Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-393/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Masallı rayon Polis şöbəsinin Boradigah Polis bölməsinin sahə rəisi Nümayəndə, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə 06 avqust 1975-ci il tarixdə Masallı rayonu, Miyənkü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Miyankü kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 23 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokola və iş materiallarına əsasən Şəxs 02 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs üzün sağ və sol yarısına, sağ bazu və sol əlin arxa hissəsinə vuraraq dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından və onun əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi yarandığından Masallı rayon Polis şöbəsinin təhqiqatçısı Şahin Mehrabov tərəfindən 29 yanvar 2025-ci il tarixdə «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərar qəbul olunmuşdur. Həmin qərar əsasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Masallı rayon Polis şöbəsinin Boradigah Polis bölməsinin sahə rəisi Nümayəndə tərəfindən protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nümayəndə izahatında bildirdi ki, Zərərçəkmiş şəxs 02 yanvar 2025-ci il tarixdə Masallı rayon Polis şöbəsinin Boradigah Polis bölməsinə müraciət edərək keçmiş həyat yoldaşı Şəxs onu döydüyünü bildirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 157-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Onların 2 azyaşlı uşağı vardır. 01 yanvar 2025-ci il tarixdə, səhər saat 08 radələrində hazırlaşıb işə getməsi üçün evinə qayıtmışdır. Bu vaxt Qumru otaqdan çıxıb nə üçün evə qayıtdığını soruşaraq evdən çıxmasını tələb etmişdir. O isə evin özünə məxsus olduğunu, hansı səbəblə çıxmalı olduğunu dedikdə aralarında yaranan mübahisə zamanı Qumru tozsoranın borusu ilə onun baş nahiyəsinə vurmaq istəmişdir. Bu zaman o, borunun başına dəyməməsi üçün sol əlini qabağa vermiş və boru onun sol əlinin arxa hissəsinə dəymişdir. Qumru onun üzərinə hücum edərək onun boyun nahiyəsinə cırmaq atmışdır. O, da Qumrunun boyun nahiyəsindən sıxaraq geriyə itələmişdir. O, 2017-ci ildən vərəm xəstəsidir və mütəmadi olaraq müalicə alır. Hadisədən sonra barışmağı təklif etsə də, zərərçəkmiş şəxs razı olmamışdır. Məhkəmədən cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun keçmiş əridir. Onların 2 azyaşlı uşağı vardır. Bakıda yaşamağa imkanı olmadığı üçün 01 yanvar 2025-ci il tarixdə Masallı rayonu, Miyənkü kəndində olan evlərinə qayıtmışdır. O, evə qayıtdığı üçün Natiq həmin gecə qardaşının evində qalmışdır. 02 yanvar 2025-ci il tarixdə, saat 08 radələrində o, əl-üzünü yumaq üçün mətbəxə daxil olan zaman Natiqin mətbəxdə olduğunu görmüşdür. Natiq ona səslənərək başqası ilə evləndiyini, arvadını evə gətirəcəyini bildirərək uşaqları ila birlikdə evdən çıxmalarını tələb etmiş, o isə getməyə yerinin olmadığını bildirdiyi üçün aralarında mübahisə yaranmışdır. Bu zamanı Şəxs yumruqla onun sağ qoluna vurmuş və boğazından sıxaraq geriyə itələmişdir. O, yerə yıxılsa da, macal tapıb ayağa qalxmışdır. Natiq əlləri ilə onun üz nahiyəsini sıxmağa başlamışdır. Bu vaxt evdə olan anası onları ayırmışdır. Daha sonra o, DİN-in 102 xidmətinə məlumat vermişdir. Onu törətdiyi əmələ görə bağışlamır. Ona görə də, barəsində qanuna müvafiq cəzanın tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya Birliyi” Publik hüquqi şəxsin 03 yanvar 2025-ci il tarixli 03 nömrəli rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs üzün sağ və sol yarısının sıyrığları, sağ bazu və sol əlin arxa hissəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, əllə vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 02 yanvar 2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onların əməlində İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin tərkibi olduğu müəyyən edildiyindən qərarın surəti Masallı rayon Polis şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında göstərilən qaydada üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlini etiraf etməsini Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs İnzibati Xətalar Məcəlləsinin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, inzibati xəta törədən Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını və xəstəliyini nəzərə alaraq, İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiqini kifayət və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 77.3-cü maddəsində nəzərdə tutulan məsələni müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-393/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-393/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver