Məhkəmə qərarları › İş №3(050)-367/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-367/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-367/2023 06.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-12 fevral 1983-cü ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sərnişin daşıma fəaliyyəti ilə məşqul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Qarabağ küçəsi bina 22, mənzil 31-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası DİN-nin Masallı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 02 mart 2023-cü il tarixdə saat 16:13 radələrində Masallı şəhəri, Füzuli küçəsində idarə etdiyi “Mercedes Mikroavtobus” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək, sərnişindaşıma fəaliyyəti ilə məşqul olmuşdur. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, ünvan 1 ünvanda yaşayır. Sərnişin daşıma fəaliyyəti ilə məşqul olur. Avtomaşınları idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Maddi vəziyyəti ilə əlaqədar olaraq, boş vaxtlarında tanışına məxsus “Mercedes Mikroavtobus” markalı **- RO-*** dövlət qeydiyyat nişanlı mikroavtobusla Masallı şəhərində sərnişin daşıma ilə məşqul olur. 02 mart 2023-cü il tarixdə saat 16:13 radələrində “Mercedes Mikroavtobus” markalı **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sərnişin daşıyarkən Masallı şəhəri, Füzuli küçəsində Masallı RPŞ-nin DYP-nin əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları onu Masallı RPŞ-nə aparmışlar. Masallı RPŞ-də sürücülük hüququ olmadan sərnişindaşıma fəaliyyəti ilə məşqul olmasına görə barəsində protokol tərtib etmişlər. Hazırda əməlindən səmimi peşimandır. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, inzibati xəta haqqında protokoldan, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan hallar qeyd olunmuşdur. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşiman olduğunu məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə tənbeh tədbiri görülməlidir. Azərbacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-43, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 06 mart 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar