Məhkəmə qərarları › İş №3(050)-282/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-282/2025

04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-282/2025 04.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Masallı Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə. xx.xx.1948-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ortaixtisas təhsilli, təqaüdçü, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, ev 65, mənzil 57-də qeydiyyatda olmaqla Masallı rayonu, Kolatan kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Masallı rayon prokurorluğunda ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bundan əlavə Şəxs eyni tarixdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, təxminən 5 il öncə həyat yoldaşı vəfat etdikdən sonra qalmaqal başlamışdır. Ailə üzvlərinin təkidi ilə ata həyətində özünə fərdi yaşayış evi inşa etmişdir. Həyətyanı torpaq sahəsi onun anasına məxsus olmuşdur. 5 ildir qeyri-qanuni gəlib yaşadığı evin həyətyanı sahəsini ölçürlər. Polisdə gəlib ona kömək etmək əvəzinə onun əlqolunu tutur və qeyri-qanuni olaraq onun həyətini ölçürlər. Onu döyürlər, söyürlər, ona qarşı təzyiqlər olur. Oda bununla bağlı dəfələrlə müvafiq orqanlara şikayətlər etmişdir, eləcədə Masallı rayon prokurorluğuna. Bugündə, yəni xx.xx.2025-ci il tarixdə Masallı rayon prokurorluğuna getmiş və prokuror müavini Cahangir müəllim onu qəbul etməli idi. Lakin prokurorluğun binasında çox gözləmiş olsada onu qəbul etməmişlər. Prokururluğun binasında olan polis əməkdaşı ona bildirmişdir ki, “artıq sənə cavab veriblər, işin məhkəməlikdir, get məhkəməyə müraciət et”. Oda yüksək səslə bu işin sonunadək gedəcəyini, yolundan dönməyəcəyini bildirmişdir. Masallı rayon prokurorluğunda söyüş söyməmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, Şəxs bu gün saat 12 radələrində Masallı rayon prokurorluğunun inzibati binasına gəlmiş və qəbula yazılmaq istəmişdir. Şəxs bundan öncədə dəfələrlə Masallı rayon prokurorluğunda olmuşdur. O, yüksək səslə inzibati binanın girişində səs-küy edərək işçilərin iş rejimini pozmuşdur. O, həmin şəxsə sakit olmadığı bildirib nizam-intizama dəvət etmişdir. Lakin o, onun tələblərinə məhəl qoymayaraq hərəkətlərinə davam edərək işçilərin iş rejimini pozmağa davam etmişdir. Şəxs rayon prokurorunun və prokuror müavininin qəbulunda olmuşdur. Demək olarkı, bütün işçilərin qəbulunda olmuşdur. Lakin buna baxmayaraq dəfələrlə rayon prokurorluğunda olmuş və yüksək səslə kobudluq etmişdir. Bununla bağlıda o, Masallı RPŞ-yə raportla müraciət etmişdir. Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin İTB-nin sahə rəisi Orxan Balakişiyev tərəfindən 04 fevral 2025-ci il tarixdə MN ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun əməli şahid ifadəsi, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.1-ci maddəsində göstərilir ki, inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İşdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs altmış beş yaşı tamam olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati qaydada cərimə edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar