Məhkəmə qərarları › İş №3(050)-279/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-279/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-279/2025 19.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə. xx.xx.1984-cü ildə Masallı rayonu Mahmudavar kəndində doğulmuş, Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayonu Mahmudavar kəndində Zərərçəkmiş şəxs evinin həyətində olan dəmir hasarını balta ilə doğrayaraq ona maddi ziyan vurmuşdur. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildiridi ki, təxminən bir aya yaxın müddət öncə o, qonşuluqda yaşayan bibisinin həyətyanı sahələri arasında çəkmiş olduğu dəmir hasarı balta ilə doğramışdır. Bununla bağlı əmlak sahibinə maddi ziyan vurmuş və vurmuş olduğu ziyanı bu günə kimi ödəməmişdir. Əməlindən peşmandır. Ziyanı ödəməyə maddi imkanı yoxdur. Zərərçəkmiş şəxsdən onu bağışlanmasını istəyir. İçkili olub etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Zahid qardaşı oğludur. Anası vəfat etdikdən sonra anasından 0.30 ha torpaq sahəsi miras qalmışdır. O, qardaşı ilə birlikdə həmin mirasa vərəsə olmuşlar, yəni miras qalmış 0.30 ha torpaq sahəsinin 0.15 ha hissəsi 0.15 ha hissəsi isə qardaşının payı olmuşdur. Lakin qardaşı etiraz edərək oğlanları üçün ev tikmək üçün torpaq sahəsi lazım olduğunu bildirdiyindən o, anasından qalmış mirasdan qardaşının xeyrinə imtina etmişdir. Qardaşı isə miras əmlakı qəbul etdikdən sonra ona həmin 0.30 ha torpaq sahəsindən təxminən 0.077 ha torpaq sahəsi vermişdir. Həmin torpaq sahəsi ilə bağlı Dövlət Reyestrindən çıxarışıda vardır. Həmin torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etmişdir və eləcədə qardaşı ilə aralarında dəmir tor çəpər çəkmişlər. Bu qaydada 10 il yaşamışlar. xx.xx.2024-cü ildə ASAN xidmət mərkəzinə müraciət etmişdir. İcra hakimiyyətindən gəlib baxmışlar və gələn nümayəndə bildirmişdir ki, torpaq sahəsi kadastrda oturmuşdur, torpaq sahəsi onlara məxsusdur. Bundan sonra Cəlilabad 8 saylı ərazi idarəsindən gəlib CPS naviqasiya sistemi ilə çəkiliş aparmışlar və qardaşı oğlunun iştirakı ilə torpaq sahəsinin koordinatlarını göstərmişlər. Belə olan halda evinin arxasındakı dəmir hasar təxminən 4-4.5 metr yan tərəfindəki çəpər isə 2 metr geri çəkilməli olmuşdur. O, çəpərin yenidən çəkilməsinə 500 manat vəsait xərcləmişdir. Bundan sonra kadastr idarəsindən gəlib çəkib ona çıxarış vermişlər. xx.xx.2025-ci il tarixdə o, çıxarışı götürdükdən sonra gecə vaxt qardaşı oğlu Zahid ona zəng vuraraq “eşitmişəm evi satırsan, mən sənin evini yandıracam, sən heçnə sata bilməzsən, çəpəridə atam sənə hardan göstərib ordanda çəkməlisən” demişdir. O, isə qardaşı oğluna içkili olduğunu və səhər danışacaqlarını demişdir. xx.xx.2025-ci il tarixdə isə o, nə baş verməsini öyrənmək üçün evinə gəlmiş və evinin arxa hissəsində olan dəmir çəpərin qəsdən əzilməsini görmüşdür. O, bu hadisəni Zahidin etməsini zənn edib çağırmışdır. Zahid ora gəlib ona bildirmişdir ki, “mən çəpəri balta ilə doğramışam və əcəb etmişəm”. Daha sonra polis şöbəsinə müraciət etmiş və araşdırılma aparılaraq məhkəməyə göndərilmişdir. Zahid qardaşı oğludur və onunla heç bir qərəzi yoxdur. Hadəcə ona toxunmamasını və ona dəymiş olan ziyanın ödənilməsini xahiş edir. İşə əlavə olunmuş Masallı RPŞ-in İTB-in sahə rəisi Yasin Kazımov tərəfindən tərtib olunmuş 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs 15 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus evin həyətində olan hasarı balta ilə dağıdaraq maddi ziyan vurmuşdur. İşə əlavə olunmuş Masallı RPŞ-in TB-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş 26 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Materialın təsviri hissəsində göstərlənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işi başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilməsi, Qəbul edilmiş qərarın surəti tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, Material saxlanılması üçün Boradigah PB-nin dəftərxanasına təhvil verilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 16 yanvar 2025-ci il tarixli Liman şəhər İstehsal-İstehlak Kooperativ Cəmiyyətinin mütəxəssis rəyindən görünür ki, bərpa dəyərinin hesablanmasında xərc yanaşması metodu tətbiq olunmalıdır. Xərc yanaşması metodu əvəzetmə prinsipinə əsasalanır. Bu da təqdim olunan obyektin eynisinin yaradılmasını ehtiva edir. Bərpa üçün yarasız hala düşən 30 kv.metr hissə sökülməli daşınmalı,yenisi ilə əvəz olunmalıdır. Bərpa xərci birbaşa və dolayı xərclər daxil-material xərci 316 manat, sökülüb tikilmə usta haqqı 80 manat, fəhlə 54 manat, nəqliyyat xərci 40 manat, digər xərclər 20 manat olmaqla cəmi 510 (beş yüz on manat) manatdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri 03 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, 26 yanvar 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, 16 yanvar 2025-ci il tarixli mütəxəssis rəyi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati tənbehini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində, yəni inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli həcmində cərimə tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurmuş olduğu ziyanın iki misli həcmində, yəni 1020 (bir min iyirmi) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar