Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-327/2025 10.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Masallı rayonu, Bədəlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Masallı Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş protokol və əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-406/2021 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 170 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X8 məhkəmə iclasında bildirdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-406/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olmuş, əvvəllər borclu işlədiyindən aliment tutulması onun əmək haqqına yönəldilmiş, lakin borcu işdən çıxdığına görə tutulmaların aparılması da dayandırılmışdır. Bundan sonra borcun tam şəkildə ödənilməsi ilə bağlı dəfələrlə Ceyhun Fəruzllayevə bildiriş göndərilməklə xəbərdarlıq edilmiş, lakin borclu icra sənədi üzürsüz səbəbdən icra etməmişdir. Barəsində protokol tərtib edilərək məhkəməyə verilmiş Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(050)-972/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat inzibati qaydada cərimə edilmişdir. Şəxs bütün bunlardan heç bir nəticə çıxarmayaraq icra sənədi üzrə arabir az məbləğlərdə ödənişlər etmişdir. Hazırda icra sənədi üzrə borclunun 4015 manat məbləğində ödənilməmiş aliment borcu qalmışdır. X2 isə dəfələrlə yuxarı instansiyalara müraciət edərək borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Borclu icra çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, bu gün tutularaq icra şöbəsinə gətirilməsi təmin edilmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-406/2021 saylı icra sənədindən məlumatlıdır. Əvvəllər işləməklə əmək haqqı aldığından icra sənədi üzrə alimetin tutulması onun aylıq əmək haqqına yönəldilmiş, hər ay tutulmalar aparılmışdır. Lakin, iş yerindən çıxdığına görə əmək haqqında tutulmalar da dayandırılmışdır. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Nəticədə icra sənədi üzrə 4015 manat ödənilməmiş aliment borcu yaranmışdır. Hazırda 4015 manat məbləğində aliment borcundan hər hansı məbləğdə ödəniş etmək iqtidarında deyildir. Maddi imkanı olduğu halda borcunu hissə-hissə ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, onunla telefon əlaqəsi saxlanılmaqla inzibati xəta haqqında işə münasibəti aydınlaşdırılmışdır. O, iştirakı olmadan işə baxılmasını, icra sənədi üzrə, borcunu tam şəkildə tələb etdiyini, ödənilmədiyi təqdirdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-406/2021 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(050)-972/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat inzibati qaydada cərimə edilməsinə baxmayaraq, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etməmişdir. Borclu işlədiyi müddətə tələbkara aliment borcundan müəyyən qismini əmək haqqında tutulmalara aparılmaqla ödənildiyini bildirsə də, lakin işdən çıxdıqdan sonra alimentin ödənilməsini dayandırmış, xəstəliyi və ya işləyə bilməməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, nə də tələbkar qeyd edilən faktı təsdiq etməmişdir. Bu isə borclunun öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati tənbehi yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hazırda yol verdiyi əməldən peşman olmamasını, məhkəmə iclasında qətnaməni icra etməyəcəyini inadla bildirməsini, əməlini yüngülləşdirən halların olmamasını əsas götürərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh növünün hədləri daxilində tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati həbs etmənin əvvəli 10 fevral 2025-ci il tarixdən saat 18:40-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis şöbəsinə tapşırılsın. Şəxs Masallı Rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №3(050)-327/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-327/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver