Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-3/2024 08.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis şöbəsinin DYPB-nin rəisi, polis kapitanı X1 xx.xx.2023-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC Masallı Rayon Məhkəməsinə şikayət verərək xx.xx.2023-cu il tarixli, TP ******* nömrəli qərarın, AP ******* saylı protokolun ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Daxili İşlər Nazirliyinin cərimələrin ödəniş sisteminə yerləşdirilmiş cərimə məbləğinin sistemdən silinərək xitamı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC barəsində xx.xx.2023 tarixli, AP ******* saylı protokol tərtib edilmiş və protokol əsasında xx.xx.2023-cu il tarixli, TP ******* nömrəli qərar ilə İnzibati Xətalar Məcəlləsinin 347 maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Protokolda qeyd edilən ** PU *** və digər dövlət qeydiyyat nömrəli nəqliyyat vasitələri barədə Masallı RPŞ-nin RYPŞ-yə aidiyyəti nəqliyyat vasitələrini idarə edən sürücüləri barədə məlumat verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 18.5 maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cu il tarixli, TP ******* nömrəli qərardan görünür ki, qərarda göstərilir ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixində, saat 17:08-də “Hyundai Elentra” minik markalı, 99PU059 dövlət qeydiyyat istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Nəticədə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 300 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.1.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur. 18.5 Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 18.7. Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir.
347. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə[ - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; Beləliklə, məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə vəzifəli şəxsin hüquqi şəxs barəsində mübahisələndirilən qərarı qəbul etmək səlahiyyəti olmamışdır. Bu səbəbdən həmin qərar ləğv olunmalıdır. Həmçinin, məhkəmə bildirir ki, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, xx.xx.2023-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
Şikayət qismən təmin edilsin. "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair qəbul edilmiş xx.xx.2023-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Ceyhun Quliyev