Məhkəmə qərarları › İş №3(050)-353/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-353/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-353/2025 11.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X7 Həsən qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 iştirakları ilə, xx xxxx 1986-ci ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ərkivan qəsəbəsi qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Masallı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan məlum olur ki, Masallı Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(050)- 815/2024 nömrəli icra sənədinə əsasən 23 yanvar 2024-cü il tarixdən başlayaraq Şəxs 18 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Lakin borclu Şəxs icra sənədi üzrə yaranmış borcunun ödənilməsini tam olaraq həyata keçirməmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X5 izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(050)-815/2024 nömrəli icra sənədinə əsasən Şəxs 18 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icra və probasiya şöbəsinin icraatına daxil olduqdan sonra borcluya icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, tərəfindən izahatı alınmışdır. Borclu icra sənədi üzrə ayrı-ayrı vaxtlarda 710 manat, 150 manat və 500 manat ödəmiş, əlavə olaraq bu gündə onun barəsində inzibati protokol tərtib edilib məhkəməyə gətirilən zaman 600 manat məbləğində aliment borcudan ödəniş etmişdir. Hazırda borclunun icra sənədi üzrə 860 manat ödənilməmiş aliment borcu qalmışdır. İcra sənədi üzrə tələbkar aliment borcunu tam tələb şəkildə tələb edir. Göstərilənləri nəzərə alaraq borclu barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Masallı Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(050)-815/2024 nömrəli icra sənədindən məlumatlıdır. O, məhkəmə qətnaməsinə hörmətlə yanaşır və hər ay aliment borcunu ödəməyə etiraz etmir. İcra sənədi üzrə aliment ödənişlərini imkanı olduqca ödəyir. Son olaraq bu gün barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirilən zaman aliment borcundan 600 manat ödəniş etmişdir. Qalan 840 manat aliment borcunuda mart ayının sanunadək ödəyib yekunlaşdıracağına söz verir. Hal-hazırda borcunu tam ödəyə bilmir. Borcunu tam ödəyə bilməməsinin səbəbi, icradan qərəzli olaraq yayınmaq deyil, maddi imkansızlığıdır. Xahiş edir ki, inzibati icraata xitam verilsin. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, istifadəsində olan mobil telefonla əlaqə saxlanılmaqla ona yaranmış borcdan 600 manat ödənildiyini bildirilməklə inzibati xəta haqqında işə baxılması barədə mövqeyi öyrənilərkən o, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, 600 manat pulun kart hesabına köçdüyünü, boclu Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu tam şəkildə ödəmədiyi təqdirdə barəsində həbs növündə inzibati tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Masallı rayon Məhkəməsinin 2(050)-815/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, 23 yanvar 2024-cü ildən başlayaraq Şəxs 18 mart 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq X3 müəyyən edilmişdir. - Masallı rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icraata başlamaq haqqında xx.xx.2024-ci il tarixli qərarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-815/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. - İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 11 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bağırov X2 rayon Məhkəməsinin 2(050)-815/2024 nömrəli, 03 iyul 2024-cü il tarixli icra vərəqəsinin icrasını tam təmin etmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu əvvəllər icra sənədi üzrə yaranmış borcdan müxtəlif vaxtlarda 710 manat, 500 manat və s. məbləğlərdə ödəniş etmiş, lakin maddi imkansızlıq səbəbindən ödənişləri tam şəkildə edə bilməmişdir. Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə gətirildikdən sonra da ödəniş etmiş, yəni icra sənədi üzrə ödənilməmiş 1460 manat borcdan 600 manat ödəmiş, qalıq 860 manat borcunu da mart ayının sonunadək ödəyərək, yekunlaşdıracağına söz verir. Bundan başqa borclunun adında hər hansı əmlak olmadığından tələbin bir dəfəlik olaraq ödənilməsini icra edə bilmir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Məhkəmə qeyd edir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi İXM-in 528.1-ci maddəsinə əsasən inzibati xəta kimi müəyyən edilmişdir. Maddənin dispozisiyasına əsasən icra sənədini üzrsüz səbəbdən icra etməmə inzibati məsuliyyəti yaradır. Göründüyü kimi məhkəmə araşdırması zamanı borclunun Masallı Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli, 2(050)-815/2024 nömrəli icra sənədinin icrasından qərəzli şəkildə yayınma halı müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Beləliklə, hazırkı iş üzrə həm inzibati xəta tərkibi olmadığından, həm şəxsin inzibati xəta törətməsi sübut olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Masallı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar