Məhkəmə qərarları › İş №3(050)-326/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-326/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-326/2023 27.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində motosiklet idarə etmək üçün sürücülük kateqoriyası olmadan idarə etdiyi motosiklet ilə Masallı rayonu, Viləş kəndindən Masallı rayonu, Qızılağac kəndi istiqamətində saatda 20 km/saat sürətlə hərəkətdə olarkən qarşısına it çıxması nəticəsində ehtiyatsızlıqdan idarəetməni itirmiş, həmin vaxt idarə etdiyi motosiklet yoldan çıxaraq yolun sol hissəsindəki dayanmış vəziyyətdə olan Masallı rayonu, Qızılağac kənd sakini X1 məxsus “Hyundai İX-35 minik” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısına çırpılmış, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tələblərini pozmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X4 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində motosiklet idarə etmək üçün sürücülük kateqoriyası olmadan idarə etdiyi motosiklet ilə Masallı rayonu, Viləş kəndindən Masallı rayonu, Qızılağac kəndi istiqamətində saatda 20 km/saat sürətlə hərəkətdə olarkən qarşısına it çıxması nəticəsində ehtiyatsızlıqdan idarəetməni itirmiş, həmin vaxt idarə etdiyi motosiklet yoldan çıxaraq yolun sol hissəsindəki dayanmış vəziyyətdə olan Masallı rayonu, Qızılağac kənd sakini X1 məxsus “Hyundai İX-35 minik” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapısına çırpılmış, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı araşdırma aparılmış, lakin əməldə cinayət tərkibi olmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilmiş, bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, 3-4 il əvvəl Lənkəran rayon sakinindən gündəlik işlərini yerinə yetirmək üçün 350 manat dəyərində bir ədəd 3 təkərli motosiklet almışdır. Həmin motosikletin dövlət qeydiyyat nişanı və qeydiyyat şəhadətnaməsi yoxdur. Həmçinin, onun sürücülük hüququnu təsdiq edən sənədi olmasına baxmayaraq, motosiklet idarə etmək hüququ yoxdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Masallı rayonu, Qızılağac kəndində yaşayan X3 ilə birlikdə Masallı rayonu, Viləş kəndindən yaşadığı Qızılağac kəndi istiqamətində hərəkət etmişdir. Masallı rayonu, Qızılağac kəndinin girişində yerləşən yanacaq doldurma məntəqəsinə keçdikdən sonra döngəli yolda havanın qaranlıq şəraitində qarşısına it çıxdığı üçün idarə etməni itirmiş və idarə etdiyi motosiklet asfalt yolun sol hissəsində dayanmış vəziyyətdə olan “Hyundai İX35" **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön arxa qapısına çırpılıb yerində dayanmış, maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Sonda Şəxs əməlindən peşman olmasını, qarşı tərəfə dəymiş ziyanın ödənilməsini, qarşı tərəfin ondan şikayətinin olmamasını nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən məhkəmə icasınının onun iştirak olmadan keçirilməsini xahiş etmiş, ona dəymiş ziyanın ödənilməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı şikayət və tələbinin olmadığını, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 27 fevral 2022-ci il tarixli, seriya, AP, ******* saylı protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi olduğu üçün barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Masallı RPŞ-nin DYPB-yə göndərilməsi qərara alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində azyaşlı övladlarının olmasını və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən tərəflər 10 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilərlər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar