Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-361/2024 16.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Hakim köməkçisi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Qərardan şikayət verən şəxs Masallı Rayon bələdiyyəsinin sədri X4 və onun vəkili İslamov Nicat Qurbanəli oğlunun katibliyi ilə. Masallı rayonu Masallı bələdiyyəsinin sədri X4 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 yanvar 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayətçi X1 və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 yanvar 2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Qərardan verilmiş şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 inzibati tənbeh vermə haqqında 18 yanvar 2024-cü il tarixli, MN № ******* saylı qərarından məlum olmuşdur ki, Seybətin kənd yolu ərazisində məişət tullantılarının qalaqlanmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən Masallı bələdiyyəsinin sədri olaraq vəzifəli şəxs kimi 2000 manat məbləğində cərimə edilmişdir. Göstərilən qərarın qəbul edilməsi üçün əsas 11 aprel 2023ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. Lakin həmin vaxt hüquqları və vəzifələri izah edilməmiş, izahatının alınmasına şərait yaradılmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 100.1.7 və 100.2-ci maddələrinin tələbləri pozulmuşdur. Məişət tullantıları ilə bağlı birbaşa təqsiri olmadığı halda, qanunvericilik sadəcə ərazinin bələdiyyəyə aidiyyətinə görə onun üzərinə bununla bağlı məsuliyyət qoymamışdır. Qanunvericilik küçələrdə məişət tullantılarının yığılması və daşınması ilə bağlı vəzifəni kommunal-təsərrüfat qruntlarının üzərinə qoymuşdur. Həmin qruntun öz funksiyasını lazımınca yerinə yetirməməsinə görə bələdiyyə məsuliyyət daşıya bilməz. Qərardan şikayət verən şəxs X4 və onun vəkili İslamov Nicat Qurbanəli oğlu şikayəti eyni əsaslarla əsaslandırmış, göstərdiyi hallara əsasən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 yanvar 2024-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikasının İXM-nin 271-ci maddəsinə əsasən 2000 manat inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 271.-ci maddəsinin dispozisiyasına görə sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanunun 12ci maddəsində şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər göstərilmişdir. Həmin tələblərə əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir; Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. Qanunun 17-ci maddəsində qeyd olunmuşdur ki, tullantılarla bağlı fəaliyyətə ictimai nəzarətin məqsədi dövlət orqanları və bələdiyyələr, eləcə də hüquqi və fiziki şəxslər tərəfindən bu Qanunun tələblərinin yerinə yetirilməsini araşdırmaqdan ibarətdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən bələdiyyə orqanlarının vəzifəli şəxsi - yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kateqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən yerli ekoloji proqramlardan məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaxşılaşdırılması və abadlaşdırılması, məişət tullantılarının yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər. Məhkəmə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə işin hallarına əsasən qeyd edir ki, bələdiyyə sədri kimi X7 o halda inzibati məsuliyyətə cəlb oluna bilər ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi bilavasitə onun fəaliyyətinin nəticəsində olsun, onun göstərişi ilə icra edilmiş olsun. Bundan başqa sorğu əsasında 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqdim olunmuş materiallardan onun təqsirinin olması barədə heç bir mötəbər sübut yoxdur. İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inziati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: -135.1.1.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; -135.1.2.hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; -135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; -135.1.4.inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; -135.1.5.tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; -135.1.5-1.bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; -135.1.5-2.inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; -135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli şəxslərinin vəzifəli şəxs X7 barədə gədiyi nəticələr inzibatı tənbeh vermə haqqında qərarın faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir, bu Məcəllə ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənlərə əsasən və İXM-in 130, 133, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Şikayət təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Masallı rayonu Masallı bələdiyyəsinin sədri X6 Azərbaycan Respublikası İXMnin 271.-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında 18 yanvar 2024-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Masallı rayon məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №3(050)-361/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-361/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver