Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-412/2025 17.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Paşayev Hafiz Xəyyam oğlunun iştirakları ilə 02 avqust 2000-ci il tarixdə Masallı rayonu, Kolatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Masallı rayonu, Kolatan kəndində qeydiyyatda olmaqla yaşayan Paşayev Hafiz Xəyyam oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Masallı rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında MN seriyalı ******* nömrəli 16 fevral 2025-ci il tarixli protokola əsasən Paşayev Hafiz Xəyyam oğlu 16 fevral 2025-ci il tarixdə, saat 15 radələrində Masallı rayon Polis şöbəsinin inzibati binasında uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur, yəni xırda xuliqanlıq etmişdir. Eyni zamanda inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 16 fevral 2025-ci il tarixli protokola əsasən Paşayev Hafiz Xəyyam oğlu 16 fevral 2025 il tarixdə, saat 15 radələrində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Masallı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi X2 izahatında bildirdi ki, Paşayev Hafiz Xəyyam oğlu 16 fevral 2025-ci il tarixdə Masallı rayon Polis şöbəsində Təhqiqat bölməsində aparılan araşdırmayla bağlı təhqiqatçı Şahin Mehrabov tərəfindən şöbəyə dəvət olunmuşdur. X16 Tok sosial şəbəkəsində istifadəçilərin foto şəkillərini və şəkillərin fonunda nəlayiq səsləri paylaşdığına görə aparılan araşdırma ilə bağlı etirazlar etmiş, saat 15 radələrində Polis şöbəsinin Təhqiqat bölməsinin xidməti otağında olduğu vaxt təhqiqatçının suallarına cavab olaraq yaxşı etdiyini bildirmiş və əsəbləşərək otaqda səs-küy yaratmış, otaqda olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı Təhqiqat bölməsinin təhqiqatçısı Şahin Mehrabov raportla məruzə etmiş, həmin raportun icrası ona həvalə edilmişdir. Buna görə də, Paşayev Hafiz Xəyyam oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib olunmuş və digər zəruri olan sənədləri toplayaraq 17 fevral 2025-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmədən Paşayev Hafiz Xəyyam oğlunun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Paşayev Hafiz Xəyyam oğlu özünü təqsirli bilərək izahatında bildirdi ki, söyüşlə bağlı olmayan paylaşımlarını paylaşdığını bildirir, xanımların foro şəkillərin paylaşdığını və həmçinin qardaşının da, bu cür şəkillərin paylaşdığını bildirmişdir. Bir xanıma məxsus foto şəkilləri paylaşmışdır. Masallı rayon Polis şöbəsinə dəvət olunmuş, araşdırma ilə bağlı əsəbləşmiş, nəlayiq ifadələrdən istifadə etmişdir. Şöbədə nizam-intizama dəvət olunsa da, hərəkətlərinə davam etmiş və öolisin qanuni tələblərinə tabe olmamışdır. Özünə məxsus 5 saxta sosial şəbəkənin profillərdən, tanımadığı təxmini 100 nəfər xanımların şəkillərini paylaşmış, xanımlar ona qarşı sosial şəbəkədə söyüşlər ünvanlamışlar deyə bu hərəkətlərini etmişdir. Xanımlarla sosial şəbəkədə tanış olmaq üçün onlara yazmış, pis niyyəti olmamışdır. Masallı rayon Polis şöbəsinə dəvət olunduğu üçün əsəbi olmuş, özündən asılı olmayaraq söyüş söyməyə başlamışdır. Məhkəmədən barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı polis leytenantı X5 izahatında bildirdi ki, Paşayev Hafiz Xəyyam oğlunu tanımır, yalnız çox saylı vətəndaşlar tərəfindən onun barəsində ünvanlamış şikayətlərin əsasında barəsində məlumatı olmuşdur. X6 Xəyyam oğlunun sosial şəbəkələrdə foto şəkillərin altında nəlayiq səslər paylaşdığı və tanış olma təklifləri barədə qeyd olunmuşdur. Araşdırma ilə bağlı onu telefon vasitəsi ilə şöbəyə dəvət etrmişdir. Hafiz Paşayev vaxtı olmadığı üçün növbəti gündə gələyəci barədə məlumat vermişdir. Hafiz Paşayevin barəsində digər şikayətə əsasən döymə ilə bağlı faktın araşdırılmasına dair materiallar,digər polis əməkdaşının icraatındır. 16 fevral 2025-ci il tarixdə, təxminən saat 15:00 radələrində Hafiz Paşayev gəlmiş, Gəncə şəhər sakinləri X11 və X7 tərəfindən verilmiş şikayətlərə əsasən xanımların şəkillərini və şəkillərin fonunda nəlayiq səslərini paylaşanın məhz Hafiz Paşayev olduğu müəyyən olunmuşdur. Hafiz Paşayev xidməti otaqda olduğu zaman düz hərəkət etdiyini və xanımların əxlaqsız olduğunu bildirmişdir. Sonradan polis əməkdaşlarını ittiham etməyə başlamış, uca səslə ünvansız nəlayiq ifadələrə söyüş söyməyə başlamışdır. Əməlini sonradan etiraf etmiş, peşman olmadığını demişdir. Orxan Balakişiyevlə onu nizam-intizama dəvət etmişlər, lakin öz hərəkətlərinə davam etmişdir. Bununla bağlı Hafiz Paşayeva məxsus mobil telefona baxış keçirilmiş, nəticədə telefonda 100 nəfər tanımadığı xanımlara məxsus foto şəkillər aşkar edilmişdir. Sosial şəbəkələrdən, canlı yayımlarından xanımların şəkillərini paylaşır, tanış olmağa dəvət edir, xanımlar tanış olmağa razı olmadıqları təqdirdə həmin səsyazıları ilə hədələyərək paylaşacağını onlara yazdığını bildirir. Hafiz Paşayeva məxsus 5 adlı saxta sosial şəbəkələrdə profillər müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin polis sahə rəisi polis kapitanı X8 şahid X3 izahatına uyğun, eyni məzmunlu izahat verərək Paşayev Hafiz Xəyyam oğlunun ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu və polisin qanuni tələbinə qəsdən tabe olmadığını təsdiq etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Paşayev Hafiz Xəyyam oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Paşayev Hafiz Xəyyam oğlu həmin maddələr ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Portaldan çıxarışdan görünür ki, Paşayev X9 Rayon Məhkəməsinin 01 fevral 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə 2 il 5 ay 24 gün müddətə, Masallı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə CM-nin 67.1 və 68.1.1.-1-ci maddələrinə əsasən 3 il müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. - AZA seriyalı 022142 nömrəli 16 fevral 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Paşayev Hafiz Xəyyam oğlu 16 fevral 2025-ci il tarixdə, saat 16:30-da inzibati qaydada tutulmuşdur. - AZA seriyalı 009354 nömrəli 16 fevral 2025-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında protokoldan görünür ki, Paşayev Hafiz Xəyyam oğlunun üzərində 16 fevral 2025-ci il tarixdə, saat 16:00-da şəxsi axtarış aparılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq ediləcək inzibati tənbeh ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Paşayev Hafiz Xəyyam oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini və inzibati xəta törədən Paşayev Hafiz Xəyyam oğlunun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyərək hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Paşayev Hafiz Xəyyam oğlunun eyni vaxtda öz hərəkətləri ilə törətdiyi İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan o, daha ciddi xəta hesab olunan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, Paşayev Hafiz Xəyyam oğlunun inzibati həbsinin başlanğıcı 16 fevral 2025-ci il tarixdən, saat 16:30-dan hesablanmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Paşayev Hafiz Xəyyam oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməkdə təqsirli bilinsin. Paşayev Hafiz Xəyyam oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta hesab olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 16 fevral 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Masalı rayon Polis şöbəsinə həvalə olunsun. Paşayev X10 rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №3(050)-412/2025
Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-412/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver