Məhkəmə qərarları › İş №3(050)-414/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-414/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-414/2025 17.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Masallı rayonu Təklə kəndində doğulmuş, Masallı rayonu Təklə kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 yanvar 2025-ci il tarixdə RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı Masallı rayonu Çaxırlı kəndi ərazisində saxlanılarkən üzərindən narkotik vasitə olan qrudulmuş marixuana aşkar edilmişdir. Şəxs bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, yaşadığı kənddə hərəkətdə olduğu zaman yol kənarında qızılı selofana bükülmüş şəkildə narkotik vasitə marixuana tapmışdır. Əvvəllər ara-sıra narkotik vasitə istifadə etdiyi üçün tapdığı narkotik vasitəni istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. Həmin günü Çaxırlı kəndi ərazisində olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Əməlindən peşmandır. Odur ki, məhkəmədən ona cərimə cəza verilməsini xahiş etdi. İş materiallarında olan Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, əməlində AR İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması məqsədi ilə qərarın surəti Masallı RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertıza X2 Bölməsinin 10 yanvar 2025-ci il tarixli, 19/07 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Şəxs üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0,232 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (marixuananın təmiz çəkisi 0,232 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,182 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X5 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 21 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticələndə yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Ekspertiza xərclərinə dair bildirişin surətindən görünür ki, keçirilmiş fiziki-kimyəvi eksperizasının dəyəri 60 (altımış) manat məbləğində olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsində göstərilir ki, fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti dövlət hesabına aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.4-cü maddəsində qeyd edilmişdir ki, şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 77.3-cü maddəsində qeyd edilmişdir ki, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir. Həmin Məcəllənin 94.11-ci maddəsində qeyd edilmişdir ki, götürülmüş narkotik vasitələr və psixotrop maddələr, həmçinin müvafiq standartlara, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə cavab verməyən etil spirti, alkoqollu və tərkibində spirt olan məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yenidən istehsala göndərilir və ya məhv edilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını əsas götürərək hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,182 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Şübhəli şəxsin tutulması haqqında 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:35 dəqiqədə tutulmuş; tutulmadan azad edilməsi barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:00-da tutulmadan azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsində qeyd edilmişdir ki, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halın müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs şübhəli şəxs kimi 09 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 360, 362-365, 425, 430-432, 451-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs şübhəli şəxs kimi 09 yanvar 2025-ci il tarixdən 10 yanvar 2025-ci il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət təyin edilmiş inzibati həbs cəzasına daxil edilməklə ondan çıxılsın və Şəxs üzərində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati qaydada həbs saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra olunsun. İnzibati qaydada həbs etmənin əvvəli 17 fevral 2025-ci il tarixdən saat 15:35-dən hesablansın. Qərarın icrası Masallı Rayon Polis Şöbəsinə tapşırılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış beş) manat məbləğində olan inzibati xəta haqqında iş üzrə məsrəf dövlət hesabına ödənilsin. Şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,182 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın maddi sübutun məhv edilməsinə dair hissədə icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar