Məhkəmə qərarları › İş №3(050)-37/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-37/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-37/2024 09.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Masallı rayonu, Güllütəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Güllütəpə kəndində qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1131/2022 saylı icra sənədinə əsasən 02 iyun 2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra sənədi üzrə üzərinə düşən öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. İcra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1131/2022 saylı icra sənədinə əsasən Şəxs hər ay iki uşağa görə cəmi 260 manat ödəməli olduğu halda, əksər aylarda 150 manat məbləğdə aliment ödəmiş, aylıq ödənişləri tam ödəmədiyindən icra sənədi üzrə qalıq borclara görə 1970 manat məbləğində aliment borcu yaranmışdır. Bu səbəbdən barəsində protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixli, 2(050)-1131/2022 saylı icra sənədindən məlumatlıdır. Lakin maddi imkanı olmadığından, həm də himayəsində İ dərəcəli əlil bacısı və xəstə anası olmaqla onlara da o, baxdığından aliment borcunu tam şəkildə ödəməmişdir. Qalan borclarını isə ödəmək üçün hazırda maddi imkanı yoxdur. İcra sənədi üzrə yaranmış 1970 manat aliment borcunu aylıq müəyyən edilmiş aliment borcu ilə bərabər hər ay hissə-hissə ödəyəcəkdir. Sonda Şəxs göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhəkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci il tarixli, 2(050)- 1131/2022 saylı icra sənədi yaranmış 1970 manat borcdan heç bir ödəniş etmədiyindən icra məmuru tərəfindən barəsində təqdimatla məhkəməyə müraciət edilmişdir. Borcun ödənilməsini tələb edir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən tam şəkildə yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1131/2022 saylı icra sənədinin icrasını tam şəkildə təmin etməmişdir. Bununla da, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmış, keçən bu müddət ərzində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs himayəsində 2 azyaçlı uşağının və İ dərəcəli əlil ailə üzvünün olması inzibati tənbehi yüngülləşdirən hallardır. İnzibati tənbehi ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar