Məhkəmə qərarları › İş №3(050)-364/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №3(050)-364/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № 3(050)-364/2024 08.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Masallı RPŞ-nin DYPB-nin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Masallı RPŞ-nin DYPB-nin rəisi X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Masallı rayonu, Səmidxan kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə 19:00-da Masallı rayonu, Səmidxan kəndi ərazisində “Mercedes Benz 220” minik markalı ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş halara yol verməklə inzibati xəta törətdmişdir. Protokolu tərtib etmiş şəxsin nümayəndəsi Masallı RPŞ-nin DYPB-nin YPX-nin nümayəndəsi BDAM polis kapitanı X3 məhkəmə iclasında bildirdi ki, təhqiqatın qərarı əsasında inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Müəyyən edilmişdir ki, Şəxs yaşadığı evdə spirtli içki qəbul edərək idarə etdiyi avtomobil ilə sərxoş halda qohumunun yaşadığı evin həyətinə getmişdir. Orada aralarında mübahisə olmuşdur. Daha sonra Şəxs həyətdən çıxdığı zaman idarə etdiyi avtomobili arxaya verərəkən qohumunun həyətində olan avtomaşına vuraraq ona ziyan vurmuşdur. Beləliklədə Şəxs barəsində İXM-nin 333.3cü maddəsi ilə, yəni nəqliyyat vasitəsini alkoqoldan istifadə etməklə idarə edərək zərərçəkmiş şəxsə maddi ziyan vurulması ilə bağlı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs həmin gün spirtli içki içməsini və sərxoş olmasını özünün vermiş olduğu izahat, həmçinin onunla birlikdə yaşayan anasının və arvadının izahatları təsdiq edirlər. Lakin Şəxs sərxoş olmasını təsdiq edəcək xüsusi texniki vasitə və ya həkim müayinəsi aktı yoxdur. Belə ki, həmin gün Şəxs alkoqol sərxoşluqla bağlı alkotestr müayinəsindən və ya həkim müayinəsindən keçirilməmişdir. Bir neçə gün sonra dəvət olunaraq izahatı alınmışdır. Odur ki, verilmiş izahatlarla Şəxs həmin vaxt sərxoş olması müəyyən olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, ailəlidir, üç uşağı vardır. Uşaqlarından biri dəri xərçəngindən əziyyət çəkir. Həmin şəxs qardaşını şərləyərək tutdurduğu üçün onun yaşadığı evinin həyətinə getmişdir ki, həmin şəxs qardaşına köməklik etsin. Çünki qardaşının uşaqları hər gün ondan atalarının nə vaxt gələcəyi barədə soruşurlar. Oda bunlara dözməyib onların həyətinə getmişdir. Spirtli içkini isə yaşadığı evdə içmişdir. İnzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-62/2024 saylı qərarından görünür ki, inzibati xəta ilə bağlı təqdim edilmiş materiallar natamam olduğunda, işə baxılarkən tamamlamaq mümkün olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları alınmadığından, tərəflər arasında inzibati xəta hadisəsi nəticəsində dəymiş ziyanla bağlı münasibətlər aydınlaşdırılmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Masallı Rayon Polis şöbəsinə geri qaytarılmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 15-ci maddəsinə əsasən hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir. 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.4-cü maddəsinə əsasən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9-cu maddəsinə əsasən inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 103.2-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. 100.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 104.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə İnzibati xəta haqqında iş üzrə icraat dayandırılır. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxs tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş sənədlər natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 333.3-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında material araşdırılarkən məlum oldu ki, Şəxs bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Lakin Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərə baxış keçirildiyi zaman Şəxs sərxoşluğunu təsdiq edəcək xüsusi texniki vasitənin nəticəsi, yəni alkotestrın cavabı və ya həkim müayinə aktının olması aşkar olunmamışdır. Eləcədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatındanda göründüyü kimi şəxs sərxoşluqla bağlı alkotestr müayinəsindən və ya həkim müayinəsindən keçirilməmişdir. Onun sərxoş olması təhqiqat zamanı verilmiş izahatlarla müəyyən edilmişdir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeydinə əsasən 1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını göstərdiyi halda şəxsin alkoqoldan istifadə olunması nəticəsində sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində yaranmış sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunanları inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yəni, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbi baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 115-ci maddələrinə əsasən,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Masallı Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Masallı Rayon Polis şöbəsinə geri qaytarılsın.

Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar