Məhkəmə qərarları › İş №3(050)-405/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-405/2024

09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-405/2024 09.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, Masallı Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu Təklə kəndində doğulmuş, Masallı rayonu Xoşçobanlı kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 2(058)-466/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 05 iyun 2012-ci il təvəllüdlü X2 və 07 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir. Şəxs heç bir üzürlü səbəb göstərmədən öz öhdəsinə düşən tələbin təmin olunması ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)-466/2021 saylı, 19 may 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 05 iyun 2012-ci il təvəllüdlü X2 və 07 oktyabr 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulması qət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tədbirlər həyata keçirilmişdir. Həmçinin borclunun yaşayış ünvanına bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Daha sonra eyni ünvana xəbərdarlıq məktubu da göndərilmişdir. Borclu icra vərəqəsinin icraata daxil olduğu zamandan bu günə kimi müəyyən ödənişlər etmiş olsada da, hazırda borclunun öhdəliyi üzrə 5378 manat ödənilməmiş borcu vardır. Qeyd edilənlərə əsas barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, müvafiq icra sənədi üzrə ondan iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin məhkəmə qətnaməsindən xəbəri olmamışdır. Çünki o, 2019-cu ildən Türkiyədə yaşayır və xx.xx.2024-cü ildə Azərbaycana qayıtmışdır. Türkiyədə olduğu müddətdə hər ay ailəsinə pul göndərmişdir aliment kimi deyil ailəsi kimi. Həmçinin 2022-ci ildə ailə-uşağı Türkiyədə onun yanında olmuşdur, daha sonra uşaqların dərsi ilə əlaqədar Azərbaycana qayıtmışlar. Dünən 300 manat göndərmişdir, hazırda da 500 manat ödəyir. Qalan borcunuda qısa müddət ərzində hissəhissə ödəyəcəkdir. Odur ki, məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə də inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulumuş inzibati qaydada cərimə edilməsini qanuna uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115 və 156-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar