Məhkəmə qərarları › İş №3(050)-389/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-389/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-389/2023 09.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Səmidxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Səmidxan kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 09 mart 2023-cü il tarixdə saat 00 radələrində Masallı rayonu, Alışanlı kəndi ərazisində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etmişdir. Bundan başqa, Şəxs 09 mart 2023-cü il tarixdə saat 00 radələrində Masallı rayonu, Alışanlı kəndi ərazisində onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Masallı rayonu, Alışanlı kənd sakini X3 bıçaqla hədələnməsi barədə xx.xx.2023-cü il tarixdə saat 23:35-də DİN-in “102” xidməti zəng mərkəzinə etdiyi müraciətlə bağlı, həmin tarixdə saat 00 radələrində əməliyyat istintaq qrupunun üzvləri Masallı RPŞ-nin İTB-nin polis sahə rəisi polis leytenantı Əli Axundzadə, NH-nin sürücü polis nəfəri, polis serjantı Bağır Hüseynli və Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Məmmədov hadisə yerində olan zaman adı sonradan məlum olan Masallı rayonu, Səmidxan kənd sakini Şəxs polis əməkdaşlarının həmin ünvana yaxınlaşdıqlarını görüb küçəyə çıxmış, polis əməkdaşlarının qarşısında uca səslə qışqırıb ünvansız söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları Şəxs sərxoş vəziyyətdə olduğunu güman edib etdiyi əməlin inzibati xəta olduğunu başa salmış və onu nizam-intizama dəvət edərək sakitləşdirməyə çalışmışlar. Lakin Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmiş, qanunsuz hərəkətlərinə davam etdiyindən RPŞ-yə gətirilmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 09 mart 2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdə yemək yeyərkən spirtli içki qəbul etmiş, bu səbəbdən ailəsində yaranmış mübahisə səbəbindən qaynatası Asif Babayev 102 xidmətinə müraciət etmişdir. Qaynatasının müraciəti əsasında xx.xx.2023-cü il tarixdə saat 00 radələrində polis əməkdaşları olduqları ünvana gəlmiş, polis əməkdaşlarının gəldiyini görüb əsəbiləşmiş, özündən asılı olmayan səbəblərdən ucadan ünvansız söyüşlər söymüşdür. Polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət etsələr də əsəbi olduğu üçün buna məhəl qoymamışdır. Etdiyi əmələ görə peşmançılıq hissi keçirir. Bir daha belə bir hərəkətlərə yol verməyəcəkdir. Sonda Şəxs qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X5 izahatına göstərdi ki, Masallı rayonu, Alışanlı kənd sakini X3 DİN-in “102” xidməti zəng mərkəzinə etdiyi müraciətlə bağlı həmin tarixdə saat 00 radələrində Masallı RPŞ-nin İTBnin polis sahə rəisi polis leytenantı Əli Axundzadə və NH-nin sürücü polis nəfəri, polis serjantı Bağır Hüseynli ilə birlikdə hadisə yerində olan zaman adı sonradan məlum olan Masallı rayonu, Səmidxan kənd sakini Şəxs polis əməkdaşlarının yaxınlaşdıqlarını görüb küçəyə çıxmış, sərxoş halda uca səslə qışqırıb ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu nizam-intizama dəvət etsələr də, lakin sonuncu onların qanuni tələblərinə qəsdən tabeçilik göstərməmiş, qanunsuz hərəkətlərinə davam etdiyindən onu RPŞ-yə gətirmişlər. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində Masallı Rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 tərəfindən 09 mart 2023-cü il tarixdə MN ******* nömrəli və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, protokolu tərtib etmiş şəxin və şahidin izahatları, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını inzibati xətaya görə məsuliyyəti yüngüləşdirilən hal kimi nəzərə alır. İnzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşdə olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 09 mart 2023-cü il tarixdə saat 00:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əzimov X2 Xətalar Məcəlləsinin 510 və 535.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 34, 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1.1-ci maddəsi ilə İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar