Məhkəmə qərarları › İş №3(050)-428/2025

Masallı Rayon Məhkəməsi Qərar — İş №3(050)-428/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 3(050)-428/2025 17.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Lənkəran Regional Reklam İdarəsinin nümayəndəsi Əlizadə Şahverən Sabir oğlunun iştirakı ilə. “Kontur Reklam” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsi tərəfindən “Kontur Reklam” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 12 fevral 2025-ci il tarixli, MN 1255753 nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi “Kontur Reklam” MMC tərəfindən müvafiq icazə olmadan açıq məkanda qanunsuz reklamın yerləşdirilməsi göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi Əlizadə Şahverən Sabir oğlu izahatında göstərdi ki, 12 fevral 2025-ci il tarixdə Masallı rayonu, H.Əliyev prospekti və Ərkivan qəsəbəsində yerləşən reklam qurğularında qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə verilən yazılı göstərişlər vaxtında və tam yerinə yetirilməmişdir. Ona görədə hüquqi şəxs “Kontur Reklam” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. “Kontur Reklam” MMC hüquqi şəxsdir. Ona görə də onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Kontur Reklam” MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, şəxs məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə inzibati xəta törədən şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o, hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Açıq məkanda reklam yerləşdirilməsinə 14.10.2024-cü il tarixli İ24080290290243 saylı icazədən görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsi, Masallı-Yardımlı yolu küçəsi ünvanında “Kontur Reklam” MMC-yə 135 manat (ümümi), 45.00 (aylıq) ödəniləcək yayım haqqı və digər şərtlərlə açıq məkanda 01.10.2024-cü il tarixdən 01.01.2025-ci il tarixədək icazə verilmişdir. Açıq məkanda reklam yerləşdirilməsinə 14.10.2024-cü il tarixli İ24080290290246 saylı icazədən görünür ki, “Kontur Reklam” MMC-yə 270 manat (ümumi), 90.00 (aylıq) ödəniləcək yayım haqqı və digər şərtlərlə açıq məkanda 01.10.2024-cü il tarixdən 01.01.2025-ci il tarixədək icazə verilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, “Kontur Reklam” MMC 1300220441 VÖENi ilə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. 17.01.2025-ci il tarixli, 11-3-6/2-100/2025 və 11-3-6/2-101/2025 nömrəli “Açıq məkanda müvafiq reklam qurğusunun quraşdırılması ilə bağlı qanunvericiliyin tələblərinin pozululması hallarının aradan qaldırılması barədə” yazılı göstərişlərdən və kuryer xidmətləri üçün mədaxil qəbzindən görünür ki, Masallı rayonu, Ərkivan qəsəbəsi ünvanında açıq məkənda Lənkəran Regional Reklam İdarəsini məlumatlandırmaqla quraşdırılmış reklam qurğularının aşkar edilmiş Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 ömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğuların quraşdırılması və sökülməsi qaydasının 2.1-ci bəndinin tələblərin pozulması hallarını 5 gün ərzində aradan qaldırılması və nəticəsi barədə Lənkəran Regional Reklam İdarəsinə məlumat verilməsi tələb olunmuş, eləcə də “Kontur Reklam” MMC-yə müvafiq pozuntuların aradan qaldırılmadığı müəyyənləşdirilmiş akt tərtib olunmaqla reklam qurğusunun sökülməsi barədə qərar qəbul edilməklə yanaşı, inzibati protokol tərtib edilməklə aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi xəbərdarlıq edilmiş və yazılı göstərişlər “Kontur Reklam” MMC-yə 22.01.2025-ci il tarixdə çatdırılmışdır. 12.02.2025-ci açıq məkanda reklam qurğusunun quraşdırılması ilə bağlı aşkarlanmış pozuntunun aradan qaldırılması tələbi barədə təqdim olunmuş müvafiq yazılı göstərişin tələblərinin icra olunmamasının müəyyənləşdirilməsinə dair 01 saylı aktdan görünür ki, 17 yanvar 2025-ci il tarixdə açıq məkanda qanunvericiliyin tələbləri pozulmaqla quraşdırılmış reklam qurğusunun təsvir olunması barədə akt üzrə verilmiş 11-3-6/2-100/2025 və 11-3- 6/2-101/2025 nömrəli saylı yazılı göstərişlər icra olunmamışdır və həmin qurğuların texniki tələbləri pozulmaqda davam edir. Həmin akt 2 nüsxədə tərtib edilməklə bir nüsxə “Kontur Reklam” MMC-yə poçt vasitəsilə təqdim edilmişdir. İnzibati xəta haqqında işə əlavə edilmiş fotoşəkildən görünür ki, açıq məkanda “Yerlim tarifi Zənglər 1 qəpik” və ”Masallı Tarifi zənglər 1 qəpik” sözləri yazılmış reklam yerləşdirilmişdir. Protokolun tərtib edilməsində inzibati xəta haqqında icraatın aparılan şəxsin iştirak etməməsi barədə 12.02.2025-ci il tarixli aktdan görünür ki, Masallı rayonu, H.Əliyev pr-ti və Ərkivan qəsəbəsi ünvanında açıq məkanda yerləşdirilən reklam qurğularının quraşdırılması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə verilmiş yazılı göstərişlərin icra edilməməsi ilə ələqədar olaraq “Kontur Reklam” MMC barəsində inzibati protokol tərtib edilərkən nümayəndə poçt vasitəsilə əvəllcədən məlumatlandırılmasına baxmayaraq gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikası İXM-nin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 75.0.6-cı maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törətdən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır.Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqında protokolla, Bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 115.1 və 115.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin qanunun 26.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Eyni zamanda qeyd edilən qanunun 26.2-ci maddəsində göstərilmişdir ki, açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi Lənkəran Regional Reklam İdarəsinin səlahiyyətli şəxslərinin gəldiyi nəticələr hazırkı işin faktiki hallarına uyğundur, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Masallı rayonu, H.Əliyev prospekti və Ərkivan qəsəbəsində açıq məkanda qanunsuz olaraq “Kontur Reklam” MMC tərəfindən reklam yerləşdirməklə bağlı qeyd edilən normaların tələbləri pozulmuş, icazəsiz quraşdırdığı reklam örtüklərini aradan qaldırması üçün Reklam İdarəsi tərəfindən yazılı göstərişlər verilsə də, yazılı göstərişlərinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. “Kontur Reklam” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, “Kontur Reklam” MMC-yə qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, yeni inzibati xətanın törədilməsinin qarşısının alınması məqsədi ilə, habelə törədilmiş inzibati xətanın xarakterini, törədilmə hallarını və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona inzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə inzibati cərimə tənbeh tədbirinin tətbiq olunması qanuni və ədalətlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-116 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Kontur Reklam” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və vəzifəli şəxs kimi barəsində 5000 (beş min) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın İcrası Bakı Şəhər Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Masallı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar