Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-32/2023 24.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Noyemberyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 2 azyaşlı övladı olan, "xxxx" MMC-də satış meneceri vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi ev 7A, mənzil 38də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 21 dekabr 2022-ci il tarixdə, saat 15:08 radələrində Ələt-Astara magistral yolunun 143-cü km-də idarə etdiyi “Renault Duster” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Xİ Tağım YPX inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini narkotik vasitə istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddsinin tələbini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində çalışır. Xidməti zərurətlə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə Astara, Masallı, Cəlilabad və Salyan rayonlarına ezam edilmişdir. Ezam olunmamışdan bir gün öncə bərk soyuqlamışdır. Lakin, xidməti zərurət təxirəsalınmaz olduğundan soyuq dəyməyə qarşı “Paraferin” adlı dərmanı qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15:08-də xidməti istifadədə olan “Renault Duster” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman X4 Masallı səyyar postunda yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı avtomobilinə yaxınlaşaraq özünü təqdim etmiş və “çox yorğun görünüşünüz var, spirtli içki, narkotik və ya psixotrop maddə qəbul etməmisiz?” deyə soruşmuşdur. Cavab olaraq bir az soyuqladığını bildirmiş və sənədlərini təqdim etmişdir. Polis əməkdaşı müayinə aparılmalıdır demiş, o, isə müayinənin keçirilməsinə etiraz etməmişdir. Tibbi müayinə üçün stasionar postda “OPİ” analizi vasitəsilə “sidik analizi” vermiş və “OPİ” test pozitiv olduğu üçün onu narkotik vasitə qəbul etdiyi bildirilmiş, lakin testin nəticəsi ilə razılaşmadığı üçün daha dəqiq analiz üçün müvafiq xəstəxanaya getməyin zərurəti bildirillmiş, oda razılaşmışdır. Beləliklə, o, Lənkəran Şəhər Narkoioji Xəstəxanasına aparılmışdır. Təkrar “OPİ” analizi vermiş və testin nəticəsində yenidən ona narkotik vasitələrin qəbul etməyi barədə bildirilmişdir. Lakin, daha öncə “postda" qeyd etdiyi kimi “Paraferin” adlı dərmanı içdiyini ondan başqa heç nə qəbul etmədiyini bildirmiş və üzərində olan dərmanı cibindən çıxartmışdır. Analizlərin nəticələri ilə razılaşmayaraq, qan analizinin keçirilməsini tələb etməsinə baxmayaraq, “bizdə belə şərait yoxdur, bu cür analizləri Bakıda verə bilərsiz" deyə cavab verilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin gün axşam saatlarında Bakı şəhərinə qayıtdıqdan sonra hər hansı narkoloji xəstəxana və ya dispanser işləmədiyi üçün xx.xx.2022-ci il tarixdə analizlərin verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsə ərizə ilə müraciət etmişdir. X5 həkimlərinə bildirmişdir ki, narkotik vasitə qəbul etməmiş, yalnız ‘'Paraferin" adlı dərmanı içmişdir. X5 baş həkimi qeyd etmişdir ki, ‘“Paraferin” adlı dərmanın tərkibində kodein maddəsinin olmasını Lənkəran Şəhər Narkoloji Xəstəxanasında bilməli idilər və bunu DYP əməkdaşlarına bildirməli idilər. Publik Hüquqi şəxs tərəfindən ondan qan və sidik analiz nümunələri götürülərək, ekspert qarşısında “Şəxs qan və sidiyində narkotik və psixatrop maddələrin olubolmamasının yoxlanması” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X2" X5in xx.xx.2022-ci il tarixli, 5236 saylı, 4800/K nömrəli rəyin nəticə hissəsinə əsasən X1 götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupu alkaloidlərinə aid olan kodein aşkar edildi. Qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabionid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Qeyd hissəsində isə kodein bir çox dərman maddələrinin (Paraferin, Kodelak, Pentalgin H, Piralgin və s.) tərkib hissəsi olub ağrıkəsici və öskürək əleyhinə vasitə kimi tibbdə geniş istifadə olunduğu bildirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” nın 2.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Heç vaxt narkotik və psixotrop maddələrindən istifadə etməmişdir. DYP əməkdaşları tərəfindən saxlanılan zaman adekvat olmuş və onda hər hansı sərxoşluq əlamətləri müəyyən edilməmişdir. Həmin gün getdiyi yolda inzibati xəta törətməmişdir. Sadəcə iş zərurəti ilə bağlı bir az soyuqlamış olduğu halda yola çıxmağa məcbur olmuşdur. Lakin bu inzibati xəta sayılmır. Sonda Şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokolu tərtib etmiş orqanın nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 21 dekabr 2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə, saat 15:08 radələrində Ələt-Astara magistral yolunun 143-cü km-də idarə etdiyi “Renault Duster” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Xİ Tağım YPX inspektoru tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün nəqliyyat vasitəsini narkotik vasitə istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. 21 dekabr 2022-ci il tarixli, 2943 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, Şəxs sidiyində OPİ (heroin, tiryək) aşkar olundu, narkotik sərxoşluğu vəziyyəti var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X5 xx.xx.2022-ci il tarixli, 5236 saylı ekspert rəyinin təsviri hissəsində qeyd edilmişdir: Məhkəmə-kimya şöbəsində xx.xx.2022-ci il tarixdə saat 13:40-da Şəxs 20 ml qan və 50 ml sidik nümunləri götürülmüşdür. Rəyin nəticə hissəsində qeyd edilmişdir: Şəxs götürülmüş qan və sidik nümunələrinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq şağıdakı nəticəyə gəlirəm: Şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupu alkoloidlərinə aid olan Kodein aşkar edildi. Qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə heab edilən) aşkar edilmədi. Qeyd: Kodein bir çox dərman maddələrinin (Paraferin, Kodelak, Pentalgin H, Piralgin və s.) tərkib hissəsi olub ağrıkəsici və öskürək əleyhinə vasitə kimi tibbdə geniş istifadə olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri inzibati xəta haqqında protokolla, 21 dekabr 2022-ci il tarixli, 2943 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair akt ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2” X5 xx.xx.2022-ci il tarixli, 5236 saylı ekspert rəyi ilə müəyyən edilənlər 21 dekabr 2022-ci il tarixli, 2943 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktın nəticəsinin (narkotik sərxoşluğu) etibarsızlığına əsas vermir. Şəxsdə bir gün fərqi ilə tibbi yoxlamanın nəticəsinin (narkotik sərxoşluğu ilə bağlı) fərqli olması mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir (bənd 3.3). Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, o təkrar tibbi müayinənin keçirilməsi barədə müayinəni keçirən tibb müəssisəsinin rəhbərliyinə yazılı ərizə təqdim edə bilər. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir (bənd 3.6). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 2 azyaşlı övladının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Sadıqov X3 Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının həddi daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №3(050)-32/2023
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-32/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver