Məhkəmə qərarları › İş №3(050)-396/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-396/2025

27.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-396/2025 27.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Masallı rayonunda doğulmuş, Masallı şəhəri, Digah küçəsi, ev 27də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 30 yanvar 2025-ci il tarixdə 13:15 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, ara-sıra taksi fəaliyyəti ilə məşğul olur. 30 yanvar 2025-ci il tarixdə günorta vaxtı nahar edib yola çıxmış və yol kənarında avtomobilini saxlamışdır. Yol polisi əməkdaşı ona yaxınlaşaraq avtomobilin dayandığı yerdən götürməsini demiş, oda cavabında həmişə dayandığı yer olduğunu bildirmişdir. Polis əməkdaşı ona bir qədər sonra polis rəisi keçəcəyini avtomaşını götürməsini rəis keçdikdən sonra yenidən saxlaya biləcəyini demişdir. Oda avtomobilinə oturub avtomobili sürərək qarşı tərəfdə saxlamışdır. Bundan sonra yol polisi maşını onun yanında saxlamış və polis əməkdaşı onu yanına çağıraraq polis maşınına əyləşməsini təklif etmiş, oda maşına əyləşmişdir. Bundan sonra polisi əməkdaşı ona içkili olduğunu demiş, oda içki içmədiyini, dializ xəstəsi olduğunu bildirmişdir. Sonra polisi əməkdaşı dünən harada olduğunu, nə etdiyini, dünənki gün spirtli içki qəbul etdiyini buna dair onda onun fotoşəkillərinin olduğunu demişdir. O, spirtli içki içmədiyini, əgər dünən spirtli içki qəbul etmişdə artıq dünəndən bu günə çox vaxt keçdiyini, artıq günorta saat 2 olduğunu, həmin vaxt avtomobildə olmadığını bildirmişdir. Bundan sonra polisi əməkdaşı ona bildirmişdir ki, təhlükəsizlik kəməri taxmaması ilə əlaqədar barəsində inzibati protokol tərtib olunması üçün onu polis şöbəsinə dəvət etmiş və polis şöbəsinə getmişlər. Polisi əməkdaşı ona imza etməsini bildirmiş oda imza etmişdir, lakin oxuya bilmədiyi üçün elə zənn etmişdir ki, təhlükəsizlik kəməri ilə bağlı protokola imza edir. Daha sonra avtomobilini götürmək üçün getmiş və orada ona içkili olduğunu bildirmişlər və protokolunda bununla bağlı olduğunu demişlər. Heç iki saat olmazdı ki, polis şöbəsindən çıxaraq Lənkəran rayonunda yerləşən Narkoloji xəstəxanaya getmiş, orada müayinədən keçmiş və səxroş olmadığı müəyyən edilmişdir. Həmin vaxt sərxoş olmamışdır. Alkotestrin nə təhər olduğunu bilmir. Yazıb oxuya bilmir, yazılarıda o, yazmamışdır. Ona qarşı zor tətbiq olunmamışdır. Eləcədə ona qarşı yol polisinin heç bir qərəzçiliyi yoxdur, sadəcə bir neçə dəfə onu saxlamışdır. Odur ki, işə xitam verilməsini xahiş etdi. İşə əlavə olunmuş Masallı rayonu Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Şəxs 30 yanvar 2025-ci il tarixdə 13:15 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılmış, yoxlama zamanı sürücünün avtomaşını sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş xx.xx.2025-ci il tarixli alkotestrdən görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə edərkən spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. (Alkaqolun miqdarı 0.418 %) Məhkəmə iclasında Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında 30 yanvar 2025-ci il tarixli 000149 saylı aktda qeyd olunmuşdur ki, 30 yanvar 2025-ci il tarixdə, saat 16:10-da Şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi haqqında 30 yanvar 2025-ci il tarixli 000149 saylı aktı digər sübutlarla əlaqəli şəkildə tədqiq edərək Şəxs təqsirsiz olması baxımından sübut kimi qəbu etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsə də, onun təqsiri inzibati materiala əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs 30 yanvar 2025-ci il tarixdə, saat 16:10-da sərxoş vəziyyətində olmadığını bildirən aktın mövcudluğu, həmin şəxsin eyni tarixdə, saat 13:15-də birmənalı olaraq sərxoş vəziyyətdə olmadığını deməyə əsas vermir. Odur ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri iş üzrə tərtib olunmuş 30 yanvar 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, sərxoşluq vəziyyətini təyin edən xx.xx.2025-ci il tarixli qəbz, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəuyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130 və 156-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar