidi olmaları mühüm şərtdir. Lakin iş materiallarında bunu təsdiq edən heç bir sübut yoxdur və məhkəmə araşdırması zamanı da, bu hal öz təsdiqini tapmamışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. İş materiallarında olan AZA seriyalı 022205 nömrəli 01 fevral 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 fevral 2025-ci il tarixdə, saat 05:00-da inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115-117, 128-130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-275/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-275/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver